Hakimliyə sənəd qəbulu başlanmışdır

Ramil Gachay's picture

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf üsullarla, müasir beynəlxalq tələblər səviyyəsində seçilməsinə xüsusi əhəmiyyət verilir.

Bununla əlaqədar ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi dəyərləndirilən mütərəqqi qaydaları hazırlanmış, son illər ərzində 2600 namizəd sırasından 307 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək uzunmüddətli təlimlər, məhkəmələrdə, o cümlədən xarici dövlətlərdə təcrübə keçdikdən sonra hakim vəzifələrinə təyin edilmişlər.

Hakimlərin Seçki Komitəsinin dekabr ayının 14-də keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilmiş və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınmışdır.

Hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcəkdir (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə).

Hakimliyə namizədlər üçün əlverişli şərait yaradılması məqsədilə “Hakimliyə Namizədin Yaddaş Kitabçası”, tələb edilən sənədlərin siyahısı, hakim vakansiyaları barədə və digər məlumatlar Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilmişdir (www.jlc.gov.az).

İmtahanların keçirilməsi ilə bağlı digər aidiyyəti məsələlər barədə əlavə məlumat veriləcəkdir.

Əlaqə telefonu: (012) 510-22-97; (051) 510-22-97

http://lawreform.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.