...
Bu günki mövzu təşkilatın ləğv edildiyi və yenidən təşkil edildiyi halda yaranan vergi öhdəlikləri ilə bağlıdır. Aşaıda qeyd olunan müddəalar Mülki Məcəllənin 55-61 maddələri ilə sıx bağlıdır və onlarla tanış olmağınız məqsədə uyğun olardı.
Maddə 79. Müəssisə (təşkilat) ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi
79.1. Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası müəssisənin (təşkilatın) filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası yerinə yetirir.
79.2. Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir.
79.3. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir.
Maddə 80. Müəssisə (təşkilat) yenidən təşkil edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi
80.1. Yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir.
80.2. Yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirməməsinin, yaxud lazımi qaydada yerinə yetirməməsinin yenidən təşkili başa çatanadək hüquqi varisə (hüquqi varislərə) məlum olub-olmamasından asılı olmayaraq yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) yerinə yetirməlidir.
80.3. Hüquqi şəxsin yenidən təşkil edilməsi onun vergi öhdəliklərinin bu hüquqi şəxsin hüquqi varisi (hüquqi varisləri) tərəfindən yerinə yetirilməsi müddətlərini dəyişdirmir.
80.4. Bir neçə hüquqi şəxs birləşdikdə, onların vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi bu cür birləşmə nəticəsində yaranan hüquqi şəxs sayılır.
80.5. Bir hüquqi şəxs digər hüquqi şəxsə birləşdirildikdə, onun birləşdiyi hüquqi şəxs birləşdirilmiş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi sayılır.
80.6. Hüquqi şəxs bölündükdə, bu cür bölünmə nəticəsində əmələ gələn hüquqi şəxslər bölünmüş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisləri sayılırlar.
80.7. Bir neçə hüquqi varis olduqda, onların hər birinin yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməsində iştirak payı bölüşdürücü balansa və ya digər təhvil aktına uyğun olaraq müəyyənləşdirilir. Bölüşdürücü balans və ya digər təhvil aktı yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin hər bir hüquqi varisinin payını müəyyənləşdirməyə imkan vermirsə və ya hər hansı hüquqi varis tərəfindən vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanını aradan qaldırırsa, yeni yaranan hüquqi şəxslər yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərini və ya bu öhdəliklərin müvafiq hissəsini yerinə yetirmək üçün birgə məsuliyyət daşıyırlar.
80.8. Bir hüquqi şəxs təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi yeni yaranan hüquqi şəxs sayılır.
80.9. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs çıxdıqda, çıxmış hüquqi şəxslərin yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməsi üzrə hüquqi varisliyi yaranmır, bu şərtlə ki, bu cür yenidən təşkil hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməməsinə yönəldilməmiş olsun.