MƏRKƏZİ BANK YENƏ HAMINI ÇAŞDIRDI. Əkrəm Həsənov

Ramil Gachay's picture

MƏRKƏZİ BANK YENƏ HAMINI ÇAŞDIRDI (guya nə isə etdiyini göstərmək üçün vəziyyəti daha da gərginləşdirdi... və Prezidentin Fərmanını pozdu?)
Məlum olduğu kimi, 6 yanvar tarixində Mərkəzi Bankın qəbul etdiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” (http://e-qanun.az/framework/31769) qüvvəyə minib. Həmin Qaydaların guya hansısa inqilabi yeniliklər gətirdiyi haqda söz-söhbət gəzir: nə bilim, banklara sərbəstlik, səlahiyyət verildi və s. Əsla belə deyil! Yeganə yenilik mübadilə əməliyyatı zamanı müştərinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini zəruri edən limitin 5000-dən 500 dollarınadək endirilməsidir.
Mən heç vaxt başa düşməmişəm ki, niyə Mərkəzi Bank öz sənədlərində limitləri manatla deyil, dollarla ifadə edir. Əslində, bununla manatı buraxan Mərkəzi Bank milli valyutamızın nüfuzsuz və dəyərsiz olmasının əsasını qoyur, özünün də manata inanmadığını nümayiş etdirir.
Amma qayıdaq əsas məsələyə. Dediyim kimi, Qaydalardakı yeganə yenilik məhz sözügedən limit məsələsidir. Vəssalam! Bəs onda Qaydalarda digər yeniliklərin də olması haqda şayiələr haradan qaynaqlanır?
Səbəb odur ki, Mərkəzi Bank formal olaraq yeni normativ sənəd qəbul edib. Buna görə də onu oxuyanlar hər müddəada yenilik axtarır. Əslində isə bu sənədin 2006-cı ildən bu günədək qüvvədə olmuş eyni adlı sənədlə (http://e-qanun.az/framework/14629) heç bir ciddi fərqi yoxdur. Sənədləri müqayisə etsəniz, özünüz buna tam əmin olacaqsınız.
Buna görə də sual yaranır: yeni sənədlə əvvəlki arasında ciddi fərq yoxdursa, Mərkəzi Bank niyə sadəcə əvvəlki sənədə dəyişiklik etməyib formal olaraq yeni Qaydalar qəbul edib? Axı yeni qanun və digər normativ akt yalnız o halda qəbul edilir ki, əvvəlki ilə xeyli və ciddi fərqi var?! Cavab: ona görə etdi ki, dövlət başçısına və əhaliyə yaranmış çətin vəziyyətdə gərgin və məhsuldar işlədiyini nümayiş etdirsin. Yəni baxın, biz belə vəziyyətdə yeni Qaydalar hazırlayıb qəbul etmişik! Güman edirlər ki, heç kəs yeni sənədi əvvəlki sənədlə müqayisə edib onun ən azı 95% üst-üstə düşməsini görməyəcək.
Lakin bütün bunlar bir yana, Mərkəzi Bank başa düşmür ki, əslində belə gərgin dövrdə saxta radikal yeniliklər haqda söz-söhbət təşvişi daha da artırır, hamını çaşdırır. Xüsusilə Mərkəzi Bank normal izahat verməyəndə. Bütün bunlar dəfələrlə söylədiyim savadsızlıq və səriştəsizliyin təzahürüdür.
Yeri gəlmişkən, hətta bankların məzənnələrinin Mərkəzi Bankın rəsmi məzənnəsindən fərqlənməsi limiti üzrə də yenilik yoxdur. Belə ki, Qaydaların 9.3-cü bəndidnə deyilir: “Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır”. Başqa məsələ ki, əvvəllər də, indi də Mərkəzi Bankın qanuna uyğun formada (yəni normativ xarakterli aktın qəbulu yolu ilə) müəyyənləşdirdiyi belə hədd (limit) yoxdur. Hamının bildiyi 2% limiti əslində Mərkəzi Bankın banklara yolladığı adi məktubda təsbit edilib və onun heç bir hüquqi qüvvəsi yoxdur. Mərkəzi Bank məktubla hüquq norması müəyyən edə bilməz. Lakin indiyədək banklar həmin qanunsuz məktuba riayət edib. İndi etməmələri haqda isə rəsmi məlumat yoxdur!
Nəhayət, sonuncu məsələ. Qaydalarda əvvəlki kimi təsbit edilir ki, mübadilə şöbəsi Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Lakin əgər əvvəllər bu qanuni idisə, indi ən azı şübhəlidir. Belə ki, Prezidentin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanına əsasən sahibkarlıq fəaliyyətinin (o cümlədən kredit təşkilatlarının fəaliyyəti) lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. Məntiqlə, deməli, bankların filial və şöbələrinə, o cümlədən mübadilə şöbələrinə də icazəni həmin Nazirlik verməlidir. Belə çıxırı ki, Mərkəzi Bank Prezidentin son və çox mütərəqqi Fərmanlarından birini açıq-aşkar pozur?
P.S. Mərkəzi Bankın dünənki məlumatı yadıma düşdü. Həmin məlumat belə başlayırdı: "Son zamanlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank fəaliyyətini tənzimləyən hüquqi-normativ bazaya edilən dəyişikliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq şərhlər dərc edilir". Qeyri-dəqiq şərhlər verilir? Tutaq ki! Siz dəqiqini verin, biz də bilək də onda! Səhv deyiriksə, səhvimizi deyin, onu da bilək. Nəticədə kimin düz, kimin isə səhv olduğunu hamı görəcək və biləcək!

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.