Vergi qanunvericiliyini öyrənək. Dərs #55 (Gəlir)

Ramil Gachay's picture

Gəlirə nə daxildir. Aşağıdakı maddələr bu barədə sizə müəyyən məlumat verəcək. Bu mövzu çox həssasdır və onu tənzimləmək hər zaman mümkün olmur. Misal üçün 97.1-ci maddəsində göstərilir ki,  rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.Rezident olmaq üçün Azərbaycan Respublikasının vətəndaşı olmaq kifayətdir. 

Təsəvvür edək ki, Azərbaycan Respublikasının vətəndaşı uzun müddətə xarici ölkəyə köçür və orada işləməyə başlayır (muzdlu iş). Həmin ölkədə pul qazanır və həmin ölkəyə vergi ödəyir. Əgər Azərbaycanın həm in ölkə ilə müvafiq müqaviləsi yoxdursa deməli şəxs həm oranın vergilərini ödəməlidir, həm buranın. Həmçinin nəzərə alınmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə olduğu halda belə şəxs Azərbaycana vergi ödəməlidir (müəyyən hallarda). Bu məsələnin tənzimlənməsi vergi orqanı üçün mürəkkəb ola bilər, çünki vergi ödəyicisi vergini ödəməkdə könüllü olmalıdır. Bundan başqa şəxsin daha çox xərci olur və artıq vergi ödəməkdə maraqlı olmaya da bilər. 

Buna görə də bu cür müddəaların olması əhəmiyyətsiz ola bilər və qanunverici bu məsələni daha yaxşı tənzimləməlidir. 

98.5-ci maddədə göstərilən maddənin məzmunu aşağıdakı kimidir:

109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

 

Maddə 97. Gəlir

97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.

97.3. Gəlirlərə aiddir:

97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir;

97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.

 

Maddə 98. Muzdlu işlə əlaqədar alınan gəlir

98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

98.2. Bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:

98.2.1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;

98.2.2. işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;

98.2.3. işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği;

98.2.4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği;

98.2.5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları.

98.2.6 hər hansı digər halda - normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər.

98.3. Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.

98.4. Bu Məcəllənin 98.2-ci maddəsində göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.

98.5. İşə götürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.