Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 fevral 2001-ci il
№ 48
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra - büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda "vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar" dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur.
2. VERGİ ÖDƏYİCİSİNİN BÜDCƏYƏ ARTIQ ÖDƏMƏLƏRİN QAYTARILMASI ÜZRƏ HÜQUQLARI
Vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir.[1]
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. [2]
3. BÜDCƏYƏ ARTIQ ÖDƏMƏLƏRİN QAYTARILMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
3.1. Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
3.2. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.[3]
3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni rezidentliyini rəsmi təsdiq edən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir.
3.4. Bu Qaydaların 3.1-ci və 3.3-cü bəndlərində göstərilən ərizə formaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.[4]
4. (QÜVVƏDƏN DÜŞÜB) [5]
5. Büdcəyə artıq ödəmələrİn qaytarılması üzrə vergİlərİn büdcəyə daxİl olmasını təmİn edən orqanların hərəkətlərİ
5.1. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakıları yerinə yetirirlər:[6]
5.1.1. Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; [7]
5.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
5.1.3. büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər;
5.1.4. Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar.
5.1.5 Avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin müvafiq gömrük orqanı tərəfindən nağd formada qaytarılması üçün zəruri tədbirlər görürlər.[8]
5.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük müddət vergi ödəyicisinin bu barədə ərizə verdiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.
5.3. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələr digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldildikdə, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana bildiriş göndərir.[9]
5.4. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 45 gün ərzində ona qaytarılır.
Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti beş aya keçirilir və bu ayların ödəmələrinə aid edilir, artıq ödəmənin hər hansı qalığı isə bu müddət bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində qaytarılır.
5.5. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər.
Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır.
5.6. Zəruri hallarda vergilərin büdcəyə daxil olmasını təmin edən orqanların səlahiyyətli əməkdaşı xarici diplomatik və analoji nümayəndəliyin məsul şəxsinə və yaxud onların işçisinə (və onun səlahiyyətli nümayəndəsinə), habelə malı (xidməti, işi) təqdim edən vergi ödəyicisinə vergilərin ödənilməsi ilə əlaqədar sorğu verə bilər.
Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.[10]
5.8. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır.
5.9. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə aid etdikdə, bu barədə maliyyə orqanına müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.[11]
5.10. Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergilərin alınması üçün müəyyən edilmiş qaydada həmin məbləğlərin qaytarılmasının tələb etməlidirlər.
6. BÜDCƏYƏ ARTIQ ÖDƏMƏLƏRİN QAYTARILMASI ÜZRƏ MALİYYƏ ORQANLARININ HƏRƏKƏTLƏRİ
6.1. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər[12]
6.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.[13]
6.3. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər.[14]
6.4. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir.
6.5. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır.
7. BÜDCƏYƏ ARTIQ ÖDƏMƏLƏRİN QAYTARILMASI ÜZRƏ VERGİLƏRİN BÜDCƏYƏ DAXİL OLMASINI TƏMİN EDƏN ORQANLARIN VƏ MALİYYƏ ORQANLARININ MƏSULİYYƏTİ
7.1. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasının təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.[15]
Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, vergi ödəyicisinə faiz ödənilmir.
7.2. Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 4 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 214)
2. 12 iyun 2003-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №6, maddə 149)
3. 24 fevral 2005-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №2, maddə 134)
4. 7 fevral 2006-cı il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №2, maddə 184)
5. 27 mart 2006-cı il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №3, maddə 308)
6. 8 oktyabr 2010-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №10, maddə 905)
© 2009-2022 De Jure.