VƏKİLLƏR KOLLEGİYASININ 1 İLLİK FƏALİYYƏTİ RƏQƏMLƏRDƏ

Ramil Gachay's picture

7 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilmişdir. Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilmişdir ki, vəkil Anar Bağırov seçkinin nəticəsinə görə yekdilliklə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilmişdir.

Bundan başqa, Konfransda “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyası təsdiq olunmuşdur. Əsasnamə Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətlərinin (CCBE) müvafiq nümunəsinə əsasən, hazırlanmışdır.

Son bir il ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 iclası keçirilmişdir ki, Vəkillər Kollegiyası tarixində ilk dəfə olaraq bir il müddətində bu sayda iclas keçirilmişdir.

Keçirilmiş iclaslarda mütəmadi olaraq Rəyasət Heyəti tərəfindən həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilmiş, o cümlədən Kollegiyanın cari fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilmişdir.

Belə ki, Rəyasət Heyətinin fevral ayında baş tutmuş iclasında fərdi qaydada fəaliyyət göstərən vəkillərin və vəkil qurumlarının Rəyasət Heyətinə təqdim etdikləri illik statistik hesabatın yeni nümunəsi, aprel ayında keçirilmiş iclasda isə hüquqi yardım haqqında müqavilənin yeni forması, may ayında isə yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsinin nümunəsi təsdiq edilmişdir.

Bundan əlavə, keçirilən iclaslarda “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” qaydalar, “Vəkil orderi və order markası haqqında” Əsasnamə qəbul olunmuş, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına dəyişikliklər edilmişdir.

Qeyd olunan normativ sənədlərdən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydaları qəbul olunmuş, növbətçilik siyahılarının Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində dərc edilməkdədir.

“Vəkil kabinetinin yaradılmasına dair” Qaydaları da qəbul olunmuş sənədlər sırasındadır.

“Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına edilmiş dəyişikliklərə əsasən vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə qeyd olunmalıdır ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlərin iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamaq zərurətləri aradan qaldırılmışdır.

Vəkilliyə qəbulla bağlı aparılmış tədbirlərlə bağlı qeyd etmək lazımdır ki, yeni seçilmiş Rəyasət Heyəti özünün ilk iclasında vəkilliyə sənəd qəbulunu bərpa etmiş, yanvar ayının 28-də keçirilmiş ixtisas imtahanlarının yazılı test mərhələsinədək 2000-ə yaxın vəkilliyə namizədin sənədi qəbul edilmiş və Vəkillər Kollegiyasının tarixində rekord sayda – 1961 nəfər namizədlə yazılı test imtahanı təşkil olunub keçirilmişdir. İmtahanda iştirak etmiş namizədlərdən 607 nəfər tələb olunan keçid balını toplayaraq növbəti – şifahi müsahibə mərhələsinə buraxılmışlar.

Mart ayının 1-dən etibarən Vəkillərin İxtisas Komissiyası tərəfindən namizədlər şifahi müsahibə mərhələsi keçirilməyə başlamışdır. Mərhələnin nəticələrinə əsasən 535 nəfər müsahibə mərhələsindən müvəffəqiyyətlə keçərək icbari təlimə buraxılmışlar. Nəticə etibarilə il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda Respublikada fəaliyyət göstərən vəkillərin sayı 939-dan 1503-dək artmışdır.

Eyni zamanda, 2018-ci il aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu qeyd olunan tarixdən etibarən daimi əsaslarla açıq elan olunmuş, Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılığa əsasən, kompüter mərkəzində təşkil olunacaq.

Rəyasət Heyətinin aprel ayında keçirilmiş iclasında vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar yaradılmış Komissiyanın hazırladığı rəyə əsasən, vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim olunmuş və qərar yekdilliklə qəbul olunmuşdur. 30 iyul – “Vəkillərin peşə bayramı günü”ü kimi qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi ilə bağlı tövsiyə icrası ilə bağlı olaraq, bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus satın alınmışdır. Həmin mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilmişdir. Belə ki, mütəmadi olaraq Vəkillər Kollegiyasının bir qrup üzvləri Respublikanın müxtəlif regionlarına səfər edərək aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərməkdədir. Bu kimi tədbirlər ölkənin Siyəzən, Hacıqabul, Qusar və Masallı rayonlarında təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Sərəncamında Vəkillər Kollegiyasına Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, Kollegiyanın və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi tövsiyə edilmişdir.

Ölkədə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Vəkillər Kollegiyasının həm vəkillərin, həm də vətəndaşların tələblərinə cavab verən, tam yeni və müasir internet saytının istifadəyə verilməsi olmuşdur.

Bu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı qurumlar arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilmişdir. Memoranduma əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vəkil bürolarının təsis olunması gözlənilir.

Vəkillər Kollegiyası yerli təşkilatlardan ELSA Azərbaycan ilə də əməkdaşlığa başlamışdır. Razılaşmaya əsasən, bundan sonra Vəkillər Kollegiyası birgə layihələrin, konfransların, dəyirmi masaların, seminarların və müzakirələrin, məhkəmə müsabiqələrinin, hüquq məktəblərinin keçirilməsi, ELSA üzvlərinin vəkil qurumlarında təcrübə keçməsinə dəstək göstərəcəkdir.

Vəkillər Kollegiyası üzvlərinin sosial rifahının və təminatının yaxşılaşdırılması məqsədilə bir sıra qərarlar qəbul edilmiş, görüşlər keçirilmiş, müxtəlif qurum və təşkilatlarla razılıqlar əldə olunmuşdur.

Qeyd olunan məsələ ilə bağlı ən mühüm hadisə Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etməsi ilə bağlı göstəriş və Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarıdır.

Vəkillər Kollegiyası üzvlərinin və vəkil qurumlarının iş şəraitlərinin, maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində də bir çox tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması, Azərbaycan Respublikasının regionlarında - Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla təmin olunması üçün tədbirlər görülməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli tapşırılmışdır. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq Vəkillər Kollegiyası Kollegiyanın və vəkil qurumlarının istifadəsinə veriləcək yerlərin təmiri və zəruri texniki avadanlıqlarla təmin edilməsi ilə bağlı işlər görmüşdür.

Qeyd etmək lazımdır ki, 2017-ci il üçün ölkə ərazisində 39 vəkil qurumu fəaliyyət göstərmişdir. Son bir il ərzində isə regionlarda 11, ümumilikdə 31 yeni vəkil qurumu fəaliyyətə başlamış, beləliklə də vəkil qurumlarının sayı 70-ə çatmışdır.

Həmçinin, qanunsuz “vəkillik” halları ilə də geniş mübarizə aparılmışdır. Eyni zamanda, bu kimi halların aşkarlanması və qarşısının alınması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində “Qaynar xətt” yaradılmışdır.

Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti fəaliyyətə başladığı gündən beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm vermiş, bir çox görüşlər keçirmiş, səfərlərdə olmuş, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, belə tədbirlərin təşəbbüskarı və təşkilatçısı qismində çıxış etmişdir.

Bu dövr ərzində BMT-nin, habelə onun ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan Hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları,  Avropa Vəkillər Kollegiyaları Assosiasiyası (CCBE), Hüquqşünasların Beynəlxalq Komissiyası (ICJ), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri qurulmuşdur.

Eyni zamanda, Vəkillər Kollegiyasının nümayəndələri bir sıra xarici səfərlərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişlər.

Bu ilin iyun ayında Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP-in) 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilmişdir. “Keyfiyyətli qərarlar üçün keyfiyyətli tədris” başlığı altında keçirilən konfransda Avropa Şurasına üzv ölkələrin ədliyyə akademiyaları və vəkillər kollegiyalarının nümayəndələri və HELP proqramının ölkələr üzrə təmsilçiləri iştirak etmişdir. HELP proqramı ilə bağlı qeyd olunmalıdır ki, hər il olduğu kimi bu il də konfrans ərzində ötən il üzrə AŞ-nın 47 üzv ölkəsində HELP-in təşviqi və istifadəçilərinin sayına dair reytinq cədvəli formalaşdırılmışdır. Axır illərədək Azərbaycanın 47 ölkə arasında sonuncu yerlərdən birini tutmasına baxmayaraq, ölkəmiz siyahıda irəliləyərək 2016-cı ilin yekunu üzrə 13-cü, 2017-cü ilin yekunu üzrə isə 10-cu yerə çıxmışdır. Məlumat üçün bildirilməlidir ki, qeyd olunan cədvəl üzrə ölkəmiz Cənubi Qafqaz ölkələri arasında ilk sıradadır. Qeyd olunamalıdır ki, hazırda ölkə üzrə HELP metodologiyası üzrə 41 təlimçinin 20-si Vəkillər Kollegiyasının üzvləridir.

Noyabr ayının 15-16-sı tarixlərində Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə 16 xarici ölkədən nümayəndələr, yerli və beynəlxalq təşkilatların ekspertlər və təmsilçiləri iştirak etmişlər.

Bu ilin əvvəlində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərdən ibarət olan “Advokat” futbol komandası formalaşdırılmış və hazırda həmin komanda bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak etməkdədir. Komanda hazırda həm futzal üzrə 2-ci liqada, həm də Bakı futbol liqasında mübarizə aparmaqla bərabər Litvanın Vilnus şəhərində keçirilmiş və Litva Vəkillər Kollegiyasının təşkil etdiyi, həmçinin Şərqi Avropa və bir sıra MDB ölkələrin vəkillər kollegiyalarının futbol komandalarının qatıldığı beynəlxalq futbol turnirində fəxri 3-cü yeri, Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər arasında keçirilmiş beynəlxalq futzal üzrə turnirdə isə 1-ci yeri tutmuşdur.

http://barassociation.az

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.