Vergi qanunvericiliyini öyrənək. Dərs #5

Ramil Gachay's picture

Davam edək. Bu gün Vergi Məcəlləsinin 6-9 maddələrini nəzərdən keçirəcəyik. Xırda maddələrdir və onları daha sonra ətraflı araşdıracayıq. 

Bu gün biz onlarla sadəcə tanış oluruq. VM-nin 6-cı maddəsi  dövlət vergilərinin növləri barədə bizə məlumat verir. Biz hələ bilmirik (bəzilərdən başqa) bu vergilərin mənası nədir, çünki hər biri ayrıca bir dərsin mövzusudur. İmkan olsa onları yadda saxlayın, amma alınmasa eybi yoxdur, çünki hər şey hələ qabağdadır.

Həmçinin bu maddə bizə deyir ki, hər il büdcə haqqında qanun qəbul edilir (kim bilmirdirsə). Misal üçün 2015-ci il üzrə qanunla burda tanış ola bilərsiniz. Gördüyünüz kimi, VM digər qanunlarla əlaqəlidir və belə misallar hələ çox olacaq.

7-ci maddə Naxçıvan MR-nın vergilərinə aiddir. 8-ci maddə bələdiyyə vergilərinə aiddir (fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.). Əgər fikir versəniz 8.2-ci maddədə göstərilir ki:  "vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir".  Amma konkret hansı qanundur və aktdır, göstərilmir. Belə hallarla siz çox rastlaşa bilərsiniz və belə müddəalar vətəndaşları çaşdırır. Belə hallarda sişə peşakar hüquqşünaslar kömək edə bilər.

Məhz bu müddəa ilə əlaqədar, sizə İnzibati icraat haqqında qanun kömək edə bilər (xüsusilə 71-80-ci maddələr).

Və nəhayət 9-cu maddə. Bu maddə bizə deyir ki, bütün vergilər manatla hesablanıb ödənilməlidir. Belə başa düşürəm, krizisdə bu bizə sərf edir.

 

Maddə 6. Dövlət vergiləri

6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:

6.1.1. fiziki şəxslərin gəlir vergisi;

6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);

6.1.3. əlavə dəyər vergisi;

6.1.4. aksizlər;

6.1.5. hüquqi şəxslərin əmlak vergisi;

6.1.6. hüquqi şəxslərin torpaq vergisi;

6.1.7. yol vergisi;

6.1.8. mədən vergisi;

6.1.9. sadələşdirilmiş vergi;

6.2. Bu Məcəllə ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir.

6.3. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.

 

Maddə 7. Muxtar respublika vergiləri

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan bu Məcəllənin 6.1-ci maddəsində sadalanan dövlət vergiləri aiddir.

 

Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri)

8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:

8.1.1. fiziki şəxslərin torpaq vergisi;

8.1.2. fiziki şəxslərin əmlak vergisi;

8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.

 

Maddə 9. Vergilərin hesablanmasının və ödənilməsinin pul vahidi

Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi - manatla hesablanır və ödənilir.

Tags: 

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.