Vergi qanunvericiliyini öyrənək. Dərs #6

Ramil Gachay's picture

Salam.

Vergi hüququnu öyrənməyə davam edirik. Bu gün VM-nin 10 və 11-ci maddələrə toxunacayıq. 10-cu maddə müəyyən nöx iştirakçılar barədə bizə məlumat verir. Bu iştirakçıların adı bir az qəlizdir - vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları.

Bunlar kimdir? Bunlar vergi ödəyiciləri, vergi agentləri, vergi orqanları, gömrük orqanları, maliyyə orqanları və s şəxslərdir. Tam siyahı aşağıda göstərilir. Ola bilsin vergi orqanları, gömrük orqanları və s orqanları birləşdirib dövlət orqanları adı verilsəydi (və bu qurumların siyahısını Nazirlər Kabinetinin qərarı ilə təsdiqləsəydi), daha asan və effektiv olardı, amma qanunverici başqa fikirdədir.

11-ci maddə isə verginin anlayışını bizə verir. Bu anlayış çox asandır, amma yəqin çoxlarınıza xoşuna gəlməyən sözlər "məcburi" və "əvəzsiz" sözləridir.

Amma bu sözlər sizi əsəbləşdirməsin, çünki vergilər bizim üçün zəruridir. Bununla bağlı qısa bir məqaləni oxuya bilərsiniz (http://www.nalog-briz.ru/2010/08/blog-post_2715.html). Təəssüflər olsun ki, rus dilindədir, amma əminəm ki, sizə maraqlı olacaq.

Azərbaycanda vergi sistemi hələ də formalaşır, ola bilsin buna görə hələ də əksər əhalinin bu sistemə hələ də etibar yoxdur. İnsanlar fikirləşir ki, onların pulları lazımsız yerə xərclənir, ümumiyyətlə biz bilmirik ki, ödədiyimiz pullar hara xərclənir. Baxmayaraq ki, dövlət büdcəsi haqqında qanunda ümumi rəqəmlər yazılır, amma konkret işlərə xərclənən pullar barədə məlumatımız yoxdur. Misal üçün, vəzifəli şəxslər özlərinə böyük imarətlər tikir, iri şirkətlər yaradır, baxmayaraq ki, onların rəsmi maaşı buna imkan vermir. Təbii ki, insanlar fikirləşəcək ki, dövlətin pullarını mənimsəyirlər. Ona görə də, vergi ödəyiciləri inanmır ki, həmin pullar ünvanına xərclənəcək və bu amil vergi sisteminə etibarı sarsıdır.

Çoxlu pul qazanmaq ayıb iş deyil. Əslində təqdirə layiqdir, amma bunu açıq şəffaf şəkildə etmək daha düzgündür. Biləndə ki, onların (vergi ödəyicilərin) pulu qəpiyinə kimi, dövlətin (xalqın) maraqlarına sərf edilir, insanlar daha həvəslə və təəssüf etmədən vergiləri ödəyəcək.  

Bundan başqa bizim vergi sitemimiz hələ də çevik deyil.

Bizdə çox qazanan da, az qazanan da elə olur ki, eyni vergini ödəyir. Amma elə olmalıdır ki, bu sistem pilləli olmalıdır. 

Misal üçün ayda 100-150 manat qazansan da belə DSMF-ə və vergi qurumuna məcburi ödənişlər etməlisən. Hesab edirəm ki, qazancı az olan şəxslər vergidən azad olmalıdır. Çünki əslində dövlət bu şəxslərə kömək etməlidir, onlardan heçnə almamalıdır. DSMF işçiyə görə şirkətdən 22% və işçinin özündən 3% vergi tutur. Vergi qurumu isə 14%, əgər sadələşdirilmiş vergi ödəyicisənsə 4%.

Misal üçün bir şəxs evini 150-200 manata kirayə verir və bu onun yeganə qazancıdır. Amma şəxs 14% dövlətə verməlidir. Çox güman ki, şəxs bu gəlirini gizlədəcək. Amma dövlət şərait yaratdsa və qeyd etsə ki, 250-300 manatadək gəlirdən vergi tutulmur, insanlar daha rahat olar. Fikirləşərlər ki, dövlət qayğıkeşdir və insanlar da öz növbəsində dövləti fikirləşməyə başlayar.

 

 

Maddə 10. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları

10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:

10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;

10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər;

10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları;

10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları;

10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;

10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər.

 

Maddə 11. Vergi anlayışı

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.