Vergi qanunvericiliyini öyrənək. Dərs #77 (Əlavə dəyər vergisi)

Ramil Gachay's picture

Fəsil XI. Əlavə dəyər vergisi

Maddə 153. Əlavə dəyər vergisi anlayışı

153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

 

Maddə 154. Vergi ödəyiciləri

154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

154.5. Bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır.

154.6. Aksizli malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır.

 

Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi

155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

155.2. Qeyri-rezidentin mallar göndərməsi, işlər görməsi və xidmətlər göstərməsi bu Məcəllənin 155.1-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyatların ümumi dəyəri müəyyən edilərkən yalnız o zaman nəzərə alınır ki, onlar Azərbaycan Respublikasındakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilmiş olsun.

155.3. Bu Məcəllənin 154.5-ci maddəsində göstərilən şəxs, bu Məcəllənin 155.1-ci maddəsində müəyyən edildiyi halda, yaxud iştirakçı ƏDV-nin məqsədləri üçün vergi ödəyicisi olduğu halda, qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur.

 

Maddə 156. Könüllü qeydiyyat

156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.