Vergi qanunvericiliyini öyrənək. Dərs #14 (Dövlət vergi orqanları)

Ramil Gachay's picture

Bir aydan çoxdur ki, biz vergi hüququ ilə məşğuluq. Ola bilsin kimsə deyər ki, ciddi və dərin öyrənmirik, sadəcə bir-bir maddələri oxuyuruq. Ola bilsin çox adam bunları oxuyur, ola bilsin az. Biz heç yerə tələsmirik və başqalarının fikirləri (əgər onlardan xeyri yoxdursa) bu mövzuda bizə maraqlı deyil .Bu bloqu oxuyanlar üçün öz təhsilləri vacibdir, xüsusilə vergi hüququ sahəsində. Buna görə də rahat oturun və özünüzə bir neçə vaxt ayırın.

Bloqu izləyən oxucular artıq müəyyən bilikləri əldə ediblər və ya həmin biliklərini təzələyiblər. Bu isə böyük uğurdur.  

Bu gün 2 maddəyə toxunacayıq: 20 və 21. VM-nin 21-ci maddəsi qısa və aydındır, və vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını barədə bəhs edir. 

VM-nin 20-ci maddəsi vergi orqanlarının səlahiyyətləri barədə danışır. 20.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyini başa düşmək lazımdır (393 saylı Fərmana əsasən). 

Həmçinin görürük ki, vergi orqanları üçün məhkəmədə iddia qaldırmaq pulsuzdur. Bundan başqa, əgər 20.4-cü maddəyə diqqət yetirsəniz görərsiniz ki, vergi orqanları bütün vergilərə nəzarət etmir.

Bax belə. Gününüz uğurlu olsun!

 

Maddə 20. Dövlət vergi orqanları və onların təyinatı

20.1. Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir.

Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.

20.2. Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirirlər.

Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

20.3. Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.

20.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər.

20.5. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir.

20.6. Bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər.

 

Maddə 21. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları

Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.