İstehlakçıların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir

Ramil Gachay's picture

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə 15 mart – Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Gününə həsr edilmiş “İstehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarət və ictimai təşkilatların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə dövlət qurumlarının, QHT və KİV-lərin  nümayəndələri iştirak etmişlər.

İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Müqalib Mahmudov  tədbirdə “İstehlakçıların hüquqlarının müdafiəsində ictimai nəzarətin əhəmiyyəti və  ictimai təşkilatların hüquq və vəzifələri” barədə məruzə ilə çıxış etmişdir.

O, insan hüquqlarının tərkib hissəsi kimi, istehlakçıların da hüquqlarının müdafiəsinin dövlətin diqqət mərkəzində olduğunu, ölkəmizin qəbul etdiyi bir sıra normativ-hüquqi aktlarda istehlakçıların hüquqlarının müdafiəsi və bu sahədə ictimai təşkilatların hüquqları barədə müddəaların öz əksini tapdığını bildirmişdir. Aparatın əməkdaşı dövlət orqanları ilə əməkdaşlıqda istehlakçı hüquqları sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.3-cü bəndində sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi təsbit olunmuş və bu istiqamətdə müvafiq işlər görülür.

Ombudsman təsisatı tərəfindən sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığı, Müvəkkil yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupunun səmərəli fəaliyyət göstərdiyi, müvafiq təklif və tövsiyələrin hazırlanaraq aidiyyəti qurumlara təqdim edildiyi vurğulanmışdır.

Sahibkarların və istehlakçı hüquqlarının müdafiəsi sahəsində ictimai nəzarətin gücləndirilməsi məqsədilə məşvərətçi qurum kimi İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın yaradılmasını vacibliyi bildirilmişdir.

Tədbirdə yerli və beynəlxalq ictimai təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələri istehlakçı hüquqlarının qorunmasında ictimai nəzarətin səmərəliliyinin artırılması barədə müxtəlif təkliflər səsləndirilmiş, istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.