Vergi qanunvericiliyini öyrənək. Dərs #84

Ramil Gachay's picture

Maddə 179. Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər

179.1. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 45 gün ərzində qaytarılır.

179.2. Digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilir, artıq ödəmənin hər hansı qalığı isə bu 3 ay bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində büdcədən qaytarılır.

179.3. Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergi və ya gömrük orqanları həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.

 

Maddə 180. Vergi ödəyicilərinin məsuliyyəti və vergi orqanlarının nəzarəti

180.1. ƏDV-nin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin bəyannamələrin vergi orqanlarına müəyyən edilmiş müddətlərdə verilməsi üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq, ƏDV-nin tutulması gömrük orqanlarının səlahiyyətinə aid olduqda isə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

180.2. Vergitutmanın idarə edilməsi bu Məcəlləyə və Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq vergi orqanları və gömrük orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

 

Maddə 181. Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi

181.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq beynəlxalq təşkilatın, yaxud xarici hüquqi və ya fiziki şəxsin əvəzsiz köçürmələri ilə ödənilmiş malları alan və yaxud işlərin və ya xidmətlərin nəticələrini həmin əsaslarla əldə edən şəxs vergi orqanına elektron vergi hesab-fakturaları verərkən, həmin mallara, işlərə və ya xidmətlərə görə ödənilmiş ƏDV-ni vergi orqanına ərizə verdiyi vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.