Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsi, strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bir ay müddətində normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2002-ci il
№ 823
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarını rəhbər tutur.
3. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin //çıxarılıb// aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.
4. Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.
5. Dövlət Sərhəd Xidməti həqiqi və şərti adlara, rəsmi emblemə, müstəqil balansa, əmlaka, banklarda hesablara, Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı həkk olunmuş möhürlərə, müvafiq ştamplara və blanklara malikdir.
6. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
7. Dövlət Sərhəd Xidmətinin kadr tərkibi hərbi qulluqçulardan və əmək müqaviləsi ilə işləyən mülki heyətdən (işçilərdən) ibarətdir.
II. DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN TƏYİNATI VƏ ƏSAS VƏZİFƏLƏRİ
8. Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir.
9. Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı əsas vəzifələri yerinə yetirir:
9.1. Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsini, sərhədboyu zonada əhalinin, mülkiyyətin bu cür əməllərdən qorunmasını, onların qarşısının alınmasını təşkil edir;
9.2. səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlər görür, zəruri hallarda həmin münaqişələrin həlli məqsədi ilə aidiyyəti dövlət orqanlarına müraciət edir;
9.3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hava hücumundan müdafiə qoşunları və hərbi hava qüvvələrinə onlar tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin havadan mühafizə olunması ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsində kömək göstərir;
9.4. şəxslərin və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədi ilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal miqrantların yerləşdirilməsinin qarşısının alınması üzrə tədbirlər görür;
9.5. Azərbaycan Respublikasının dövlət sərhədinin qanunsuz dəyişdirilməsi cəhdlərinin qarşısının alınmasını təmin edir, Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyən olunması ilə əlaqədar işlərin (delimitasiya demarkasiya və sair) yerinə yetirilməsində iştirak edir;
9.6. qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər olduqda şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın müəyyən olunmuş məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmasını təmin edir;
9.7. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının Dövlət sərhədlərindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısının alınmasını təmin edir;
9.8. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir;
9.9. qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;
9.10. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir;
9.11. səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasını təmin edir;
9.12. Azərbaycan Respublikasının sərhədboyu zolağında və sərhəd sularında təbii və bioloji sərvətlərin qorunmasında aidiyyəti dövlət orqanlarına kömək göstərir;
9.13. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dayanacaq yerlərini və dayanma müddətlərini gömrük idarələri (postları) və əlaqədar orqanlar, müəssisələr və idarələrlə birlikdə müəyyən edir;
9.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, təbii fəlakətlər, təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istisna edilməklə, sərhədboyu zolaqda müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda məhdudlaşdırır;
9.15. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
9.16. əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməklə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;
9.17. Dövlət Sərhəd Xidmətində rabitə sistemi və vasitələrinin inkişaf etdirilməsini və təkmilləşdirilməsini, məlumat təhlükəsizliyini təmin edir;
9.18. Azərbaycan Respublikasının sərhədboyu zonasında tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınması və onların aradan qaldırılması üzrə dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir;
9.19. qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsini həyata keçirir;
9.20. Dövlət Sərhəd Xidmətinin kadr təminatını həyata keçirir, hərbi qulluqçuların və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, əlavə təhsilini və mənəvi-psixoloji hazırlığını təmin edir;
9.20-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;
9.21. səlahiyyətləri daxilində səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak edir;
9.22. daxili təhqiqatların aparılmasını təşkil edir;
9.23. elmi tədqiqat işlərinin aparılmasını və elmi-texniki nailiyyətlərin Dövlət Sərhəd Xidməti sistemində tətbiqini təmin edir;
9.24. daxil olan müraciətlərin qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;
9.25. maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və təftişini həyata keçirir;
//çıxarılıb//
9.27. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir, onların sosial müdafiəsini təmin edir, hərbi qulluqçuların və işçilərin mənzillə təmin edilməsi, onların məişət təminatının yaxşılaşdırılması üçün tədbirlər görür;
9.28. səlahiyyətləri daxilində sərhəd obyektlərinin və qurğularının əsaslı tikintisini, layihə-tədqiqat işlərinin aparılmasını təşkil edir;
9.29. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət sərhədinin mühafizəsi məsələləri üzrə xarici dövlətlərin sərhəd mühafizə və digər orqanları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, onların fəaliyyətində iştirak edir.
9.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
9.31. hərbi-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir.
10. Dövlət Sərhəd Xidməti qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.
III. DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN HÜQUQLARI
11. Dövlət Sərhəd Xidməti öz təyinatını və vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.1. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin olunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək;
11.2. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin qeydiyyatının aparılmasını, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılmasını və ölkə hüdudlarından kənarlaşdırılmasını təmin etmək;
11.3. xidməti vəzifələri icra edərkən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada plomblanmış vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük və digər aidiyyəti orqanlarla birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və digər aidiyyəti orqanların iştirakını təmin etmək mümkün olmadığı hallarda isə milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək;
11.4. hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələr vermək;
11.5. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən ayrı-ayrı şəxslərə, nəqliyyat vasitələrinə, yüklərə və başqa əmlaka münasibətdə qanunvericiliklə müəyyən edilmiş həcmdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək;
11.6. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində kəşfiyyat və əks-kəşfiyyat tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək;
11.7. əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış məlumatlarının və digər informasiyaların, hesabatların məlumat banklarını yaratmaq, bu məlumatların təhlilini və onlardan istifadəni təşkil etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək;
11.8. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə dair qanunların və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi barədə təkliflər vermək, öz fəaliyyətinin normativ hüquqi tənzimlənməsini həyata keçirmək;
11.9. sərhəd münaqişələrinin həlli məqsədi ilə həmsərhəd dövlətlərin sərhəd mühafizə xidmətləri ilə səlahiyyətləri həddində danışıqlar aparmaq;
11.10. səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin sərhəd xidməti orqanları tərəfindən icrasına nəzarət etmək;
11.11. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan əmlak barəsində hüquqları həyata keçirmək;
11.12. qanunvericiliklə müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələri ilə əlaqələr yaratmaq, //çıxarılıb// qəzet, jurnal, bülletenlər buraxmaq, nəşriyyat işini həyata keçirmək;
11.13. səlahiyyətlərinə aid edilmiş məsələlərə dair məhkəmələrdə iddia ilə çıxış etmək;
11.14. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq;
11.15. milli təhlükəsizliyin, mülkiyyətin, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələləri üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
11.16. Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində kadrların hazırlanması üzrə tədbirlər görmək;
11.17. Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işini təşkil etmək;
11.18. müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət etmək;
11.19. qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə digər fəaliyyəti həyata keçirmək.
IV. DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
12. Dövlət Sərhəd Xidməti bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və ona hesabat verir.
13. Dövlət Sərhəd Xidmətinin strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Dövlət Sərhəd Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
14. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Dövlət Sərhəd Xidmətində işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.
15. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
16. Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
17. Dövlət Sərhəd Xidmətinin rəisi:
17.1. Dövlət Sərhəd Xidmətinin işini təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir və vəzifələrinin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır;
17.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların və Dövlət Sərhəd Xidmətinin digər vəzifəli şəxslərinin səlahiyyətlərini, məsuliyyət dərəcəsini müəyyən edir və qarşılıqlı fəaliyyətini təmin edir;
17.3. Dövlət Sərhəd Xidmətinin baş idarə, idarə, şöbə və digər qurumlarının //çıxarılıb// fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;
17.3-1. Dövlət Sərhəd Xidmətinin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
17.4. əmr, sərəncam və göstərişlər verir, tədris vəsaitlərini, daxili nizamnamələri, təlimatları və digər normativ hüquqi aktları təsdiq edir, başqa dövlət orqanlarının rəhbərləri ilə birgə v ya onlarla razılaşdırılmış əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasının təmin edilməsi üzrə tədbirlər görür;
17.5. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları və digər qurumları ilə münasibətlərdə Dövlət Sərhəd Xidmətini təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müqavilə və digər sənədləri imzalayır;
17.6. Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr, sərəncam və göstərişlərini ləğv edir;
17.7. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı qanun və digər normativ-hüquqi aktların layihələrini baxılması üçün müəyyən edilmiş qaydada təqdim edir;
17.8. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və strukturu barədə, o cümlədən //çıxarılıb// aparatın strukturuna daxil olan qurumların, sərhəd dəstələrinin, hərbi dəniz və hərbi aviasiya hissələrinin yaradılması və ləğv edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
17.9. Dövlət Sərhəd Xidməti sisteminə daxil olan qurumların (//çıxarılıb// sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri istisna olmaqla) yaradılması, yenidən qurulması, ləğv edilməsi barədə qərarlar verir;
17.10. qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçu heyəti vəzifələrinin siyahısını, bu vəzifələrə uyğun hərbi rütbə hədlərini təsdiq edir;
17.11. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçuların və işçilərin say həddi daxilində Dövlət Sərhəd Xidmətinin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
17.12. səlahiyyətləri daxilində vətəndaşların Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə və işə qəbul edir, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;
17.13. işçilərlə əmək müqavilələrinin bağlanılması və onlara xitam verilməsi məsələlərinə dair vəzifəli şəxslərin səlahiyyətlərini müəyyən edir;
17.14. Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali zabit rütbələrinin verilməsi və ali zabit rütbəsi olan hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
17.15. Dövlət Sərhəd Xidməti hərbi qulluqçularına polkovnik və 1-ci dərəcəli kapitan rütbəsi də daxil olmaqla hərbi rütbələri, habelə ilk zabit rütbəsini, vaxtından əvvəl və növbədənkənar hərbi rütbələri verir;
17.16. Azərbaycan Respublikasının sərhəd nümayəndələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
17.17. Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının geyim formasının, fərqlənmə nişanlarının və digər rəmzlərin təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər verir;
17.18. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin, habelə Dövlət Sərhəd Xidmətinin vəzifələrinin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif olunmaları üçün təltif və hədiyyə fondları, o cümlədən silah fondları yaradır, müəyyən edilmiş qaydada döş nişanlarını təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, həmin şəxsləri döş nişanları, fəxri fərmanlarla təltif edir, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər həvəsləndirmə tədbirlərini tətbiq edir, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını, işçilərini və digər şəxsləri Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edir;
17.18-1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən səlahiyyət verildiyi halda, medallarla təltif edir;
17.19. Dövlət Sərhəd Xidmətinə ayrılmış maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarını müəyyən edir, xidmətin xüsusiyyətləri və ayrılmış məbləğin həddi nəzərə alınmaqla vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir;
17.20. təbii fəlakət, fövqəladə vəziyyət şəraitində və ya ayrı-ayrı hallarda, eləcə də birdəfəlik təcili tapşırıqların yerinə yetirilməsi zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün müvəqqəti ərzaq payı normalarını müəyyən edir;
17.21. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını və işçilərini qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada mükafatlandırır və onlar barəsində intizam tənbehi tədbirləri tətbiq edir;
17.22. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları haqqında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müəyyən etdiyi digər hüquqları həyata keçirir;
17.23. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının səfərbərlik və döyüş hazırlığını, attestasiya komissiyalarının yaradılması və attestasiyaların keçirilməsini, məxfilik və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir, habelə hərbi qulluqçuların və işçilərin sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər görür;
17.24. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin peşəkarlığının artırılması məqsədi ilə tədris işini təşkil edir;
17.25. Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işinin təşkili qaydalarını müəyyən edir;
17.26. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi barədə müəyyən edilmiş qaydada qərarlar qəbul edir;
17.27. qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçuların Silahlı Qüvvələrə və başqa silahlı birləşmələrə, həmçinin səlahiyyətləri daxilində digər dövlət orqanlarına onların rəhbərliyi ilə razılaşdırmaqla ezam edir;
17.28. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə əlaqədar məsələlər üzrə müvafiq dövlət orqanlarına təkliflər verir;
17.29. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
18. Dövlət Sərhəd Xidmətində Hərbi şura yaradılır. Hərbi şuraya Dövlət Sərhəd Xidmətinin rəisi, tutduqları vəzifəyə görə rəis müavinləri, digər rəhbər vəzifəli şəxslər daxil edilirlər. Hərbi şuranın tərkibi Dövlət Sərhəd Xidmətinin rəisinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
19. Hərbi şuranın iclaslarında Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, vəzifəli şəxslərin hesabatları dinlənilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar çıxarılır.
20. Hərbi şuranın iclaslarına Dövlət Sərhəd Xidmətinin rəisi sədrlik edir. Hərbi şuranın üzvləri müzakirə edilən məsələlərə dair qərarlar qəbul edərkən səsvermədə bərabər hüquqlara malikdirlər. Hərbi şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə elan olunur və həyata keçirilir.
21. Hərbi şuranın sədri və Hərbi şura üzvləri arasında fikir ayrılığı olduqda, Hərbi şuranın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞ
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN STRUKTURU
(çap olunmayıb)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 22 may 2007-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 460)
2. 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117)
3. 20 iyun 2008-ci il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 496)
4. 20 iyun 2008-ci il tarixli 779 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 497)
5. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983)
6. 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83)
7. 15 mart 2010-cu il tarixli 231 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 182)
8. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
9. 29 noyabr 2012-ci il tarixli 755 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti 2 dekabr 2012-ci il, № 269, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1115)
10. 20 oktyabr 2014-cü il tarixli 295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1180)
11. 17 avqust 2015-ci il tarixli 584 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 913)
© 2009-2022 De Jure.