“Elektron order” layihəsi üzrə keçirilən təlimlərdə 2000-dən çox vəkil iştirak edib

Ramil Gachay's picture

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 10 iyul tarixli qərarı ilə “Elektron order” layihəsi üzrə təlimlərdə vəkillərin iştirakının təmin edilməsi və müvafiq işin təşkilinin Vəkillər Kollegiyasının Akademiyasına tapşırılması qərara alınmışdır.

Bu istiqamətdə Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə 3 avqust - 2 noyabr tarixləri aralığında keçirilmiş hibrid formalı təlimlər uğurla başa çatıb.

Belə ki, layihə istiqamətində təşkil olunan hibrid formalı təlimlərdə 562 vəkil əyani, 1445 vəkil distant qaydada olmaqla, ümumilikdə 2007 vəkil iştirak edib.

Uğurlu təlimlərin nəticəsi olaraq, bağlanmış elektron müqavilələrin sayında ciddi artım müşahidə olunur.

Keçirilən təlimlərdə təlimçi qismində çıxış etmiş “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS” Vəkil Bürosunun müdiri Nihad Əliyev, həmin Komitənin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov, Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Həmid Əhmədov, Kollegiyanın üzvləri - Anar Əsədov, Fərid Rzabəyli, Lalə Namazova, Coşqun Şahverdiyev, Zinyət Ağamalıyeva elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələlər barədə vəkilləri məlumatlandırıb, o cümlədən müvafiq sahə üzrə yenilikləri iştirakçıların diqqətinə çatdırıb və onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.

 

Mənbə: https://barassociation.az/news/1512

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.