...
Vergi Məcəlləsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır (m.13.2.15).
Məcəlləyə uyğun olaraq rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur (m.122.1)
Yəni dividend yalnız hüquqi şəxsə aiddir və şəxsin gəliri ilə əlaqəli deyil. Bu cür yanaşma o qədər də ədalətli deyil, çünki sadələşdirilmiş vergi ödəyicisinin mahiyyəti itir.
Qanunvericiliyə əsasən sadələşdirilmiş verginin dərəcəsi 4% (Bakı) və 2% (regionlal). Bundan başqa hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Yəni faktiki olaraq şəxs dövlətə 5% vergi ödəyir.
Lakın əgər dividendi nəzərə alsaq, məhz hüquqi şəxslər (sadələşdirilmiş olsa belə) dividend ödəməlidir. Bu isə qanunun məntiqinə ziddir, çünki bunun nəyi sadələşdirilmiş oldu? Bu o deməkdir ki, əgər hüquqi şəxsin başqa xərcləri yoxdursa, o, 14% vergi ödəməlidir. Bu cür yanaşma ədalətsiz qiymətləndirilə bilər və mövcud həssas biznes mühitinə mənfi təsir göstərə bilər, həmçinin sahibkarları vergidən yayınmaq üçün yeni üsulların axtarışına sövq edə bilər
Sadələşdirilmiş vergi ödəyicisinə aid edilməsi üçün Vergi Məcəlləsinin 218 və 220-ci maddələrinə müraciət etməliyik. Əsas amillərdən biri gəlirin həcmidir. Belə ki, 1 ildə 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti olduqda (digər hallarda nəzərə almaqla) şəxs sadələşdirilmiş vergi ödəyicisi sayılır.
Bu məsələ sahibkarları narahat edir və vergi orqanları, yaxud qanunverici məsələnin aydınlaşdırılması üçün zəruri tədbirlər görməlidir. Bunun bir neçə çıxış yolu ola bilər və bununla bağlı aşağıda qeyd edəcəm. Hazırda dividendin ödənilməsi qeyri-müəyyəndir və əslində gəlir bölüşdürdükdə mümkündür (misal üçün təsisçilərin müvafiq qərarı ilə), lakın bu yanaşma olmaya da bilər və vergi orqanları başqa üsulları tətbiq edə bilər. Əgər dividend sahibkardan məcburi tutuılsa, təbii ki, bu hal narazılığa səbəb olacaq və sahibkar müxtəlif üsullarla bundan yayınacaq, çünki bu günədək dividendi çox az şəxslər ödəyirdi və sui-istifadələrə yol açacaq (xərclər süni artırılacaq, hüquqi şəxslər ləğv ediləcək, məhkəmələrdə yüzlərlə və minlərlə iddialar qaldırılacaq). Əgər sadələşdirilmiş vergi ödəyicisi dövlətə sərf etmirsə, bununla bağlı əvvəlcədən 14% vergi dərəcəsi tətbiq edilə bilər və sahibkarlar artıq öz işini əvvəlcədən planlaşdıra bilsin. Lakın hesab edirəm ki, ən doğru yanaşma fərqlidir. Şəxsin vergi öhdəliyi birbaşa onun qazancı ilə bağlıdır və nə qədər çox qazanırsa o qədər də vergi dərəcəsi artırıla bilər. Dividend də həmçinin. Əgər şəxs ildə 200000-dən çox qazanırsa, ona dividend tətbiq edilə bilər. Bu cür şəxslərin mühasibat uçotunun aparılması üçün daha geniş imkanları var bu cür yanaşma daha ədalətli olar.