...
Keçən bloq yazımda gəlirdən çıxılmayan xərclər barədə danışmışdıq. Bu mövzunun davamı olaraq ümidsiz borclara, ehtiyat sığorta fondlarına, elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərə aid maddələrlə tanış olacayıq. Bu cür xərclər gəlirdən çıxıla bilər (yəni vergiyə cəlb olunmur). Bu maddələr sahibkarlara qənaət etməyə kömək edə bilər.
Maddə 111. Ümidsiz borcların gəlirdən çıxılması
111.1. Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
111.2. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
111.3. Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.
Maddə 112. Ehtiyat sığorta fondlarına ayırmaların gəlirdən çıxılması
Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir.
Maddə 113. Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması
Gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.