Vergi qanunvericiliyini öyrənək. Dərs #45 (Banklar və vergi orqanları)

Ramil Gachay's picture

Çoxlarınız bilirsiniz ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (xüsusilə hüquqi şəxslər) müxtəlif əməliyyatların aparılması üçün bank hesabları açmalıdır (vergiləri köçürmək üçün, müştərilərdən qazanc əldə etmək üçün, işçilərinə maaş vermək üçün və s.). Bank vasitəsilə aparılan əməliyyatlar daha tez və səmərəli olur. Bank hesabı açmaq üçün isə vergi orqanının iştirakı zəruridir (müvafiq dublikat alınmalıdır və s.).

Bu işdə, vergi ödəyici üçün,  həm müsbət tərəflər var, həm mənfi. Müsbət tərəflər barədə yuxarıda qeyd etmişdik. Mənfi tərəflər ondan ibarətdir ki, bankda olan vergi ödəyicisi haqqında məlumatlar vergi qurumun tələbi ilə banklar tərəfindən təqdim edilməlidir və bunun nəticəsində kənar şəxslər bu məlumatları əldə edə bilər (sui-istifadələr mümkündür).  Bundan başqa vergi qurumu aparılan əməliyyatlara məhdudiyyət qoya bilər və ya tam dayandıra bilər (təbii ki, əgər əsas varsa). Ona görə aşağıdakı müddəalarla tanış olmağınız məqsədə uyğundur.

 

Maddə 75. Vergi ödəyiciləri ilə münasibətdə bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarının vəzifələri

75.0. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları borcludurlar:

75.0.1. yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa;

75.0.2. hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə;

75.0.3. hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə).

 

Maddə 76. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi 

76.1. Vergi ödəyicisinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, fəaliyyəti dayandırıldığı zaman bank əməliyyatlarının aparılması, mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə, vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə, onlara əraziyə (yaşayış sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı vergi məsələlərinə dair beynəlxalq müqavilələrin məlumat mübadiləsi haqqında müddəalarına əsasən digər dövlətin aidiyyəti orqanları tərəfindən vergi məqsədləri üçün həmin müqavilənin tətbiq edildiyi şəxsin Azərbaycan Respublikasındakı banklarda olan hesabları və həmin hesablar üzrə əməliyyatlar barədə məlumatların alınması üçün sorğu edildikdə, vergi orqanları kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə yazılı bildiriş göndərməklə, həmin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir.

76.2. Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

76.2-1. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

76.3. Bu maddə ilə müəyyən edilmiş qaydada bank hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilər. Digər hallarda bank hesabları və əməliyyatlar barədə alınmış məlumatların digər orqanlara və ya vətəndaşlara verilməsi qadağandır.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.