Azərbaycan vəkilliyinə ağır itki üz vermişdir

Ramil Gachay's picture

Respublikamızın görkəmli vəkillərindən biri, Azərbaycan vəkilliyinin nüfuzunun formalaşdırılmasında əvəzsiz əməyi olmuş, vəkilliyimizin ləyaqətli üzvlərindən Elton Quliyev haqq dünyasına qovuşmuşdur. Respublikamızın müstəqillik qazandığı ilk illərdən etibarən vəkillik fəaliyyətinə başlayan Elton Quliyevin ölkəmizdə vətəndaşlarımızın hüquqlarının bərpası, onların müdafiəsi işinə töhfəsi böyük olmaqla neçə-neçə gənc hüquqşünasın bu peşəyə sövq edilməsində istisnasız rolu olmuşdur. Bu mənada onun vəfatı nəinki vəkilliyimiz, həmçinin Azərbaycan hüquq ictimaiyyəti üçün böyük itki hesab olunur. Mərhumun ailəsinə, onun yaxınlarına və ümumən Azərbaycan vəkilliyinə başın sağ olsun deyirik.

  Allah rəhmət eləsin!

 

  Oxucularımıza mərhum vəkil Elton Quliyevin "Azərbaycan vəkili" jurnalının 1-ci sayına verdiyi müsahibəsini təqdim edirik.

  - Hörmətli Elton müəllim, ilk öncə bu müsahibəyə razılıq verdiyiniz üçün Sizə öz təşəkkürümüzü bildirir və etiraz etmirsinizsə, birbaşa mətləbə keçərdik.

  Sualımız bir balaca ümumi və konkretlikdən xali ola bilər, lakin biz hüquqşünaslar üçün sirr deyildir ki, vəkillər şərti olaraq əsasən iki istiqamət - mülki və cinayət sahələri üzrə ixtisaslaşırlar. Sizcə, cinayət sahəsi üzrə ixtisaslaşan vəkillər qrupu digərlərindən fərqli olaraq hansı fərdi və peşə keyfiyyətlərinə malik olmalıdırlar?

  - İlk əvvəl demək istəyirəm ki, bu gün ümumən vəkilliyə tələbat və vəkillərin özlərinə qarşı tələbkarlığı elə səviyyədə deyil ki, onların hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmaları haqda danışasan. Çox nadir hallarda yalnız mülki, ya təsərrüfat və yaxud cinayət hüququ sahələri üzrə ixtisaslaşan vəkillərə rast gələrsiniz. Halbuki, idealda ixtisaslaşma nəinki hüququn ayrı-ayrı sahələri üzrə, hətta bir hüquq sahəsinin ayrı-ayrı instituları üzrə olmalıdır. Bizdə isə “mən bu sahəni bilmirəm” – deyən vəkilləri barmaqla saymaq olar. Belə məsuliyyətsizlik hüquqi yardım adı altında müvəkkilə əlavə problemlər yaratmaqla nəticələnir. Ona görə də sualınızı bu nöqteyi-nəzərdən aktual hesab etmək olar. Mənə elə gəlir ki, bütün peşə sahibləri, o cümlədən vəkillər də ilk növbədə vicdanlı və etibarlı olmalıdırlar. Vəkil heç bir halda öz müvəkilinin mənafeyi və maraqları əleyhinə getməməlidir. Bundan başqa vəkil ziyalı və bugünkü həyatımızın imkan verdiyindən də artıq kübar olmalıdır. Peşə keyfiyyətlərinə gəldikdə isə, vəkil hüquqi biliklərə dərindən yiyələnməli, geniş dünyagörüşünə malik olmalıdır. Cinayət işləri üzrə hüquqi yardım göstərən vəkillər isə əlavə olaraq cinayət təqibi prosesinin bütün mərhələlərini, araşdırılan hadisənin kriminoloji aspektlərini özü də elə dərəcədə mükəmməl bilməlidir ki, ona rəqiblik edən ittiham tərəfinin səhvlərini aşkar edə bilsin. Cinayət işi üzrə müxtəlif növ ekspertizalar keçirilir. Ekspertizaların aid olduğu elm sahələrindən bixəbər olan vəkil heç cür ekspertlərin rəylərini təftiş edə bilməz. Təcrübədə tez-tez rast gəlinən haldır ki, ittiham tərəfi təkzibolunmaz və mötəbər sübut əldə edə bilməyəndə, öz mülahizələrini keyfiyyətsiz ekspertiza rəyləri ilə təsdiq etməyə çalışırlar. Təəssüf ki, məhkəmələr də ekspert rəylərini az qala maddi sübut kimi qəbul edirlər. Məsələn, bu yaxınlarda müdafiəçi kimi iştirak etdiyim istintaq zamanı bizi bir ekspertiza rəyi ilə tanış etdilər. Keçən ilin sentyabr ayında xəsarət almış və artıq bir dəfə tibb ekspert tərəfindən müayinə olunan bir şəxsdə hadisədən 5 ay sonra ağır beyin travması aşkar edilib. Bu rəyi yazan şəxs bilməmiş deyil ki, beyin travması nevroloji əlamətlərini travmadan dərhal sonra biruzə verir. Xəsarət alan şəxs 5 ay ərzində 10 dəfələrlə həkimə müraciət edib, amma bir dəfə də bu əlamətlər barədə şikayət etməyib. Biz təbii ki, rəyin yanlış olduğuna əmin idik. Ona görə də istintaq orqanından zərər çəkmiş şəxsin başının bizim iştirakımızla yeni kompüter tomoqrafiyasından keçirilməsini tələb etdik. Vəsatətimiz təmin olundu və təkrar müayinə zamanı təsdiq olundu ki, şəxsin beynində heç bir dəyişiklik yoxdur və olmayıb. Yaxud başqa bir rəylə müvəkkilimdə aşkar edilən bıçaqla qətl hadisəsinin törədildiyi barədə ekspert rəyi alınıb. Rəydə yazılır ki, meyidin üzərindəki bıçaq yarasının əsas kəsiyinin, yəni bıçaq bədənə girərkən yaranan kəsiyin uzunluğu 2 sm, bıçağın tiyəsinin ən enli yeri isə 2,6 sm-dir. Bu o deməkdir ki, yara həmin bıçaqdan əmələ gəlməyib. Çünki bıçaq bədənə bütünlüklə nüfuz edibsə, əsas kəsiyin uzunluğu ilə bıçağın tiyəsinin ən enli hissəsi eyni rəqəm olmalırdır. Bu cür yanlışlıqlara digər növ ekspert tədqiqtları zamanı da yol verilir. Vəkil mühasibat, vergi, gömrük, təbabət, mühəndislik və sair sahələrə dair zəruri biliklərə malik deyilsə, təbii ki, onun bu məlumatsızlığı mütləq göstərdiyi xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək. Bu dediklərimdən irəli gələn və mövcudluğu diktə olunan isə cinayət işinin materiallarını mükəmməl öyrənmək, hər sənədə, sənədin hər cümləsinə, cümlənin sözünə diqqət yetirmək, sənədləri bir-birilə tarixinə, mətninə və digər əlamətlərinə görə tutuşdurmaq və sairə, sairə halları tədqiq etmək, məhkəmə prosesində isə ümumiyyətlə gözünü belə qırpmamaq keyfiyyətlərini özündə aşılamaqdır.

  - Elton müəllim, əslində müdafiəçi – vəkil cinayət prosesinin digər iştirakçılarından fərqli olaraq cinayət mühakimə icraatının bütün mərhələlərində bilavasitə iştirak edir. Belə desək, vəkilin iş yükü müqayisədə cinayət prosesinin digər iştirakçılarınkından fərqli olaraq daha çoxdur. Sizcə, vəkil prosesin bütün mərhələlərində eyni, yekcins strategiyaya sadiq qalmalıdır, yoxsa ibtidai araşdırma mərhələsində bir cür, məhkəmə prosesində isə başqa strategiyaya üstünlük verməlidir? Yəni, bir iş üzrə işin mərhələlərindən asılı olaraq müxtəlif strategiyaya üstünlük verilməsi işin səmərəli həllinə necə təsir edə bilər?

  - Bu sualınıza qismən cavab verdim. Müdafiə strategiyası nadir hallarda dəyişə bilir. Bu çox vaxt müvəkkilin vəkili ilə səmimi olmadığı hallarda, yaxud vəkilin “bəlkə baş tutdu” prinsipi ilə uğursuzluğa düçar olduğu hallarda baş verir. Amma müdafiə taktikası tez-tez dəyişə bilir və bu çox normaldır. Taktikanın dəyişməsini müstəntiqin, prokurorun, prosesin digər iştirkçılarının xarakteri və iddiaları tələb edir. Məsələn, istintaqın qərəzli olduğu bütün hallarda mən çox vaxt müvəkkilimə istintaqın ilk dövründə ifadə verməməyi, özünün təqsirsizliyini təsdiq edən sübutları açıqlamamasını, lehinə ifadə verə biləcək şəxsləri göstərməməyi məsləhət görürəm. Bu mənada məhkəmənin və ya istintaqın qərəzli aparılması ehtimalı  müdafənin uğuru üçün ciddi təhlükə yaradır. Təcrübədə öz ifadələri ilə məsuliyyəti istisna edən, yaxud şübhə altına alan şahidlərin təzyiq altında ifadələrindən imtina etmələrinə və ya ifadələrini dəyişməyə məcbur edildiklərinin şahidi olmuşuq. Məsələn, bir dəfə cinayət işinin materialları ilə tanış olarkən istintaq dövründə cinayət məsuliyyətini istisna edən bir qərar aşkar etdik. Tam əmin idik ki, bu qərar sadəcə diqqətdən yayındığından ləğv edilməyib. Qərar öz-özlüyündə obyektiv və ədalətli idi, qnunun tələblərinə tam cavab verirdi. Lakin müvəkkiləimizə qarşı qərəzlilik olduğundan onlar məhkəməyə verilmişdi. Məhkəmə araşdırması zamanı bu qərar ortaya çıxsaydı, onun dəyişdirilməsinin, yaxud ləğv edilməsi haqqında qərarın əlavə edilməsinin qarşısını bəlkə də ala bilməzdik. O səbəbdən də çox həyəcan keçirərək, prosesin axırın gözləyib sonda, artıq dəyişdirilməsi mümkün olmayan mərhələdə bu qərar barədə məlumat verdik və bəraət hökmünə nail olduq. Belə hallar olur, lakin müdafiə taktikası istənilən halda müdafiənin və başlıcası müvəkkilin maraqları ilə uzlaşdırılaraq dəyişdirilməlidir.  

  - Cinayət prosessual qanunvericiliyimizdə məhkəmə prosesinin aparılma qaydası, orada vəkilin – müdafiə tərəfinin etməli olduğu prosessual hərəkətlər dəqiq göstərilmişdir. Lakin xalqımızın özünəməxsus mentaliteti və davranış minimumları mövcuddur ki, bu da özünü məhkəmə proseslərində büruzə verir. Sualımız belədir: məhkəmə prosesində Azərbaycanda vəkillərin adətən ittiham tərəfinə, habelə hakimə münasibətdə hansı davranış taktikasını seçmələri faydalı olardı?

  - Mən qabaqlar istintaqçı olmuşam. Dostluq münasibətində olduğum və ərk etdiyim insanların çoxu polisdə, prokurorluqda və digər hüquq mühafizə orqanlarında işləyirlər. Onlarla münasibətim hazırda da çox yaxşıdır. Yadımdadı tələbəlikdən tanıdığım və bir insan kimi hörmət etdiyim bir prokurorla məhkəmə prosesində qarşı tərəflər kimi iştirak edirdik. Mən haqlı tərəf idim. Suallar sərt idi və cavablar yalnız hüquq müstəvisində haqlı ola bilərdi. Bir sözlə qarşıdurma ciddi idi. Fasilədə qoluma girib dedi ki, axı biz dostuq nə yapışmısan bu işdən və s. Ona gülə-gülə məhkəmənin darvazasını göstərdim dedim ki, biz səninlə darvazanın o tərəfində dostuq… sonrakı ifadələr müsahibəlik deyil… Amma onu da deyim ki, tanıdığım müstəntiqlərlə, prokurorlarla, ya hakimlərlə mehriban münasibətləri görən müvəkkillərdən bəzilərində başqa fikirlər yaranır. Bu hallarda həmin müvəkkildən, onun şübhələrini sovuşdurmadan, ayrılmağı üstün tuturam. Qaldı proses iştirakçlarına münasibət taktikası, bunu, məncə qanun özü saf-çürük edir. Hesab edirəm ki, bir-birinə hörmətlə yanaşan şəxslərin bir-birindən inciməməsi, cızıqdan çıxmaması üçün sadəcə qanunun tələblərinə riayət etmək kifayətdir.

  - Tez-tez məişətimizdə qəlibləşmiş belə ifadələr eşidirik: "ədalətli hakim", "ədalətli prokuror" və s. Amma nə əcəbdirsə, qulağımıza "ədalətli vəkil" ifadəsi bir az yad səslənir. Sizə görə, "ədalətli vəkil"i nə dərəcədə uğurlu ifadə hesab etmək olar?

  - Hamı ədalətli olmalıdır. Ən azı ədalətli olmağa çalışmalıdır. Sırf peşə və bu peşədən irəli gələn münasibətləri tənzimləyən qanunlar baxımından prokuror da, müstəntiq də, hakim də, şahid, zərər çəkən, ekspert və digər proses iştirakçıları da səmimi və ədalətli olmalıdırlar. Vəkil isə hər bir halda qərəzlidir, müvəkkilinin kim olmasından və hansı əməli törətməsindən asılı olmayaraq ona yardım etməlidir. Yəni "ədalətli hakim", "ədalətli prokuror", "ədalətli müstəntiq" hüquqi anlayışlardır, çünki ədalətlilik müstəntiqin də, prokurorun da, hakimin də hüquqi öhdəlikləridir. Qanun onların hər birinə şəxsin təqsirsizliyi sübut olunduğu təqdirdə müvafiq olaraq cinayət təqibinə xitam vermək, ittihamdan imtina etmək, bəraət hökmü çıxarmaq hüququ verir. Vəkil isə istəsə də müdafiədən imtina edə bilmir – buna qanun icazə vermir.

  - Əvvəlki sualımızın davamı olaraq, Fyodr Dostoyevski vəkili "icarəyə götürülmüş vicdan" adlandırırdı. Bəs Siz bu fikirlə razı deyilsiniz?

  - Deyəcəklərimi cavabdan yayınmaq kimi dəyərləndirməyin. Məsələ burasındadır ki, bu vəkillərə münasibət çox parodoksaldır. Bir tərəfdən demək olar ki, onlara hamının ehtiyacı var. Onlara hörmət edirlər. Digər tərəfdən onları bəyənmirlər. Vəkillərə aid o qədər xoşagəlməz lətifələr qoşulur ki. Birini deyim gərək. Vəkil ölür və cənnətə düşür. Mələklər gəzdirə gəzdirə onu peyğəmbərlərin, imamların, papaların yaşadıqları evlərin yanından aparıb gözəlliyinə görə o evlərdən fərqlənən bir evə gətirilər. Vəkil utanır ki, bu ev Papanın evindən qəşəngdir axı. Cavab verirlər ki, burda Papa çoxdur, lakin birinci vəkil sənsən. İndi bu vəkillərə təriflər çox verilib. Ən kəskinin isə Lenin deyib. Mən də vəkillik fəaliyyətinə başlayanda onun sözlərini böyük hərflərlə yazıb İsaxan Aşurovla əyləşdiyimiz kabinetimizin divarından asdım. İsaxana dedim ki, bundan kəskinini deməyəcəlklər ki, qoy oxusunlar ki, sonra deyinməsinlə. Vəkil ona müraciət edən şəxsin güman və inam yeridir. Onun ümidlərini doğrultmaq əzmində olan vəkil onun həyatını yaşamağa başlayır. Bütün bacarığını və biliklərini səfərbər edir. Yəni qoy sizin sitatınız kimi, vicdanını, savadını və peşəkarlığını icarəyə verir. Amma onu da deyim ki, icarə həmişə əvəzliliyi nəzərdə tutur. Biz isə çox vaxt əvəzsiz də xidmət göstəririk.   

  - Yadımdadır ki, professor Firudin Səməndərov bir dəfə mühazirələrinin birində demişdir ki, "Elton Quliyev yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin açılmasının Allahıdır." Yəqin ki, bu sözlər Sizin daxili işlər orqanlarında işlədiyiniz dövrə aiddir. O vaxtkı təcrübəniz bu gün vəkillik fəaliyyətinizdə sizin əlinizidən çoxmu tutur?

  - Firudin müəllimə bu qiymətinə görə çox minnətdaram. Mənim hüquqşünas kimi formalaşmağımda onun da digər müəllimlərimizin də əziyyətini unutmaram. İstintaqda xeyli müddət çalışmışam və istintaqın incəliklərini bilən bütün vəkillərimiz kimi cinayət işləri üzrə vəkillikdə bu təcrübə təbii ki, mənə də çox kömək edir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, nə prokurorlar, nə də müstəntiqlər məni aldada bilmirlər. 

  - Sonda gənc hüquqşünaslarımıza – vəkil olmaq arzusu ilə yaşayan gənclərimizə tövsiyələrinizi eşitmək istərdik.

  - Düzü bilmirəm, mənim tövsiyələr verməyə haqqım çatırmı. Son illərdə Vəkillər Kollegiyasına xeyli hazırlıqlı, müasir düşüncəli gənclər üzv olublar. Onların bəziləri ilə təmasda oluram və gələcəkdə nailiyyətlər əldə edəcəklərinə əminəm, əlbəttə özləri istəsələr. Onu deyə bilərəm ki, vəkillikdən öncə dəyərli insan olmaq lazımdır. Bu, vəkillik kimi çox şərəfli peşəyə sahib olmağın ilkin şərtidir. Vəkillik elə bir fəaliyyətdir ki, səndən daim mütaliə etməyi, məlumat almağı, insanlarla ünsiyyətdə olarkən onların rəğbətini qazanmağa səy göstərməyi tələb edir. Vəkilliyin məsuliyyətini dərk etmək və şəxsi ləyaqət hissinə malik olmaq kifayətdir ki, bu səylər arzuolunan nəticələr versin. Bir də, vəkillik xidmət sferasına aid olan peşədir. İnsanlar da peşəkar həkim, dəllək, çilingər axtardıqları kimi, peşəkar vəkilə müraciət etmək istəyirlər. Ona görə də populyar olmaq üçün çalışmaq və tər tökmək tələb olunur.

  Azərbaycan Vəkili (c)

http://lawreform.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.