Vergi qanunvericiliyini öyrənək. Dərs #42

Ramil Gachay's picture

Bu gün biz VM-nin dörd maddəsinə nəzər salacayıq: 67-1, 67-2, 68, 69. VM-nin 67-1, 67-2-ci maddələri müəyyən sahədə vergi güzəştlərlə bağlıdır. Belə ki, 67-1-ci maddə 102.1.21, 106.1.12, 106.1.13, 164.1.15, 164.1.16, 199.7, 199.8, 207.3, 207.4-cü maddələri ilə bağlıdır (misal üçün, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 7 il müddətinə gəlir vergisindən azaddır). Amma güzəştləri əldə etmək üçün 67-1-ci maddədə göstərilən şərtlərə ciddi riayət edilməlidir. 

VM-nin 67-2-ci maddəsi isə 102.1.23, 106.1.17, 164.1.26, 199.11, 207.5-ci maddələri ilə bağlıdır (misal üçün, investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə  gəlir vergisindən azaddır).

68-ci maddə vergi qanunvericiliyində müddətin axımı ilə bağlıdır. Belə ki, hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət göstərilən dövrün sonuncu gününün axırında bitir. 

69-cu maddə isə xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyata aiddir. Belə olan halda,  əməliyyatın həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

 

Maddə 67-1. Sənaye, yaxud texnologiyalar parklarında vergitutma

67-1.1. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə:

67-1.1.1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir;

67-1.1.2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri bu Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir.

67-1.2. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitəndən sonra təqdim etdikdə:

67-1.2.1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını davam etdirən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri verilmir;

67-1.2.2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri bu Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir.

67-1.3. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında digər istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri rezidentin sənaye, yaxud texnologiyalar parklarında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni investisiya layihəsi üzrə qeydiyyata alındığı tarixdən hesablanır. Bu halda bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri yeni investisiya layihəsi üzrə fəaliyyətə şamil olunur.

67-1.4. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti vergi güzəştlərinin tətbiq olunduğu dövrdə sənaye, yaxud texnologiyalar parklarından kənarda fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalıdır. Bu zaman sənaye, yaxud texnologiyalar parklarının rezidenti bu parklardan kənarda göstərdiyi fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.

67-1.5. Bu Məcəllənin 67-1.3-cü maddəsində nəzərdə tutulan halda sənaye, yaxud texnologiyalar parklarının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında qurduğu digər istehsal sahəsinin fəaliyyəti ilə bağlı gəlirlərin və xərclərin uçotunu vergi güzəştlərinin tətbiq olunduğu dövrdə ayrıca aparmalıdır.

 

Maddə 67-2. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutma

67-2.1. İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

67-2.2. İnvestisiya təşviqi sənədini əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə investisiya təşviqi sənədinin alındığı tarixdən hesablanır.

67-2.3. İnvestisiya təşviqi sənədini almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə, həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparır və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.

 

Maddə 68. Müddətlərin müəyyən edilməsi qaydası

68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.

68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

 

Maddə 69. Xarici valyutanın manatla hesablanması

Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.