Vergi qanunvericiliyini öyrənək. Dərs #85 (Aksizlər)

Ramil Gachay's picture

Fəsil XII. Aksizlər

Maddə 182. Aksiz anlayışı

182.1. Aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir.

182.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

 

Maddə 183. Vergi ödəyiciləri

183.1. Bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər.

183.2. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.

 

Maddə 184. Vergitutma obyekti

184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:

184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;

184.1.2. idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.

 

Maddə 185. Vergi tutulan əməliyyatın məbləği

185.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.

185.2. İdxal malları üçün (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla).

İdxal olunan minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat – onların mühərrikinin həcmidir.

İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.

 

Maddə 186. Vergi tutulan əməliyyatın vaxtı

186.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün - malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

186.2. Malların idxalı üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

 

Maddə 187. İxracın vergiyə cəlb edilməsi

Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.