...
Bu gün Vergi Məcəlləsinin 17-ci maddəsini nəzərdən keçirəcəyik. Vergi agenti kimdir? Belə deyək əgər siz əmək müqaviləsi ilə işləyirsinizsə sizin vergi agentiniz işəgötürənizdir (yəni işlədiyiniz şirkət). Siz özünüz vergiləri ödəmirsiniz düzdür? Siz sadəcə öz maaşınızı alırsınız və bəlkədə heç fikirləşmirsiniz ki, nə qədər vergi ödəyirsiniz. Əgər maaşınız 250 manatdan çoxdursa, maaşınızdan 14% gəlir vergisi tutulur, o cümlədən 3% DSMF-ə ödənilir.
Bundan başqa maaşınızın 22% həcmində işəgötürən tərəfdən DSMF-ə ödənilir, amma bu məbləği əmək müqaviləsində görməyəcəksiniz çünki bu işəgötürənin öhdəliyidir.
Misal üçün maaşınız 1000 manatdırsa (əmək müqaviləsi üzrə), siz 830 manat ələ alacaqsınız (onun 140 manatı vergi, 30 manatı isə DSMF). Üstəgəl işəgötürən isə 220 manat DSMF-ə verir.
Bu konkret misal, vergi agentinin müəyyən işini göstərir.
Təbii ki, vergi agenti daha geniş anlayışdır və aşağıda onun izahını görə bilərsiniz.
Maddə 17. Vergi agenti
17.1. Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir.
17.2. Vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır.
17.3. Vergi agenti:
17.3.1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə;
17.3.2. vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa;
17.3.3. vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə;
17.3.4. vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə;
17.3.5. bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur.
17.4. Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
17.5. Vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.