...
Bu günki yazıda VM-nin 144-cü və 145 maddə ilə toxunacayıq. 145-ci maddə hüquqi şəxsin ləğv edilməsinə aiddir (hüquqi şəxs ləğv edilərkən vergiyə cəlb olunan vəsaitlər və s.)
Maddə 144. Gəlirin və ya zərərin qəbul edilməməsi
144.1. Vergi tutulan gəlir müəyyən edilərkən aşağıdakı hallarda gəlir və ya zərər nəzərə alınmır:
144.1.1. aktivlər ər və arvad arasında verildikdə;
144.1.2. aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
144.1.3. aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə.
144.2. Bu Məcəllənin 144.1.3 -cü maddəsində göstərilən əvəzedici aktivin dəyəri əvəz olunan aktivin məhv edildiyi, ləğv olunduğu və ya təqdim edildiyi vaxtdakı ilk dəyəri nəzərə alınmaqla müəyyənləşdirilir.
144.3. Bu Məcəllənin 144.1.1-ci və ya 144.1.2-ci maddələrinə uyğun olaraq mənfəətin vergi məqsədləri üçün nəzərə alınmadığı əqdin nəticəsində alınan aktivin dəyəri əqd günündə onu verən tərəf üçün də aktivin dəyəri sayılır.
Maddə 145. Hüquqi şəxsin ləğv edilməsi
145.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, hüquqi şəxsin ləğv edilməsi iştirakçıların həmin hüquqi şəxsdəki iştirak paylarının təqdim edilməsi sayılmır.
145.2. Hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda:
145.2.1. aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır;
145.2.2. iştirakçı üçün verilən aktivlərin dəyəri ləğv edilən hüquqi şəxs üçün aktivlər verilənədək olan dəyərə bərabərdir;
145.2.3. aktivlərin bölüşdürülməsi dividend sayılmır;
145.2.4. ləğv edilən hüquqi şəxsdə iştirak payının ləğv edilməsi zamanı heç bir gəlir və zərər nəzərə alınmır;
145.2.5. hər hansı kateqoriyaya aid olan əsas vəsaitlərin balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.
145.3. Bu Məcəllənin 145.2-ci maddəsi yalnız o halda tətbiq edilir ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.