Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Ramil Gachay's picture

Bir qrup şəxs Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illərdə dələduzluq, yəni, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirməsi barədə məlumat veriblər.

DİN-in məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Aqil Babayev təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara kömək etmək məqsədilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri olunmasını tələb edib və topladığı maddi vəsaitin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzəranını yaxşılaşdırıb və Bakıda bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib. Onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevlə bağlı aparılan əlavə araşdırmalar zamanı tabeliyindəki insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

https://azertag.az/

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.