Vergi qanunvericiliyini öyrənək. Dərs #20 (Vergi nəzarəti)

Ramil Gachay's picture

Artıq Vergi Məcəlləsinin dördüncü fəsilə keçirik, bu fəsil vergi nəzarətinə həsr olunub. Bu gün 32 və 33-cü maddalərə baxacağıq. 32-ci maddədə ümumi xarakter daşıyan məlumat verilir, bu maddədə verilən məlumatlar bizə artıq tanış olmalıdır, çünki əvvəlki müddəalarda oxşar bilgi əldə etmişik.

33-cü maddə isə çox faydalıdır. Həmin maddədə fiziki ya hüquqi şəxsin vergi uçotuna durmağı barədə məlumat verilir, bu maddə həm yerli, həm xarici şəxsləri əhatə edir. Tələb olunan sənədlər və müddətlər göstərilir. VOEN barədə məlumat verilir. Əgər bu kısaltma söz ilə birinci dəfə rastlaşırsınızsa, onun açıqlanması Vergi Ödəyicisinn Eyniləşdirmə Nömrəsi dedəkdir. Şəxs qeydiyyatdan keçərkən Şəhadətnamə alır və orada öz VÖEN-i görə bilər və bundan sonra rəsmi olaraq vergi ödəyici olmaqla yanaşı, gəlir əldə edib dövlətə vergi və hesabatları təqdim etməlidir. 

VÖEN çox asan şəkildə əldə edilir. Bunun üçün sizin şəxsiyyət vəsiqəniz kifayətdir, Ş/V götürüb ərazi üzrə vergi orqanına yaxınlaşırsınız (və ASAN xidmətə) və orada qeydiyyata alına bilərsiniz. 

 

Maddə 32. Vergi nəzarəti və onun formaları

32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir.

32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

 

Maddə 33. Vergi ödəyicilərinin uçotu

33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.

33.2. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.

Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 

33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.

Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir.

Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.

33.6. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda, təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qərar qəbul edilir.

33.7. Bu Məcəllənin 13.2.50-ci və 13.2.51-ci maddələrində göstərilən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr aşağıdakı qaydada mərkəzləşdirilmiş uçota alına bilər: 

33.7.1. İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanı tərəfindən aparılır.

33.7.2. İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə və digər müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

33.7.3. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar.

33.7.4. Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotu bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33.7.5. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra, 15 gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.

33.7.6. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həyata keçirilməlidir.

33.7.7. İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanı tərəfindən hər il may ayının 15-dək qərar qəbul edilir.

33.7.8. İri vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş uçota alınması onların mərkəzləşdirilmiş uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.

33.7.9. Müvafiq icra hakimiyyəti orqanı hər il iyun ayının 15-dək olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınmış və ya mərkəzləşdirilmiş uçotdan çıxarılmış iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış forma üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

33.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə bu Məcəllənin 13.2.5.3-cü maddəsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi orqanında uçota alınması aşağıdakı qaydada aparılır:

33.8.1. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

33.8.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən imzalanmalıdır.

33.8.3. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi orqanlarında uçota alınması üçün bu Məcəllənin 33.8-ci maddəsində göstərilənlərdən başqa digər sənəd və məlumatlar tələb olunmur.

33.8.4. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakılar əlavə edilməlidir:

33.8.4.1. xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış;

33.8.4.2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı;

33.8.4.3. təsis sənədləri;

33.8.4.4. rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd;

33.8.4.5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

33.8.4.6. bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

33.8.4.7. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

33.8.5. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakılar əlavə edilməlidir:

33.8.5.1. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış;

33.8.5.2. təsis sənədləri;

33.8.5.3. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

33.8.5.4. hüquqi şəxsin rəhbərinin (təmsilçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

33.8.5.5. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

33.8.6. bu Məcəllənin 33.8.4.1-33.8.4.4-cü, 33.8.5.1-ci və 33.8.5.2-ci maddələrində göstərilən sənədlər müvafiq icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılır.

33.8.7. 33.8.4-cü və 33.8.5-ci maddələrdə göstərilən sənədlər Azərbaycan dilinə notariat qaydasında təsdiqlənən tərcümə ilə birgə ərizəyə əlavə edilir.

33.8.8. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

33.8.8.1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə;

33.8.8.2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda.

33.8.9. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

33.8.9.1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyata alındığı (inkorporasiya) dövlətdə ləğv edildikdə;

33.8.9.2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə.

33.9. Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır.

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.