Systematic shelling of positions of the Azerbaijan Army by the formations of Armenia’s armed forces using weapons of different calibers, continued...
Vergi Məcəlləsinin 18-ci maddəsi. Bu maddə ilə ehtiyatlı davranmaq lazımdır. Çünki həmin maddə təhlükəli ola bilər və lazım olmayan yerdə ziyana düşə bilərsiniz. Vergi Məcəlləsinin bəzi müddəalarına diqqət yetirək. Görək onlar bizə nədeyəcək.
Bildiyiniz kimi, xeyriyyəçiliklə məşğul olduqda müəyyən güzəştlər tətbiq oluna bilər, amma bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa onda xeyriyyəçilik fəaliyyəti sayılmır (m. 13.2.35.2.).
Sonra, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər (m.14.3.2.).
Daha sonra, qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər (m. 67.11.).
Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır (m.110.).
Əgər belə hallarla rastlaşırsınızsa bu maddəyə xüsusi diqqət yetirin. Həmçinin, aşağıda 19-cu maddəyə də diqqət yetirə bilərsiniz, bu maddə daimi nümayəndəliklə bağlıdır.
Maddə 18. Qarşılıqlı surətdə asılı olan şəxslər
18.1. Vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir.
18.2. Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır:
18.2.1. bir şəxs digər şəxsin əmlakında bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə;
18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir;
18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər;
18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər;
18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri. (13.2.7.1. ər-arvadlar; 13.2.7.2. valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; 13.2.7.3. vərəsələr; 13.2.7.4. doğma (ögey) bacılar (qardaşlar); 13.2.7.5. bacı və qardaş övladları; 13.2.7.6. ər-arvadların bacıları, qardaşları və valideynləri; 13.2.7.7. bacıların ərləri və qardaşların arvadları; 13.2.7.8. valideynlərin bacıları (qardaşları); 13.2.7.9. qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Maddə 19. Daimi nümayəndəlik
19.1. Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
19.2. Daimi nümayəndəlik, əsasən aşağıdakıları əhatə edir, amma bunlarla məhdudlaşdırılmır:
19.2.1. idarəetmə yerini;
19.2.2. bölməni;
19.2.3. kontoru;
19.2.4. filialı və agentliyi;
19.2.5. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsini;
19.2.6. təbii ehtiyatların kəşfiyyatı, işlənməsi və çıxarılması üzrə yerlər, istifadə olunan qurğular və ya meydançalar, qazma avadanlığı və ya gəmilər, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsini;
19.2.7. qeyri-rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı (yeri);
19.2.8. müxtəlif məsləhət xidməti üzrə yerlərini;
19.2.9. Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini;
19.2.10. qeyri-rezident müəssisələrin və ya qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi funksiyalarını həyata keçirən, onların adından fəaliyyət göstərən, onların adından müqavilələri hazırlamaq və ya bağlamaq səlahiyyətlərinə malik olan və adətən belə səlahiyyətləri həyata keçirən şəxsləri;
19.2.11. malların istehsal və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yeri.
19.3. Bu Məcəllənin 19.2-ci maddəsində müəyyən edilən müddəalardan fərqli olaraq, aşağıda göstərilən fəaliyyət növləri daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır:
19.3.1. qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi;
19.3.2. qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması;
19.3.3. qeyri-rezident müəssisəsinin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması;
19.3.4. qeyri-rezident müəssisəsinin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi;
19.3.5. bu Məcəllənin 19.3.1-19.3.4-cü maddələrində göstərilmiş hər hansı fəaliyyət növlərinin bir yerdə həyata keçirilməsi.
19.4. Bu maddənin məqsədləri üçün qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir.