Vergi qanunvericiliyini öyrənək. Dərs #9 (Bazar qiyməti)

Ramil Gachay's picture

Sirr deyil ki, bəzi sahibkarlar öz gəlirlərini artırmaq üçün malların qiyməti aşağı göstərirlər (amma baha satırlar). Bu məsələni tənzimləmək çətindir, cünki bazar iqtisadiyyatı dövründə yaşayırıq və dövlət qiymətlərə qarışmamalıdır. Buna baxmayaraq dövlət bu məsələyə müəyyən dərəcədə toxunur və hətta bir çox işlərdə sui-istifadələrə də yol verilir. 

Misal üçün bir şəxsin bir obyekti var və şəxs onu icarəyə verir. Həmin obektin aylıq icarə haqqısı 300 manatdır, amma vergi qurumuna deyir ki, 100 manata verirəm (və dövlətə cəmi 14 manat vergi ödəyir). Vergi orqanı da (vəziyyətdən asılı olaraq), deyir ki, yox 300 manatdan verməlisən vergini və həmin şəxsə qarşı müvafiq sanksiya tətbiq edir. Güman edirəm ki, bu cür tədbirlər vergi sistemin inkişafına kömək etməyəcək, çünki həmin şəxs üçün bu gəlir yalnız bir-təhər yaşamaq üçün lazımdır. Ona görə fikirləşirəm ki, vergi yalnız müəyyən həddən sonra tətbiq edilməlidir. Çünki insan ən zəruri şeylərlə özünü təmin etməlidir.

Amma təbii ki, elə şəxslər var ki, onların imkanları aşıb-daşır və buna baxmayaraq onlar vergi ödəməkdən boyun qaçırmaq üçün müxtəlif vasitələrə yol atırlar. Bu məsələlərdə də dövlət ehtiyatlı olmalıdır. Çünki işlək biznesi məhv etmək çox asandır, amma yeni biznesi yaratmaq qəliz işdir. Binesi qorxutmaq dövlət üçün təhlükəlidir. İş adamların sayı çoxaldırqca, iş yerlərin sayı çoxalır, rəqabət artır, malların dövriyyəsi çoxalır, yoxsulluğun səviyyəsi düşür. Ona görə də vergi sitemi çevik və yumşaq olmalıdır. 

Əgər iş adamı ilk dəfə hüquq pozuntusuna yol veribə onu dərhal cərimələmək (xüsusilə yüksək cərimələr) müsbət effekti verməyəcək, əksinə həvəsdən düşəcək. Biznesə müxtəlif mərhələlərdə dəstək vermək lazımdır. Bir çox vəziyyətlərdə xəbərnamə ilə kifayətlənmək olar. Əgər biznes adam davamlı vergi ödəyirsə, vaxtında hesabat verirsə bu artıq çox müsbət haldır və dövlət bunu qiymətləndirməlidir.

Bütün bunlara görə VM-nin 14 maddəsi ilə tanış olmalısınız və malınıza (xidmətinizə) qiymət qoyarkən ehtiyatlı olun.

 

Maddə 14. Bazar qiyməti

14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.

14.3. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda;

14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;

14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə;

14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda;

14.3.5. bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. 

14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin.

14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun.

14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.

14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.

14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır.

14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;

14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir.

14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.