Ziyadxan İsmayılxan

Bioqrafiya: 
Ziyadxan İsmayılxan Əbülfətxan oğlu (1867- 1920) - görkəmli hüquqşünas, siyasətçi, diplomat və dövlət xadimi. Gəncədə dünyaya gəlmişdir. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsi, Adil xan Ziyadxanın böyük qardaşıdır. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Moskva Universitetinin hüquq fakültəsini bitirib, Tiflis dairə məhkəməsində prokuror müavini işləyib.1905-də «Difai» təşkilatını yaradanlardan biridir. Kadet partiyasının üzvüydü. Rusiya I Dövlət Dumasına Gəncə quberniyasından deputat seçilib (1906), Dumanın müsəlman fraksiyasının bürosuna daxil olub.
II Nikolay Dumanı buraxan gün deputatlar Peterburqdan Finlandiyanın Vıborq şəhərinə gedərək fövqəladə yığıncaq keçirib və millətə bu məzmunlu müracifət qəbul ediblər:«Millət! Milli Şura Məclisinin (Dövlət Dumasının - Ə.T.) açılışına qədər, Milli Şuraya və nazirlərə tam səlahiyyət verilməyincə nə qoşuna bir əsgər, nə də imperatorluq xəzinəsinə bir dinar vergi verməyin!». Bu müraciəti imzalamış bütün deputatların, o sıradan İsmayıl xanın siyasi hüquqları əlindən alınaraq həbs edildi. Həbsdən qurtarandan sonra Gəncəyə qayıdıb.1917 - Gəncə şəhər milisinin rəisi işləyib. Daşnaklarla vuruşan hərbi dəstələrə başçılıq edib (mart 1918).Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumətdə hərbi işlər üzrə müvəkkil vəzifəsində çalışıb (06.10-07.12.1918).Şah hökumətiylə danışıqlar aparmaqçün Azərbaycan hökumətinin 1 fevral 1919 tarixli sərəncamıyla İ.X.Z.-un sədrliyi altında (şahzadə, general-mayor Əmənulla Mirzə də daxil olmaqla) Tehrana 1919-un Novruz bayramında Fövqəladə Diplomatik Missiya (FDM) göndərilib.Missiya müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasını şah hökumətinə bəyan edib və iki qonşu dövlət arasında dostluq münasibətləri yaratmaq məqsədiylə aşağıdakı məsələlərlə bağlı danışıqlar aparıb:1) qarşılıqlı diplomatik nümayəndəliklərin açılması (ilk növbədə: İranın - Bakı və Gəncədə, Azərbaycanın - Tehran, Rəşt, Təbriz və Məşhəddə);2) ticarət, poçt-teleqraf, gömrük, su, dəmiryolu və şose rabitəsi üzrə konvensiyalar bağlamaqdan ötrü zəruri olan ümumi müddəaları işləyib hazırlamaq (bu konvensiyaların çoxu 20 mart 1920-də qəbul edilib);3) sərhəd xətlərinin gerçəkdən qorunması üçün qarşılıqlı ölçülər götürmək . Qarşısına qoyulan vəzifəni uğurla yerinə yetirməkçün FDM gərgin işləyib və hökuməti razı salıb.İsmayıl xan Ziyadxan 1920-nin mayında Gəncədə antisovet qiyamı zamanı qəhrəmancasına həlak olub.
Təhsil: 
Moskva Universitetinin hüquq fakültəsi
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.