Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair hesabatla çıxış edib

Ramil Gachay's picture

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

Yanvarın 14-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlki dövrlərdə olduğu kimi 2018-ci ildə də bütün sahələrdə dinamik inkişafa nail olunmuş, ölkəmizin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət idarəçiliyinin məntiqi nəticəsi olaraq aprelin 11-də keçirilən demokratik, şəffaf və ədalətli seçkilər yolu ilə xalqımız növbəti dəfə qəti iradə nümayiş etdirərək ulu öndər Heydər Əliyev siyasi kursuna səs verdilər.

Hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilmişdir.

Xüsusi vurğulanmışdır ki, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən etmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəltmişdir.

Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılmış, həmçinin 310 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanmış, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olmuş, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanmışdır.

2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olmuşdur.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120.0 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 %-nin ödənilməsi təmin edilmişdir.

Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilmişdir.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaşın qəbul edilmişdir.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilmiş, 17 nəfər isə vəzifəsindən azad edilmişdir. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilmişdir.

Hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə  ən ciddi mübarizə tədbirlərinin davam etdirilmişdir. Mərkəzdən  daxil olmuş 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 14 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilmiş, o cümlədən həmin şirkətlərin rəhbərlərinə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22 və 23-cü maddələrinə əsasən gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 25 rəsmi xəbərdarlıq elan edilmiş, eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilmişdir. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilmişdir. 

Vurğulanmışdır ki, ötən ildə Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşmiş, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə vermişdir.

Belə ki, 2018-ci il ərzində Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılmış, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanmışdır.

Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmiş, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilmiş, MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinmişdir.

Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinmiş və dövri hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilmişdir.

Bundan başqa, Baş prokurorun müavini - Baş İdarə rəisi tərəfindən ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 81-ci Plenar İclasında korrupsiyanın qarşısının alınması və aşkar edilməsinə məsul olan dövlət qurumları arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təsis edilmiş Korrupsiyanın qarşısının alınması üzrə Orqanlar Şəbəkəsinə ölkəmizin qoşulması ilə bağlı Bəyannamə imzalanmışdır.

Son illər əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən əlverişli məkan olaraq tanınan Azərbaycanda keçirilən genişmiqyaslı tədbirlərdən biri kimi respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası Bakı şəhərində təşkil olunmuşdur. Təşkilata üzv olan ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdiyi tədbirdə Assosiyasiyanın rəsmi internet səhifəsinin anti-korrupsiya saytının fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilmişdir. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən Assosiasiyanın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkil olunduğu nəzərə alınmaqla verilmişdir.

Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.

Ötən il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülmüş, belə ki, İtaliya və Monqolustan və İran İslam Respublikası kimi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə qurulan səmərəli əməkdaşlıq münasibətləri də uğurla davam etdirilmiş, əməkdaşlıq çərçivəsində Baş İdarə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı və Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti ilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamışdır.

Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmışdır.

Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı Respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutmuş, ötən dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında müvafiq olaraq gömrük işi, tikinti-şəhərsalma, qida təhlükəsizliyi və sahibkarların hüquqlarının müdafiəsi sahələrində korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanmışdır.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilmişdir.

Mətbuat konfransında çıxış edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirmişdir ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilmişdir. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılmış, sahibkarlıq və investisiya mühiti daha da yaxşılaşdırılmış və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan “Doing Business”-in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə layiq görülmüşdür.

K.Cəfərov qeyd etmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla icra edilmişdir. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən icra vəziyyəti 89% müəyyən edilmişdir. Elektron hökumət sahəsində dövlət siyasətini icra etmək, dövlət informasiya sistemlərinin səmərəli inteqrasiyasını həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid” haqqında Fərman imzalanmış və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılmışdır. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq   beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar qəbul edilmişdir. Korrupsiyaya qarşısının alınması sahəsində təhsillin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçirilmişdir.

Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi neqativ hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilmişdir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 2018-ci il üçün icrası uğurla təmin edilmişdir. Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinin icrası ilə bağlı bir sıra vacib qanunvericilik aktları qəbul edilmişdir. Bu sahədə dövlət siyasətinin vahid çərçivədə icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılmış, fəaliyyəti təmin edilmiş və Maliyyə Monitorinq Xidməti Eqmont qrupa üzv olmuşdur.

K.Cəfərov korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın “Qanunverciliyinin təkmilləşdirilməsi üzrə” İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə cari il ərzində yekunlaşacağını bildirmişdir. 

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2018-ci il ərzində gördüyü işləri müsbət dəyərləndirmişdir.

Mətbuat konfransında cari il yanvarın 11-də Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanmışdır.

 Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

http://www.genprosecutor.gov.az/

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.