Vergi qanunvericiliyini öyrənək. Dərs #48

Ramil Gachay's picture

Vergi ödəyicisi rəhmətə getdikdən sonra vergini kim ödəməlidir? Bu suala cavab aşağıdakı maddə (81) cavab verir. Əgər onun vərəsəsi yoxdursa təbii ki, heç kim ödəməyəcək, amma əgər varisi varsa mirasın payına mütanasib şəkildə ödəniləcək. Əmlak kifayət etmədikdə VM-nin 93-cü maddə (Ümidsiz borcların silinməsi) rəhbər tutulmalıdır. 

Maddə 81. Vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş və ya itkin düşmüş fiziki şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi

81.1. Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

81.2. Varis (varislər) olmadıqda vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir (ləğv edilir).

81.3. Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayılan fiziki şəxsin vergi öhdəliklərini itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs həmin əmlakın hesabına ödəyir.

81.4. Qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınan fiziki şəxsin əmlakı onun vergi öhdəliklərini ödəmək üçün kifayət deyilsə, vergilərin əmlakın çatışmaması ilə əlaqədar ödənilməyən hissəsi, bu Məcəllənin 93-cü maddəsində göstərilən qaydada silinir.

81.5. Fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınmasının ləğv olunmasına dair məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edildikdə, əvvəllər silinmiş vergi öhdəlikləri bərpa edilir, lakin fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı vaxtdan bu cür tanınmanın ləğv olunduğuna dair qərar qəbul edildiyi vaxtadək olan dövr ərzində faizlər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.

Maddə 82. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanması və ödənilməsi qaydası

82.1. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır.

82.2. Bu Məcəllədə müəyyən edilən hallarda ödənilməli olan vergi məbləğini hesablamaq vəzifəsi vergi agentinə həvalə edilə bilər.

82.3. Verginin məbləği bu Məcəllədə və ya ona müvafiq olaraq qəbul edilmiş qanunvericilik aktında müvafiq vergi üçün müəyyən edilmiş qaydada hesablanır.

82.4. Müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür).

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.