Vergi qanunvericiliyini öyrənək. Dərs #88 (əmlak vergisi)

Ramil Gachay's picture

Maddə 195. Elektron vergi hesab-fakturaları

195.1. Bu Məcəllənin 195.3-cü maddəsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə elektron vergi hesab-fakturası yazmalı və verməlidir.

195.2. Elektron vergi hesab-fakturası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada tərtib edilən və bu Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirən sənəddir.

195.3. Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir. 

 

XIII fəsil. Əmlak vergisi

 

Maddə 196. Vergi ödəyiciləri

196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

 

Maddə 197. Vergitutma obyektləri

197.1. Aşağıdakılar vergitutma obyekti sayılır:

197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;

197.1.2. Çıxarılmışdır.

197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;

197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.

197.2. Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

 

Maddə 198. Vergi dərəcələri

198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görəaşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

 

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri

(manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

 

 

198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:

198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.

198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.

198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.