Xalid Ağaliyev
İnternetin ortaya çıxması ilə müasir insan həyatında da inanılmaz dəyişikliklər ortaya çıxır. Bu sahədəki dəyişikliklər nəticəsində əvvəllər heç kimin xəyalını qura bilməyəcəyi fürsət və imkanlarla yanaşı təhdidlər, təhlükələr, yeni risklər də ortaya çıxıb. İnternetin istifadə olunduğu yeni bir həyat tərzi yeni qaydalar, tənzimləmələr, etik dəyərlər və buna bağlı davranışların formalaşdırılmasını zəruri edən ilkin amillərdəndir.
İnternetin düzənlənməsini dəstəkləyən, hüquq çətiri altında saxlanılmasının və bəlli çərçivəyə salınmasının vacibliyini vurğulayanların arqumentləri güclüdür. Əsas arqument İnternetdən əxlaqdan kənar məqsədlər üçün istifadə edilməsinin qarşısının alınmasıdır. Doğrudan da İnternetin meydana gəlməsi, inkişaf etməsi ilə bərabər ciddi etik problemləri yaratdığı da bir gerçəkdir. Xəbərçiliyin əsas vəzifələrindən olan xəbər vermə, bilgiləndirmə, ictimai rəyi sərbəstcə formalaşdırma kimi faydalarla yanaşı, zərərlər də göz önündədir.
İnternet ilk meydana çıxdığında bu sahədə xaos müşahidə olunub ki, bu durum İnternetdə düzənləmə həyata keçirilməsini zərurətə çevirib. Belə bir gerçəkliyi hamı qəbul edib ki, İnternet toplumlara üstünlüklər qazandırdığı qədər də neqativ sui-istifadələrə yol açmaqdadır. Bu səbəbədən, nə qədər sərhədsiz və süzgəcsiz görünsə də hər bir KİV-də olduğu qədər İnternetdə də düzənləmə qaçılmazdır.
Təcrübədə internetdə düzənləmənin vacibliyini şərtləndirən arqumentləri aşağıdakı formada təsnifləndirilir:
1 - İnternetin texniki imkanlarının yetərli olmaması
Əgər avtomobil yolu tamamən dolmuş, tıxac yaranmışsa kiminsə irəliləməsi mümkün deyil. Sərhədsiz və düzənləməsiz istifadə edilən İnternetdə də oxşar durum yaranması mümkündür. Sistem surəti düşə, hətta istifadə tamamilə mümkünsüz hala gələ, xaos yarana bilər. Axı texniki imkanların da hüdudları var. Bu səbəbdən İnternetdə düzənləyici mexanizmlər mütləq olmalıdır. Ancaq bu heç bir halda süzgəc anlamına gəlməməlidir. Süzgəc özlüyündə senzuradır.
2 - İctimai maraqlar (Public Benefit)
Toplum üçün İnternet istənilən halda ən qiymətli bilgi qaynağıdır. Bu səbəbdən həmin qiymətli qaynağı ictimaiyyətin adına və faydasına olan bir mexanizmin düzənləməsi vacibdir.
3 - Qorxu
Kütləvi informasiya vasitələrinin hər biri - istər televiziyalar, istər radiolar, istərsə də qəzet və jurnallar, habelə informasiya agentlikləri çox güclü və təsirlidir. Ancaq həmin vasitələr məsuliyyətsizcəsinə istifadə edildiyində eyni dərəcədə güclü və təsirli təhlükə potensialına çevrilə bilir. İnternet mediyasında da yanlış bilgilər yaymaqla, məsuliyyətsiz yayınlar gerçəkləşdirməklə topluma zərər verilə bilər.
4 - İnternet yayınlarında ardıcıllıq (consistency)
İnternet yayınlarında ardıcıllıq gözlənilməlidir. Amma bu ardıcıllığın vacibliyi mövzulara, yayınlara müdaxilə anlamı daşımamalıdır. Ardıcıllığın məqsədi bütün media növlərində olduğu kimi, İnternet mediasında da əsas qaydalara əməl olunmasının nəzarət altına alına bilməsidir.
Düzənləmə - milli qanunverici baza
Azərbaycanda İnternetlə bağlı hər hansı bir məhdudiyyət yoxdur. İstənilən şəxs İnternet domeni ala bilər. İnternet üzərindən istədiyi veb səhifəni yarada bilərlər. Tək istisna iki hərfli olan və “az.” sonluğu ilə qurtaran domen adlarına qeyri rəsmi qoyulan məhdudiyyətdir. Bundan başqa, istənilən şəxs İnternet ünvanı ala bilər və öz istədiyi istiqamətdə fəaliyyət göstərə bilər. İnternet daha fərqli, geniş və yeni bir sahədir. İnternetin medianın digər qollarından fərqli olan yanı, onun ikitərəfli qarşılıqlı əlaqə imkanlarının olmasıdır.
Klassik televiziya, radio yayımı hər hansı mərkəzdən tək tərəfli şəkildə ötürücü qurğularla müəyyən radiotezlik zolağında ötürülən siqnalların qəbuledici televizor, yaxud radio qurğusu vasitəsi ilə alınması formasında idi və eyni metodla əks rabitə imkanları yox idi. İnternetdə isə əks rabitənin olması, informasiyanı qəbul etmək imkanı ilə paralel ötürmə imkanının da olması, tamamilə yeni münasibətlər zənciri yaradır. Günümüzdə, İnternet üzərindən görüntülü və səsli yayım imkanının olması çoxsaylı “İnternet TV”, “İnternet radio” açılmasına səbəb olub. Eyni zamanda sadəcə İnternet üzərindən fəaliyyət göstərən “elektron qəzetlər”, “elektron informasiya bülletenləri” geniş və sərhədsiz auditoriya toplamaqdadır. İnternet üzərində görüntülü və ya səsli fəaliyyət göstərən “televiziya” və “radiolar” bu günə qədər bilinən və lisenziyalaşdırılan teleradio fəaliyyətinin eynisi deyildir.
Azərbaycan Respublikası televiziya və radio yayımı haqqında Qanunun 1.0.4-cü maddəsində teleradio yayımının anlayışı verilmişdir. Bu anlayışa görə, “elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi” teleradio yayımı hesab edilir. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. «Teleradio yayımı» anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqədar, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir. Odur ki, İnternet üzərindən fəaliyyət göstərən və yerüstü qurğular ilə radiotezliklərdə yayımlanmayan “televiziya və radiolar” klassik mənada anlaşılan teleradiolarla eyni mahiyyətdəki yayım deyillər və bu yayımları qanunda qeyd edilən formada “teleradio qəbuledicilər tərəfindən” qəbul edilməsi mümkün deyil. Bu səbəbdən İnternet ortamında yayılan “İnternet TV” və “İnternet radio”ların lisenziyalaşdırılmasına gərək yoxdur.
Ancaq bu müzakirələrə son nöqtənin qoyulduğunu iddia etmək də doğru olmaz. Son vaxtlar İnternetin sürətli inkişafı və geniş auditoriya tərəfindən tətbiq edilməsi, bu imkanlardan istifadə edərək məhdud imkanlarla geniş kütlələr tərəfindən izlənə biləcək yayımların yayılmasına imkan verib. Bunun gətirdiyi rahatlıqla İnternet üzərindən yayımlarını “İnternet TV” və ”İn-ternet Radio” adı altında yayan çoxsaylı insan kütləsi peyda olub və heç də onların hamısı hamılıqla qəbul edilmiş prinsiplər çərçivəsində yayımçı deyil. Bu yeni “yayımçılar” İnternetin verdiyi rahatlıqla mövcud qanunlarla yayımına icazə verilməyən pornoqrafiya və digər qadağan olunmuş mahiyyətli yayımları rahatlıqla yayır. Hər hansı lisenziya tələb olunmadığı üçün bu yayımların içəriliyi təftiş edilə bilmir. Bu isə yeni müzakirələri doğurur; İnternet media tənzimlənməlidirmi?
Uluslararası təcrübə
Son vaxtlar Avropa məkanında bu istiqamətdə ciddi müzakirələr gedir. Bir qrup mühafizəkar qisim İnternet üzərindən yayılan yayımların, istər radio olsun, istərsə də televiziya lisenziyalaşdırılmasının zəruriliyini vurğulayır və yeni düzənləmələr ilə bunun qanuni çərçivəyə salınmasını müdafiə edir. Bu məsələyə daha liberal yanaşmanın zəruriliyini qeyd edən başqa qrupsa bu düşüncəni onunla əsaslandırır ki, İnternet üzərindən yayılan istənilən yayım, formasından asılı olmayaraq, istər görüntülü olsun, istərsə də səsli (TV və ya radio), tezlik resursları ilə açıq yayılmır və istənilən teleradio qəbuledicisi vasitəsi ilə izlənə bilməz. Bu yayımların izlənməsi üçün onu izləmək istəyən qarşı tərəf hökmən yayıcının veb resursuna könüllü olaraq girməli və bu görüntülü və ya səsli yayımı izləməlidir. Kabel TV üzərindən də bu tip mahiyyətdə yayımlar aparıla bilir və bunları qəbul edən təbəqə bu sistemə abunə olaraq, onun üçün pul ödəyərək bu yayımları izləyə bilir. Belə olan halda, İnternet istifadəçisi də İnternet üzərindən istədiyi yayımı reallaşdıra bilməlidir.
Təbii ki, bu müzakirələrə son nöqtə qoyulmayıb. Lakin artıq formalaşmağa başlayan bir düşüncə sistemindən bəhs etmək mümkündür. Böyük ehtimalla yaxın gələcəkdə bu məsələ hüquqi düzənləmələrlə qarşımıza çıxacaq. Bu gün formalaşmaya başlayan əsas düşüncə ondan ibarətdir ki, İnternet üzərindən yayılan bütün görüntülü və ya səsli yayım televiziya və ya radio kimi qiymətləndirilməməlidir. Bu yayımlar iki hissəyə ayrılmalıdır. Birincisi, İnternet resurslarında yerləşdirilən və sistemli şəkildə proqramlaşdırılan yayımlar. Yəni, proqram ardıcıllığı olan və öncədən planlaşdırılaraq təqdim edilən yayımlar. İkincisi, proqram ardıcıllığı olmayan və rastgələ təqdim olunan yayımlar.
Proqram ardıcıllığı olmayan yayımların heç bir halda televiziya və radio yayımı kimi qiymətləndirilməsi mümkün hesab edilmir və tənzimlənməsinə ehtiyac olmadığı bildirilir. Ancaq, proqram ardıcıllığı olan və öncədən planlaşdırılaraq təqdim edilən yayımların tənzimlənməsinin mümkün olduğu qənaətində çoxluq ortaq fikirdə birləşir. Yaxın gələcəkdə bu istiqamətdə səylərin güclənəcəyi və İnternet üzərindən təqdim edilən yayımların xüsusi tənzimləməyə tabe olacağını görəcəyik.
Milli qanunvericilik sistemində „Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda İnternetin ayrı-ayrı komponentlərinə yönəlik normalar nəzərdə tutulmayıb. Qanunun 3-cü maddəsində “anlayışlar” bölümündə bütövlükdə İnternet kütləvi informasiya vasitəsindən biri kimi göstərilir. Qanun, ənənəvi media nümunələrinə ünvanlanmaqla, informasiya texnologiyalarının sürətli inkişafının tempini ehtiva etmir. Belə durum yalnız, Azərbaycan üçün xarakterik deyil, keçmiş sovet ölkələrinin əksəriyyətinin qanunvericilik sistemində eyni tendensiya nəzərə çarpır. Məhz bu tendensiyalar İnternet yayımı ilə bağlı, həm məzmun, həm texniki nüanslar, həm də istifadəçilərlə bağlı çoxsaylı suallara rəvac verir.
Keçmiş sovet ölkələrindən Rusiya Federasiyasında İnternet yayımı ilə bağlı nisbətən aydın, ancaq qabaqcıl ölkələrin təcrübəsi ilə müqayisədə mübahisəli hüquqi normalar qəbul edilib. Həmin ölkənin „Kütləvi informasiya vasitələri haqqında” Qanununda İnternet saytlarının kütləvi informasiya vasitəsi sayılması üçün şərtlər müəyyən olunub. Həmin qanuna görə, o sayt kütləvi informasiya vasitəsi hesab olunur ki, onun ən azı 1000 istifadəçisi olsun. Bu şərtə uyğun gələn saytın dövlət qeydiyyatına alınması da tələbdir. Bu tələblər İnternetin təbiətinə uyğun gəlməməklə yanaşı, məhkəmə təcrübəsində də ciddi problemlər yaradır.
Qabaqcıl Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının təcrübəsi isə kifayət qədər aydın, anlaşıqlıdır. Bu təcrübə İnternet yayımının statusunu dəqiqləşdirmək üçün düsturlar müəyyən edir. Bu təcrübəyə görə, İnternet yayımının hüquqi statusunu, mediadakı yerini dəqiqləşdirmək üçün 3 çərçivə vasitəsilə incələmə aparılması obyektiv nəticəyə gəlməyə imkan verir:
- Kütləvi informasiyanın dövrilik əlamətlərini səciyyə-ləndirən normalara əlavə düzəlişlər artırmaq olar;
- İnternet yayımını kütləvi informasiya vasitəsi anlayışına daxil etmək olar;
- Kütləvi informasiya vasitəsi anlayışını əsas götürmə-mək şərti ilə informasiya mübadiləsi sahəsində kateqoriya və anlayışların yeni sistemini yaratmaq olar;
© 2009-2022 De Jure.