...
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaşların ədalət mühakiməsinə çatımlılığının, o cümlədən, məhkəmələrin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə uzun müddətdir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi fəaliyyət göstərir.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi tövsiyə edilmişdir.
Qeyd olunan sistem məhkəmələrdə işlərə baxılmasını sürətləndirmək, informasiyaya çatımlılıq, məlumatların effektiv şəkildə sistemləşdirilməsi və təhlili, eləcə də vətəndaşların əlavə əmək və vaxt sərf etmədən məhkəmələrə müraciət edə bilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Elektron Məhkəmə” İnformasiya Sistemi Vəkillər Kollegiyası üzvlərinə də elektron qaydada məhkəməyə müraciət etmək, işə əlavə sübutlar təqdim etmək, dövlət rüsumu ödəmək, icraatlarında olan məhkəmə işlərini asanlıqla izləmək və sair imkanlar gətirmişdir.
Məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərlə bir qrup işlərlə bağlı məhkəməyə müraciət, habelə dövlət rüsumlarının ödənilməsi yalnız elektron qaydada həyata keçirilə biləcəkdir.
Vəkillər Kollegiyası üzvlərinin sözügedən sistemdən istifadəsinin təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası birgə əməkdaşlıq çərçivəsində vəkillər üçün intensiv təlimlər keçirilməkdədir.
Vəkillər Kollegiyasının üzvləri təlimlərdə “Elektron Məhkəmə” İnformasiya Sistemində şəxsi kabinet yaradılması, sənədlərin kabinet vasitəsilə ötürülməsi, dövlət rüsumunun ödənilməsi, iş materiallarının əldə olunması məsələləri ilə bağlı müfəssəl məlumatlandırılır, onlara bu proses nümunələrlə izah edilir, vəkilləri maraqlandıran suallar cavablandırılır. Bu cür təlimlərin mütəmadi olaraq ölkənin bütün regionlarında fəaliyyət göstərən vəkillər üçün təşkil olunub keçirilməsi planlaşdırılır.
Qeyd olunmalıdır ki, “Məhkəmə sistemi üzrə aparılmış islahatlarla bağlı İcra və Kommunikasiya Planı” ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. Vəkillər Kollegiyasını işçi qrupda Rəyasət Heyətinin aparat rəhbərinin müavini Seymur Səfərov təmsil etməkdədir.
Vəkillər “Elektron Məhkəmə” İnformasiya Sistemi ilə bağlı keçiddəki təlimatı yükləməklə, yaxud Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına müraciət edərək (əlaqəli şəxs - Seymur Səfərov) onları maraqlandıran suallara cavab tapa bilərlər.
barassociation.az