Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin açılışı olmuşdur

Ramil Gachay's picture

İlk öncə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov bütün tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən ötən gün qəbul edilmiş “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı münasibətilə hamını təbrik etdi.

Hər il 28 dekabr tarixində Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi barədə qəbul edilən mötəbər Sərəncam Zati-alilərinin Azərbaycan vəkilliyinə göstərdiyi ali diqqətin və sonsuz töhvənin təzahürüdür.

Sədr qeyd etdi ki, 28 dekabr tarixinin Azərbaycan vəkilliyinin tarixində ən əlamətdar gün olması təsadüfi deyildir. Çünki məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəkillik institutuna böyük qayğısının təzahürü olaraq ölkəmizdə ilk dəfə 28 dekabr 1999-cu il tarixdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu qəbul olunaraq müstəqil vəkilliyimizin əsası qoyulmuş oldu.

Sədr bu mötəbər Sərəncamın yüksək əhəmiyyətini qeyd etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Azərbaycan vəkilliyinin tarixinə bəxş etdiyi bu mühüm günə görə minnətdarlığını bəyan edərək, bilavasitə Dövlət başçısının rəhbərliyi altında aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının vəkillər tərəfindən tam dəstəkləndiyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki tövsiyələrin ən yüksək səviyyədə icrası üçün Vəkillər Kollegiyasının üzərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilcəyini xüsusilə vurğuladı. Eyni zamanda, hər il dekabr ayının 28-də Vəkillər Kollegiyasının bütün qurumları tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı kampaniya keçiriləcəyi barədə qərar qəbul edildiyi də qeyd edildi.

Dövlət başçısı tərəfindən vəkillik institutuna verilən ən böyük töhvələrdən biri də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişlərin mərkəzləşdirilmiş qaydada Vəkillər Kollegiyasına həvalə edilməsidir.

Möhtərəm cənab Prezidentin 16 dekabr 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Fərman ilə 2020-ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar ödənişlərin (vəkillərə ödənilməli olan haqqın) Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aparılması təsbit edilmişdir.

Dövlət başçısınını vəkillik instituna göstərdiyi yüksək qayğı və etimada görə bir daha Zati-aililərinə ölkənin vəkil korpusu adından dərin təşəkkür və sonsuz minnətdarlıqlar ünvanlandı.

Eyni zamanda “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çəçivəsində cari il ərzində Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Kollegiyanın əvvəlki inzibati binasının təmiri işləri həyata keçirilmişdir. İnzibati binanın təmiri ən yüksək səviyyədə təmin edilmişdir.

Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 185/Səməd Vurğun küçəsi, 32 kəsişməsində yerləşən inzibati binada artıq bu gündən etibarən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyətə başlayır.

Vətəndaş məmnunluğunun və peşəkar hüquqi yardıma sürətli çatımlılığın təmin edilməsi məqsədilə ötən müddət ərzində hazırkı inzibati bina müasir standarlara uyğun təmir olunaraq tam şəkildə mebel, kompüter, printer, məişət, havalandırma sistemi, kondisioner və digər zəruri avadanlıqlarla təmin edilmişdir ki, bu işlər Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına görülmüşdür.

Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciətlər edilmişdir.

Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 98.849,09 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, dövlət büdcəsindən ayrılmış vəsaitin Vəkillər Kollegiyası tərəfindən təyinatı üzrə daha qənaətlə və səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə təmir işlərinə ümumilikdə ƏDV daxil 44.781 manat vəsait xərclənmişdir. Eyni zamanda təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun təchiz edilməsi, habelə onun mebel, kompüter, printer, məişət, mərkəzləşdirilmiş isitmə-soyutma və havalandırma sistemi ilə, kondisioner və digər zəruri avadanlıqlarla təmin edilməsi üçün ƏDV daxil 73,002,14 manat vəsait xərclənmişdir.

Hazırda sahəsi 253,4 kv.m olan həmin inzibati binada konfrans zalı, rəhbər otağı, konfidensial otaq, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik sahədə qəbul masaları ilə, müvafiq iş otağı, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilmiş, habelə gələcəkdə Mərkəz ilə əlaqəli şəkildə regionda fəaliyyət göstərən vəkillər üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sistemi nəzərdə tutulmuşdur.

Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin edəcəkdir.

Daha sonra açılış tədbirində iştirak edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sosial Tədqiqatlar İnstitutunun icraçı direktoru və Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov və digər şəxslər çıxış edərək səmimi təbriklərini çatdırmış, möhtərəm cənab Prezidentin vəkillik institutuna göstərdiyi yüksək qayğının rəğbətlə qarşılandığını vurğulamışlar.

Sonda tədbir iştirakçıları Hüquqi Yardım və Tədris Mərkəzinin inzibati binasında yaradılmış şəraitlə əyani şəkildə tanış olmuşlar.

https://barassociation.az/

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.