Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2004-cü il fevralın 27-də imzalanmış Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd şərtləri və bəyanatları ilə (qeyd-şərtlərin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2005-ci il
№ 1003-IIQ
Birləşmiş Millətlər Təşkilatının korrupsiya əleyhinə
KONVENSİYASI
Baş Assambleyanın 2003-cü il 31 oktyabr tarixli
57/169 nömrəli Qətnaməsi ilə qəbul edilmişdir
PREAMBULA
Bu Konvensiyanın iştirakçısı olan Dövlətlər,
korrupsiyanın, demokratik institutları və dəyərləri, etik dəyərləri və əda-ləti sarsıdaraq, davamlı inkişafa və hüququn aliliyinə xələl gətirərək, cəmiyyətin stabilliyi və təhlükəsizliyi üçün doğurduğu problemlərin və təhdidlərin ciddiliyindən narahat olaraq,
həmçinin korrupsiya və cinayətkarlığın digər formaları, xüsusən mütəşəkkil cinayətkarlıq və iqtisadi cinayətkarlıq, o cümlədən pul vəsaitlərinin yuyulması arasında əlaqələrdən narahat olaraq,
dövlətlərin resurslarının xeyli hissəsini təşkil edə bilən böyük həcmli aktivlərlə bağlı olan, bu dövlətlərin siyasi stabilliyini və sabit inkişafını təhlükə altına qoyan korrupsiya hallarından narahat olaraq,
korrupsiyanın artıq lokal problem deyil, bütün ölkələrin cəmiyyət və iqtisadiyyatına toxunan, buna görə də qarşısının alınması və əleyhinə mübarizə aparılması sahəsində beynəlxalq əməkdaşlığın müstəsna dərəcədə vacib əhəmiyyət kəsb etdiyi transmilli bir təzahür olmasına əmin olaraq,
korrupsiyanın səmərəli surətdə qarşısının alınması və ona qarşı mübarizə aparılması üçün ümum əhatəli və çox şaxəli yanaşmanın zəruriliyinə inanaraq,
texniki yardımın mövcudluğunun, habelə potensialı artırmaq və institutlar yaratmaq yolu ilə, korrupsiyanın səmərəli surətdə qarşısının alınması və ona qarşı mübarizə aparılması sahəsində dövlətlərin imkanlarını genişləndirəcəyini qət edərək,
qanunsuz olaraq şəxsi var-dövlət əldə edilməsinin demokratik təsisatlara, milli iqtisadiyyata və hüquq qaydalarına ciddi ziyan vura bilməsinə əmin olaraq,
qanunsuz əldə edilmiş aktivlərin beynəlxalq köçürmələrinin daha səmərəli surətdə qarşısını almaq, onları aşkarlamaq və dəf etmək, habelə aktivlərin geri qaytarılması üzrə tədbirlər görülməsi sahəsində beynəlxalq əməkdaşlığı möhkəmlətmək əzmi ilə çıxış edərək,
cinayət təqibi, mülki və ya inzibati icraat gedişində əmlak hüquqlarının müəyyən edilməsi üçün düzgün hüquq tətbiqinin əsas prinsiplərini təsdiq edərək,
korrupsiyanın qarşısının alınması və aradan qaldırılmasının bütün dövlətlərin vəzifəsi olduğunu, bu sahədə öz səylərinin səmərəliliyini təmin etmək üçün dövlətlərin bir-biri ilə əməkdaşlıq etməli, habelə dövlət sektorundan xaricdə ayrı-ayrı şəxslərin və qrupların, məsələn vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların dəstəyinə və iştirakına güvənməli olduğunu nəzərə alaraq,
həmçinin dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, ədalət, məsuliyyət və qanun qarşısında bərabərlik prinsiplərini, vicdanlılığın təmin olunması, korrupsiyanı istisna edən mədəniyyətin formalaşmasına imkan yaradılması zərurətini nəzərə alaraq,
Cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi Komissiyasının və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə aparılması sahəsində gördüyü işlərə yüksək qiymət verərək,
digər beynəlxalq və regional təşkilatların, məsələn Afrika İttifaqının, Avropa Birliyinin, Ərəb Dövlətləri Liqasının, Amerika Dövlətləri Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Şurasının və Gömrük Əməkdaşlığı Şurasının (həmçinin Ümumdünya Gömrük Təşkilatı kimi tanınır) bu sahədə apardığı işlərə istinad edərək,
korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə sahəsində çoxtərəfli sənədlərə, o cümlədən Amerika Dövlətləri Təşkilatı tərəfindən 29 mart 1996-cı il tarixdə qəbul olunmuş Korrupsiya ilə mübarizəyə dair Amerika konvensiyasına, Avropa Birliyinin Şurası tərəfindən 26 may 1997-ci il tarixdə qəbul olunmuş Avropa İttifaqının vəzifəli şəxsləri və Avropa Birliyinə üzv dövlətlərin vəzifəli şəxsləri ilə bağlı korrupsiyaya qarşı mübarizəyə dair Konvensiyaya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 21 noyabr 1997-ci il tarixdə qəbul olunmuş Beynəlxalq kommersiya əqdlərində xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına qarşı mübarizəyə dair Konvensiyaya, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 27 yanvar 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyaya, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 4 noyabr 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiyaya və Afrika İttifaqı dövlət və hökumət başçıları tərəfindən 12 iyul 2003-cü il tarixdə qəbul olunmuş Korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə haqqında Afrika İttifaqı Konvensiyasına rəğbət hissi ilə diqqət yetirərək,
Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının 29 sentyabr 2003-cü il tarixdə qüvvəyə minməsini alqışlayaraq,
aşağıdakılar barəsində razılığa gəlmişlər:
Fəsil I
ÜMUMİ MÜDDƏALAR
M ad də 1
Məqsədlər
Bu Konvensiyanın məqsədləri aşağıdakılardır:
a) korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin daha səmərəli və təsirli qurulması üçün tədbirlərin təşviq edilməsi və gücləndirilməsi;
b) korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə, habelə aktivlərin geri qaytarılması üzrə tədbirlər görülməsi sahəsində beynəlxalq əməkdaşlığın və texniki yardımın təşviq edilməsi, asanlaşdırılması və dəstəklənməsi;
c) dövlət işlərinin və dövlət əmlakının idarə olunması zamanı vicdanlılığın, məsuliyyətliliyin və düzgün idarəçiliyin təşviq edilməsi.
Maddə 2
Anlayışlar
Bu Konvensiyanın məqsədləri üçün:
a) "dövlət vəzifəli şəxs" dedikdə: i) İştirakçı Dövlətin qanunverici, icra, inzibati və ya məhkəmə orqanlarında daimi və ya müvəqqəti əsaslarla, əmək haqqı almaqla və ya almadan, təyinetmə və ya seçki əsasında hər hansı vəzifə tutan, vəzifə səviyyəsindən asılı olmayaraq hər hansı şəxs; ii) dövlət təsisatı və dövlət müəssisəsi də daxil olmaqla hər hansı dövlət funksiyası yerinə yetirən, yaxud İştirakçı Dövlətin daxili qanunvericiliyi ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu kimi hər hansı dövlət xidmətləri göstərən istənilən digər şəxs; iii) İştirakçı Dövlətin daxili qanunvericiliyində "dövlət vəzifəli şəxs" kimi qəbul olunan hər hansı digər şəxs başa düşülür. Bununla belə, bu Konvensiyanın IIfəslində nəzərdə tutulmuş bəzi konkret tədbirlərin məqsədləri üçün "dövlət vəzifəli şəxs" dedikdə, İştirakçı Dövlətin daxili qanunvericiliyi ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu kimi, hər hansı dövlət funksiyaları yerinə yetirən və ya hər hansı dövlət xidmətləri göstərən istənilən şəxs nəzərdə tutla bilər;
b) "xarici dövlət vəzifəli şəxs" dedikdə, xarici dövlətin qanunvericilik, icra, inzibati və ya məhkəmə orqanlarında təyinetmə və ya seçki əsasında hər hansı vəzifə tutan hər hansı şəxs; habelə dövlət təsisatı və dövlət müəssisəsi də daxil olmaqla, xarici dövlət üçün hər hansı dövlət funksiyalarını yerinə yetirən şəxs başa düşülür;
c) "dövlətlərarası beynəlxalq təşkilatın qulluqçusu" dedikdə, bu təşkilat tərəfindən onun adından fəaliyyət göstərmək üçün icazə verilmiş beynəlxalq qulluqçu və ya istənilən digər şəxs nəzərdə tutulur;
d) "əmlak" dedikdə, maddi və ya qeyri-maddi, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər və aktlar başa düşülür;
e) "cinayət yolu ilə əldə edilmiş gəlirlər" dedikdə, hər hansı cinayətin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə edilmiş və ya alınmış hər hansı əmlak başa düşülür;
f) "həbs" və ya "götürmə" dedikdə, məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı ilə əmlakın verilməsinin, dəyişdirilməsinin, özgəninkiləşdirilməsinin və ya daşınmasının müvəqqəti olaraq qadağan edilməsi, yaxud belə əmlaka müvəqqəti olaraq sahiblik edilməsi və ya bu əmlaka müvəqqəti nəzarət edilməsi başa düşülür;
g) "müsadirə" dedikdə, məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı ilə əmlakdan həmişəlik məhrum etmə başa düşülür;
h) "əsas hüquqpozma" dedikdə, törədilməsi nəticəsində bu Konvensiyanın 23-cü maddəsi ilə müəyyən edilən hüquqpozmanın predmeti ola bilən gəlirin əldə edilməsinə səbəb olan hüquqpozma başa düşülür;
i) "nəzarətli göndəriş" dedikdə, hər hansı hüquqpozmanın istintaqı və onun törədilməsində iştirak edən şəxslərin aşkara çıxarılması məqsədilə bir və ya bir neçə dövlətin ərazisində bu dövlətlərin səlahiyyətli orqanlarını məlumatlandırmaqla və onların nəzarəti altında qanunsuz və ya şübhəli yük partiyalarının gətirilməsi, keçirilməsi və aparılmasını nəzərdə tutan metod başa düşülür.
M a d d ə 3
Tətbiq sahəsi
1. Bu Konvensiya, müvafiq müddəalarına uyğun olaraq, korrupsiyanın qarşısının alınması, istintaqı və cinayət təqibinə, habelə bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlər üzərinə həbs qoyulması, onların götürülməsi, müsadirəsi və geri qaytarılmasına tətbiq olunur.
2. Bu Konvensiyanın məqsədləri üçün, əgər onda başqa qayda nəzərdə tutulmamışdırsa, göstərilən hüquqpozmalar nəticəsində dövlətin əmlakına zərər və ya ziyan vurulması vacib sayılmır.
M add ə 4
Suverenliyin qorunması
1. İştirakçı Dövlətlər bu Konvensiyada müəyyən olunmuş öhdəliklərini dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü, habelə dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə uyğun olaraq həyata keçirirlər.
2. Bu Konvensiyanın heç bir müddəası İştirakçı Dövlətə başqa dövlətin ərazisində bu dövlətin daxili qanunvericiliyi ilə müstəsna olaraq onun öz orqanlarının səlahiyyətinə aid edilmiş yurisdiksiyanı və ya funksiyaları həyata keçirmək hüququ vermir.
Fəsil II
KORRUPSİYANIN QARŞISININ ALINMASI ÜZRƏ TƏDBİRLƏR
M addə 5
Korrupsiyanın qarşısının alınması
və ona qarşı əks-təsir siyasəti və praktikası
1. Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, cəmiyyətin korrupsiya ilə mübarizədə iştirakını təşviq edən, qanunun aliliyi, dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, vicdanlılıq, şəffaflıq və məsuliyyətlilik prinsiplərini özündə əks etdirən korrupsiyaya qarşı səmərəli və uzlaşdırılmış siyasət hazırlayır və tətbiq edir.
2. Hər bir İştirakçı Dövlət korrupsiya ilə mübarizə praktikasının səmərəli növlərini müəyyən etməyə və təşviq etməyə səy göstərir.
3. Hər bir İştirakçı Dövlət müvafiq hüquqi sənədlərin və inzibati tədbirlərin korrupsiyanın qarşısının alınması və onunla mübarizə baxımından uyğunluğunu müəyyən etmək üçün onların dövri dəyərləndirilməsinə səy göstərir.
4. İştirakçı Dövlətlər, lazım gəldikdə və öz hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq, bu maddədə göstərilən tədbirlərin hazırlanması və inkişaf etdirilməsində bir-biri ilə və müvafıq beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət göstərirlər. Belə qarşılıqlı fəaliyyət korrupsiya ilə mübarizəyə yönəlmiş beynəlxalq proqram və layihələrdə iştirak formasında da ola bilər.
M addə 6
Korrupsiyanın qarşısının alınması üzrə orqan və ya orqanlar
1. Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, aşağıdakı tədbirlər vasitəsilə korrupsiyanın qarşısının alınması sahəsində fəaliyyət göstərən orqanı, lazım gəldikdə, orqanları yaradır:
a) bu Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan siyasətin həyata keçirilməsi və lazım gəldikdə, bu siyasətin həyata keçirilməsinə nəzarət edilməsi və onun koordinasiyası;
b) korrupsiyanın qarşısının alınması məsələləri üzrə biliklərin genişləndirilməsi və yayılması.
2. Hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndində göstərilən orqan və ya orqanların öz funksiyalarını səmərəli surətdə və hər hansı kənar təsirdən azad şəraitdə həyata keçirə bilməsi üçün, daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, onların zəruri müstəqilliyini təmin edir. Göstərilən məqsədlə, zəruri maddi resursları və ixtisaslı heyəti, bu heyətin üzərinə düşən funksiyaların yerinə yetirilməsi üçün tələb olunan hazırlığı təmin etmək lazımdır.
3. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində digər İştirakçı Dövlətlərə kömək göstərəcək orqan və ya orqanlarının ad və ünvanları barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə məlumat verir.
Maddə 7
Dövlət sektoru
1. Hər bir İştirakçı Dövlət lazım gəldikdə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət qulluqçularının işə qəbulunun, seçilməsinin, qulluq keçməsinin, qulluqda irəli çəkilməsinin və istefaya çıxmasının elə bir sistemini yaratmağa, təmin etməyə və möhkəmləndirməyə çalışır ki, bu sistem:
a) səmərəlilik, şəffaflıq prinsiplərinə və layiqlilik, ədalətlilik və bacarıqlılıq kimi obyektiv meyarlara əsaslanır;
b) korrupsiyaya xüsusilə həssas olan dövlət vəzifələrini tutmaq üçün şəxslərin seçilməsi və hazırlanmasının, lazım gəldikdə, bu şəxslərin digər vəzifələrə yerdəyişməsinin adekvat prosedurlarını nəzərdə tutur;
c) İştirakçı Dövlətin iqtisadi inkişaf səviyyəsini nəzərə alan müvafiq əmək haqlarının ödənilməsinə və ədalətli maaşların müəyyən olunmasına imkan verir;
d) bu şəxslərin dövlət funksiyalarmı düzgün, vicdanla və lazımi qaydada yerinə yetirməsi üçün təhsil və tədris proqramlarının həyata keçirilməsinə imkan verir, habelə öz funksiyalarının yerinə yetirilməsindən irəli gələn korrupsiya riskləri barədə məlumatlandırmaq üçün onların ixtisaslaşmış və müvafiq hazırlığını təmin edir. Belə proqramlar tətbiq edilən sahələr üzrə etik davranış kodekslərinə və standartlarına istinad edə bilər.
2. Dövlət vəzifələrinə namizədliyə və seçkiyə aid meyarları müəyyən etmək üçün hər bir İştirakçı Dövlət bu Konvensiyanın məqsədlərinə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul olunması məsələsini nəzərdən keçirir.
3. Hər bir İştirakçı Dövlət seçkili dövlət vəzifələrinə namizədliyin maliyyələşdirilməsində və mümkün hallarda siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığı gücləndirmək üçün bu Konvensiyanın məqsədlərinə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul olunması məsələsini də nəzərdən keçirir.
4. Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq şəffaflığı təmin edən və maraqların toqquşmasının qarşısını alan sistemləri yaratmağa, saxlamağa və möhkəmləndirməyə səy göstərir.
Maddə 8
Dövlət vəzifəli şəxslər üçün davranış kodeksləri
1. Korrupsiya ilə mübarizə məqsədilə hər bir İştirakçı Dövlət, digər tədbirlərlə yanaşı həmçinin daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, öz dövlət vəzifəli şəxslərinin vicdanlılığını, şərəfliliyini və məsuliyyətliliyini təşviq edir.
2. Xüsusilə, hər bir İştirakçı Dövlət, dövlət funksiyalarının düzgün, vicdanla və lazımi qaydada yerinə yetirilməsi üçün öz institusional və hüquqi sistemləri çərçivəsində davranış kodekslərini və standartlarım tətbiq etməyə çalışır.
3. Bu maddənin müddəalarının tətbiq edilməsi üçün hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, regional, regionlararası və çoxtərəfli təşkilatların müvafiq təşəbbüslərini, məsələn, Baş Assambleyanın 12 dekabr 1996-cı il tarixli 51/59 qətnaməsinin əlavəsində əks olunmuş dövlət vəzifəli şəxslərin beynəlxalq davranış kodeksini
nəzərə alır.
4. Hər bir İştirakçı Dövlət, dövlət vəzifəli şəxslərin öz funksiyalarını yerinə yetirən zaman aşkar etdiyi korrupsiya əməlləri barədə müvafiq orqanlara xəbər verməsinə şərait yaradan tədbir və sistemləri müəyyən etmək məsələsini də öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq nəzərdən keçirir.
5. Hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır.
6. Hər bir İştirakçı Dövlət bu maddəyə uyğun olaraq qəbul edilmiş kodeksləri və standartları pozan dövlət vəzifəli şəxslər barəsində intizam və digər tədbirlər görülməsi məsələsini öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun surətdə nəzərdən keçirir.
Maddə 9
Dövlət satınalmaları və dövlət maliyyəsinin idarə edilməsi
1. Hər bir İştirakçı Dövlət, digər məsələlərlə yanaşı, həmçinin korrupsiyanın qarşısının alınmasında səmərəli olan və şəffaflığa, rəqabətə, qərar qəbulunda obyektiv meyarlara əsaslanan müvafiq satınalma sistemləri yaratmaq üçün öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq zəruri tədbirlər görür. Tətbiq olunduqları halda müvafiq dəyər hüdudlarını nəzərdə tuta bilən bu
sistemlər digər məsələlərlə yanaşı, həmçinin aşağıdakılara əməl edir:
a) potensial tender iştirakçılarının tender təkliflərini hazırlamasına və təqdim etməsinə kifayət qədər vaxt vermək üçün, satınalma prosedurları və müqavilələri barədə məlumatların, o cümlədən tenderdə iştirak üçün dəvət və müqavilələrin bağlanması üçün lazımi məlumatların ictimai yayılması;
b) seçilmə və müqavilə bağlanması da daxil olmaqla, iştirak şərtlərinin və tender qaydalarının əvvəlcədən müəyyənləşdirilməsi və dərc olunması;
c) qayda və prosedurların düzgün tətbiq edilməsinin sonradan yoxlanmasını asanlaşdırmaq məqsədilə, dövlət satınalmaları qərarları üçün obyektiv və əvvəlcədən müəyyənləşdirilən meyarlardan istifadə olunması;
d) bu bəndə uyğun olaraq müəyyən edilən qayda və prosedurlara əməl olunmadığı hallarda hüquqi mübahisələndirmə və hüquqi müdafiə vasitələrini təmin edən səmərəli daxili nəzarət sistemi, o cümlədən səmərəli şikayət sistemi;
e) lazım gəldikdə, satınalmalara görə məsul olan heyətlə bağlı məsələlərin tənzimlənməsi tədbirləri, məsələn, konkret dövlət satınalmalarında maraqlı olan şəxslərin bu barədə bəyanat vermək vəzifəsi, dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması prosedurları və treninq tələbləri.
2. Hər bir İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığı və hesabatlılığı stimullaşdırmaq üçün müvafiq tədbirlər görür. Belə tədbirlər digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları nəzərdə tutur:
a) milli büdcənin təsdiq olunması prosedurlarını;
b) gəlirlər və xərclərə dair hesabatların mütəmadi təqdimini;
c) mühasibat uçotu və audit standartları sistemini və onlarla bağlı nəzarəti;
d) risklərin idarə olunmasının və daxili nəzarətin səmərəli və təsirli sistemlərini və;
e) lazım gəldikdə, bu bənddə müəyyən olunmuş tələblərin pozulduğu halda düzəliş tədbirlərini.
3) Dövlət gəlir və xərclərinə aid olan mühasibat kitablarının, qeydlərinin, maliyyə cədvəllərinin və digər sənədlərin tamlığını qorumaq və onların saxtalaşdırılmasının qarşısını almaq üçün hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq zəruri ola bilən mülki-hüquqi və inzibati tədbirləri görür.
Maddə 10
İctimaiyyətin məlumatlandırılması
Korrupsiya ilə mübarizənin zəruriliyini nəzərə alaraq hər bir İştirakçı Dövlət, daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, öz administrasiyasında, o cümlədən onun təşkilində, fəaliyyətində və lazım gəldikdə, qərarlar qəbulu prosesində şəffaflığı gücləndirmək üçün müvafiq tədbirləri görür. Belə tədbirlər, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:
a) geniş ictimaiyyətin nümayəndələri tərəfindən, lazım gəldikdə, dövlət administrasiyasının təşkili, fəaliyyəti və qərar qəbulu prosesləri, habelə şəxsi həyatın və şəxsi məlumatların qorunması şərtlərinə əməl edilməklə, ictimaiyyətin mənafeyinə toxunan qərar və hüquqi aktlar barədə məlumat alınmasına imkan verən prosedur və qaydaların qəbul edilməsi;
b) qərar qəbul edən səlahiyyətli orqanlara müraciət edilməsini asanlaşdırmaq üçün, lazım gəldikdə, inzibati prosedurların sadələşdirilməsi; və
c) dövlət administrasiyasında korrupsiyanın təhlükələri barədə dövri hesabatları da özündə əks etdirə bilən məlumatların dərc olunması.
Maddə 1 1
Məhkəmə və prokurorluq orqanları barədə tədbirlər
1. Məhkəmə hakimiyyətinin müstəqilliyini və korrupsiya ilə mübarizədə onun həlledici rolunu nəzərə alaraq hər bir İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq və məhkəmə orqanlarının müstəqilliyinə xələl gətirmədən, məhkəmələrin və məhkəmə orqanları işçilərinin vicdanlılığının möhkəmləndirilməsi və onlar arasında korrupsiya imkanlarına yol verilməməsi üçün lazımi tədbirləri görür. Belə tədbirlərə məhkəmə orqanları işçilərinin davranışı ilə bağlı qaydalar daxil ola bilər.
2. Prokurorluq orqanları məhkəmə hakimiyyətinin tərkibinə daxil olmayan, lakin məhkəmə orqanları ilə analoji müstəqillikdən istifadə edən İştirakçı Dövlətlərdə, bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən eyni mahiyyətli tədbirlər prokurorluq orqanlarına münasibətdə qəbul edilə və tətbiq edilə bilər.
Maddə 12
Özəl sektor
1. Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, özəl sektorla bağlı korrupsiyanın qarşısının alınması, bu sektorda mühasibat uçotu və audit standartlarının gücləndirilməsi üçün tədbirlər görür və lazım gəldikdə, bu tədbirlərə əməl edilməməsinə görə səmərəli, müvafiq və çəkindirici təsir göstərən mülki-hüquqi, inzibati və ya cinayət sanksiyaları müəyyən edir.
2. Bu məqsədlərə nail olunmasına yönəlmiş tədbirlər, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:
a) hüquq mühafizə orqanları və müvafiq özəl təşkilatlar arasında əməkdaşlığın təşviqi;
b) müvafiq özəl təşkilatların fəaliyyətində vicdanlılığın təmin edilməsinə yönəlmiş standart və prosedurların, habelə sahibkarlar və bütün müvafiq peşə nümayəndələri tərəfindən fəaliyyətin düzgün, vicdanlı və lazımi formada həyata keçirilməsi, maraqlar toqquşmasının qarşısının alınması və kommersiya müəssisələri arasında, o cümlədən onların dövlətlə müqavilə münasibətlərində vicdanlı kommersiya praktikasından istifadənin təşviqi üçün davranış
kodekslərinin hazırlanmasına yardım;
c) özəl təşkilatların fəaliyyətində şəffaflığın təmininə yardım edilməsi, lazım gəldikdə, həmçinin korporativ təşkilatların yaradılması və idarə olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi üzrə tədbirlər görülməsi;
d) özəl təşkilatların fəaliyyətini tənzim edən prosedurlardan, o cümlədən kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün dövlət orqanlarının verdiyi subsidiya və lisenziyalara aid prosedurlardan sui-istifadə hallarının qarşısının alınması;
e) keçmiş dövlət vəzifəli şəxslərin peşəkar fəaliyyəti və ya dövlət vəzifəli şəxslərin istefaya və ya pensiyaya çıxmasından sonra özəl sektordakı işi onların dövlət vəzifəsində olduğu dövrdə yerinə yetirdikləri və ya yerinə yetirilməsinə nəzarət etdikləri funksiyalarla birbaşa bağlı olduqda, zəruri hallarda və ağlabatan müddətə məhdudiyyətlər qoymaq yolu ilə, maraqlar toqquşmasının qarşısının alınması;
f) strukturundan və ölçülərindən asılı olaraq özəl təşkilatlarda korrupsiya əməllərinin qarşısının alınması və aşkara çıxarılmasına kömək məqsədi daşıyan qənaətbəxş daxili audit mexanizmləri yaradılmasının, habelə bu təşkilatların hesablarında və tələb olunan maliyyə cədvəllərində müvafiq audit və sertifikatlaşdırma prosedurlarının tətbiqinin mümkünlüyünün təmin edilməsi.
3. Korrupsiyanın qarşısını almaq məqsədilə hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə və mühasibat uçotunun aparılmasını, maliyyə hesabatlarının təqdimini, habelə mühasibat uçotu və audit standartlarını tənzim edən qaydalara əsasən, bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə yönəlmiş aşağıdakı hərəkətlərin qadağan edilməsi
üçün lazım olan tədbirləri görür:
a) uçotdankənar hesabların tərtib olunması;
b) uçota alınmamış və ya düzgün qeydiyyata alınmamış əməliyyatların aparılması;
c) mövcud olmayan xərclərin uçotunun aparılması;
d) obyekti düzgün müəyyən edilməyən passivlərin qeydə alınması;
e) saxta sənədlərdən istifadə olunması; və
f) mühasibat sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddət başa çatmadan qəsdən məhv edilməsi.
4. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın 15 və 16-cı maddələrinə uyğun olaraq təsbit edilən hüquqpozmaların tərkibinin əlamətlərindən biri olan rüşvət hesab olunan xərclərin, habelə lazım gəldikdə, korrupsiya əməllərinə yardım məqsədilə çəkilmiş xərclərin vergitutmadan azad olunmasından imtina edir.
Maddə 1 3
İctimaiyyətin iştirakı
1. Dövlət sektoruna aid olmayan şəxslərin və qrupların, məsələn, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə fəal iştirakına yardım etmək üçün, habelə korrupsiyanın mövcudluğu, onun səbəbləri, təhlükəli xarakteri və təhdidləri barədə cəmiyyətin maarifləndirilməsini artırmaq üçün hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq və öz imkanları daxilində lazımi tədbirləri görür. Belə iştirak aşağıdakı tədbirlərin köməyi ilə gücləndirilməlidir:
a) qərarların qəbul edilməsi prosesində şəffaflığın gücləndirilməsi və bu prosesdə ictimaiyyətin iştirakının təşviq edilməsi;
b) ictimaiyyətin məlumatlardan səmərəli istifadə etməsinə imkan yaradılması;
c) əhalidə korrupsiyaya qarşı dözümsüzlük ruhunun yaranmasına xidmət edən məlumatlandırma tədbirlərinin, habelə məktəb və universitetlər də daxil olmaqla, ictimai tədris proqramlarının təşkil edilməsi;
d) korrupsiyaya dair məlumatların axtarılması, əldə edilməsi, dərc etdirilməsi və yayılması azadlığına hörmət edilməsi, təşviq edilməsi və müdafiə edilməsi. Göstərilən azadlığa məhdudiyyətlər müəyyən oluna bilər, ancaq belə məhdudiyyətlər qanunla nəzərdə tutulur və aşağıdakı zərurətlərdən irəli gəlir:
i) başqa şəxslərin hüquqlarına və nüfuzuna hörmət edilməsi;
ii) milli təhlükəsizliyin və ya ictimai qaydanın, yaxud əhalinin sağlamlığının və ya mənəviyyatının qorunması.
2. Hər bir İştirakçı Dövlət bu Konvensiyada göstərilmiş korrupsiya ilə mübarizə aparan orqanların ictimaiyyətə məlum olmasını təmin edən tədbirlər görür və lazım gəldikdə, bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozma yarada bilən hallar barədə məlumatların, anonim forma da daxil olmaqla, həmin orqanlara verilməsi üçün imkan yaradır.
M ad d ə 14
Pul vəsaitlərinin yuyulmasının qarşısının alınması üzrə tədbirlər
1. Hər bir İştirakçı Dövlət:
a) pul vəsaitlərinin və qiymətlilərin köçürülməäi ilə bağlı rəsmi və ya qeyri-rəsmi xidmət göstərən bank və bank sayılmayan maliyyə təsisatlarına, o cümlədən fiziki və hüquqi şəxslərə, habelə zəruri hallarda, pul vəsaitlərinin yuyulması baxımından öz səlahiyyətləri daxilində xüsusən zəif sayılan digər orqanlara pul vəsaitlərinin yuyulmasının bütün formalarının qarşısının alınması və aşkar edilməsi məqsədilə ümuməhatəli daxili tənzim və nəzarət rejimi müəyyən edir ki, bu rejim ilk növbədə, müştərilərin, lazım gəldikdə isə benefisiar mülkiyyətçilərin şəxsiyyətinin müəyyənləşdirilməsi, hesabat aparılması və şübhəli əqdlərlə bağlı məlumatlar verilməsi kimi tələblərə əsaslanır;
b) bu Konvensiyanın 46-cı maddəsinə zidd olmamaq şərtilə, pul vəsaitlərinin yuyulması ilə mübarizə aparan inzibati, tənzimləyici, hüquq mühafizə və digər orqanların (həmçinin daxili qanunvericilik nəzərdə tutduqda məhkəmə orqanlarının) daxili qanunvericiliklə müəyyən olunmuş şərtlərlə milli və beynəlxalq səviyyədə əməkdaşlıq və məlumat mübadiləsi edə bilmələrini təmin edir və bu məqsədlə, pul vəsaitlərinin yuyulmasının bütün mümkün hallarına aid məlumatların yığılması, təhlili və yayılması üçün milli mərkəz kimi fəaliyyət göstərəcək maliyyə-kəşfiyyat qurumunun təsis olunması məsələsini nəzərdən keçirir.
2. İştirakçı Dövlətlər nağd pul vəsaitlərinin və müvafiq dövriyyə alətlərinin onların sərhədindən keçməsi hallarının aşkar edilməsi və belə yerdəyişməyə nəzarət edilməsi üzrə praktiki mümkün tədbirlərin tətbiqi barədə məsələni nəzərdən keçirirlər, bir şərtlə ki, bu zaman məlumatların düzgün istifadəsini vəd edən təminatlar pozulmamalı, habelə qanuni kapitalın yerdəyişməsinə hər hansı çətinlik yaradılmamalıdır. Həmin tədbirlərə həmçinin fiziki şəxslərin və kommersiya müəssisələrinin xeyli miqdarda nağd pul vəsaitlərinin və müvafıq dövriyyə alətlərinin transsərhəd yerdəyişmələri barədə məlumat verməli olması tələbi daxil edilə bilər.
3. İştirakçı Dövlətlər lazımi və praktiki mümkün tədbirləri tətbiq edərək maliyyə müəssisələrinin, o cümlədən pul vəsaitlərinin köçürülməsi üzrə müəssisələrin öhdəsinə elə vəzifələr qoyurlar ki, onlar:
a) vəsaitlərin elektron köçürmələri üzrə formulyarlara və onlarla bağlı məlumatlara göndərici barədə dəqiq və məzmunlu informasiya daxil edirlər;
b) ödənişin həyata keçirilməsinin bütün şəbəkələri üzrə həmin informasiyalan saxlayırlar; və
c) göndərici barədə tam informasiya olmayan hallarda vəsaitlərin köçürülməsini dərindən yoxlayırlar.
4. Bu maddənin müddəalarına uyğun olaraq və bu Konvensiyanın başqa maddələrinə zidd olmamaq şərtilə daxili tənzim və nəzarət rejimlərini müəyyən edərkən İştirakçı Dövlətlərə regional, regionlararası və çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı yönəlmiş müvafiq təşəbbüslərini rəhbər tutmaq təklif olunur.
5. İştirakçı Dövlətlər pul vəsaitlərinin yuyulmasına qarşı mübarizə məqsədilə məhkəmə və hüquq mühafizə orqanları, habelə maliyyə tənzimi orqanları arasında qlobal, regional, regionlararası və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və stimullaşdırılmasına səy göstərirlər.
Fəsil III
KRİMİNALLAŞDIRMA VƏ QANUNVERİCİLİYİN TƏTBİQİ
Maddə 15
Dövlət vəzifəli şəxslərin rüşvətlə ələ alınması
Hər bir İştirakçı Dövlət, qəsdən törədildiyi halda, aşağıdakı əməlləri cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görür:
a) dövlət vəzifəli şəxsə vəzifə öhdəliklərini yerinə yetirərkən hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün, birbaşa və ya dolayı yolla hər hansı qeyri-qanuni üstünlüyün vəd olunması, təklif edilməsi və ya verilməsi;
b) dövlət vəzifəli şəxs tərəfindən vəzifə öhdəliklərini yerinə yetirərkən hər hansı hərəkətin edilməsinə və ya edilməsindən çəkinməyə görə vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün, birbaşa və ya dolayı yolla hər hansı qeyri-qanuni üstünlüyün istənilməsi və ya qəbul edilməsi.
M ad də 16
Xarici dövlət vəzifəli şəxslərinin və beynəlxalq dövlətlərarası
təşkilatların qulluqçularının rüşvətlə ələ alınması
1. Hər bir İştirakçı Dövlət beynəlxalq işlərin aparılması ilə bağlı hər hansı kommersiya və ya digər qeyri-qanuni üstünlüyün əldə edilməsi və ya saxlanılması məqsədilə xarici dövlət vəzifəli şəxsə və ya beynəlxalq dövlətlərarası təşkilatın qulluqçusuna öz vəzifə öhdəliklərini yerinə yetirən zaman hər hansı hərəkətin edilməsinə və ya edilməsindən çəkinməyə görə bu şəxslərin
özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün, birbaşa və ya dolayı yolla, hər hansı qeyri-qanuni üstünlüyün vəd olunmasını, təklif edilməsini və ya verilməsini, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazımi qanunvericilik və başqa tədbirləri görür.
2. Hər bir İştirakçı Dövlət xarici dövlət vəzifəli şəxs və ya beynəlxalq dövlətlərarası təşkilatın qulluqçusu tərəfindən öz vəzifə öhdəliklərini yerinə yetirən zaman hər hansı hərəkətin edilməsinə və ya edilməsindən çəkinməyə görə özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün, birbaşa və ya dolayı yolla, hər hansı qeyri-qanuni üstünlüyün istənilməsini və ya qəbul edilməsini, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazımi qanunvericilik və başqa tədbirləri görür.
Maddə 1 7
Dövlət vəzifəli şəxs tərəfindən əmlakın talanması, mənimsənilməsi
və ya başqa cür məqsəddən kənar istifadəsi
Hər bir İştirakçı Dövlət vəzifəli şəxs tərəfindən, həyata keçirdiyi vəzifələr əsasında ona tapşırılmış hər hansı əmlakın, dövlət və ya özəl vəsaitlərin və ya qiymətli kağızların və ya hər hansı digər qiymətli predmetlərin vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxslərin nəfinə talanmasını, mənimsənilməsini və ya məqsəddən kənar istifadə edilməsini, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazımi qanunvericilik və başqa tədbirləri görür.
Maddə 18
Nüfuz alveri
Hər bir iştirakçı Dövlət, aşağıdakı əməlləri, qəsdən törədildiyi halda, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir:
a) dövlət vəzifəli şəxs və ya hər hansı digər şəxs tərəfindən öz həqiqi və ya güman edilən nüfuzundan sui-istifadə etməklə, İştirakçı Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün, bu hərəkətlərin ilkin təşəbbüskarının və ya istənilən başqa şəxsin nəfinə əldə edilməsinə görə həmin vəzifəli və ya digər şəxsə birbaşa və ya dolayı yolla hər hansı qeyri-qanuni üstünlüyün vəd olunması, təklif edilməsi və ya verilməsi;
b) dövlət vəzifəli şəxs və ya hər hansı digər şəxs tərəfindən öz həqiqi və ya güman edilən nüfuzundan sui-istifadə etməklə İştirakçı Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün alınması üçün özü və ya başqa şəxsin nəfinə hər hansı qeyri-qanuni üstünlüyün istənilməsi və ya qəbul edilməsi.
Maddə 19
Vəzifə səlahiyyətlərindən sui-istifadə
Hər bir İştirakçı Dövlət vəzifə səlahiyyətlərindən və ya vəzifə mövqeyindən sui-istifadəni, yəni dövlət vəzifəli şəxs tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi zamanı, hər hansı qeyri-qanuni üstünlüyün onun özü və ya başqa fiziki və ya hüquqi şəxsin nəfinə əldə edilməsi məqsədilə, qanunları pozaraq hər hansı hərəkətin edilməsini və ya edilməməsini, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir.
M a d d ə 2 0
Qanunsuz varlanma
Öz konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə hər bir İştirakçı Dövlət qanunsuz varlanmanı, yəni dövlət vəzifəli şəxsin əmlakının onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandıra bilmədiyi xeyli artımını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır.
Maddə 2 1
Özəl sektorda rüşvətlə ələ alma
Hər bir İştirakçı Dövlət iqtisadi, maliyyə və ya kommersiya fəaliyyəti gedişində, qəsdən törədildiyi halda, aşağıdakı əməlləri cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır:
a) özəl sektora aid təşkilata rəhbərlik edən və ya belə təşkilatda hər hansı qisimdə fəaliyyət göstərən hər hansı şəxsə, öz öhdəliklərini pozaraq istənilən hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə bu şəxsin özü və ya başqa şəxs üçün, hər hansı qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı vəd olunması, təklif edilməsi və ya verilməsi;
b) özəl sektora aid təşkilata rəhbərlik edən və ya belə təşkilatda hər hansı qisimdə fəaliyyət göstərən hər hansı şəxs tərəfindən öz öhdəliklərini pozaraq istənilən hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə özü və ya başqa şəxs üçün hər hansı qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı istənilməsi və ya qəbul edilməsi.
Maddə 22
Özəl sektorda əmlakın talanması
Hər bir İştirakçı Dövlət özəl sektora aid təşkilata rəhbərlik edən və ya belə təşkilatda hər hansı qisimdə fəaliyyət göstərən hər hansı şəxs tərəfindən həyata keçirdiyi vəzifələr əsasında ona tapşırılmış hər hansı əmlakın, özəl vəsaitlərin və ya qiymətli kağızların və ya hər hansı digər qiymətli predmetlərin iqtisadi, maliyyə və ya kommersiya fəaliyyəti gedişində talanmasını, bu,qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir.
Maddə 23
Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması
1. Daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq hər bir İştirakçı Dövlət, qəsdən törədildiyi halda, aşağıdakı əməlləri cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır:
a) i) cinayət yolu ilə əldə edildiyi məlum olan əmlakın cinayətkar mənbəyinin gizlədilməsi və ya itirilməsi məqsədilə, yaxud əsas hüquq pozuntusunun törədilməsində iştirak etmiş hər hansı şəxsin öz əməllərinə görə məsuliyyətdən yayınması üçün ona kömək göstərilməsi məqsədilə həmin əmlakın konversiyası və ya köçürülməsi;
ii) cinayət yolu ilə əldə edildiyi məlum olan əmlakın əsl xarakterinin, mənbəyinin, olduğu yerin, sərəncam və ya daşınma üsulunun, bu əmlaka hüquqların və ya onun mənsubiyyətinin gizlədilməsi və ya itirilməsi;
b) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə, həmçinin aşağıdakı əməllərin:
i) əldə edildiyi zaman cinayət yolu ilə əldə edilən gəlir olduğu məlum olan əmlakın əldə olunması, ona sahiblik edilməsi və ya istifadə edilməsi;
ii) bu maddəyə uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsində iştirakçılıq, təşkilatlanma və ya qabaqcadan əlbir olma, onun törədil-məsinə cəhd, habelə onun törədilməsində vasitəçilik, təhrikçilik, kömək etmə və ya məsləhət vermə.
2. Bu maddənin 1-ci bəndinin həyata keçirilməsi və tətbiqi məqsədilə:
a) hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndini əsas hüquqpozmaların ən geniş dairəsinə tətbiq etməyə çalışır;
b) hər bir İştirakçı Dövlət, ən azı, bu Konvensiya ilə cinayət hüquqpozması kimi tanınan əməlləri bütünlüklə əsas hüquqpozmaların sırasına daxil edir;
c) (b) yarımbəndinin mənasında, müvafiq İştirakçı Dövlətin yurisdiksiyasının istər hüdudlarında, istərsə də hüdudlarından kənarda törədilən hüquqpozmalar əsas hüquqpozmalara aiddir. Lakin hər hansı İştirakçı Dövlətin yurisdiksiyası hüdudlarından kənarda törədilmiş hüquqpozmalar ancaq o halda əsas hüquqpozma hesab edilir ki, belə əməllər ərazisində törədildiyi dövlətin daxili qanunvericiliyinə əsasən, cinayət hüquqpozması sayılır və bu maddəni həyata keçirən və ya tətbiq edən İştirakçı Dövlətdə törədilmiş olsaydı, həmin dövlətin daxili qanunvericiliyinə əsasən cinayət hüquqpozması hesab edilərdi;
d) hər bir İştirakçı Dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanunlarının mətnini, habelə belə qanunlara bütün sonrakı dəyişikliklərin mətnlərini və ya onların məzmununu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir;
e) əgər İştirakçı Dövlətin daxili qanunvericiliyinin əsas prinsipləri tələb edirsə, onda nəzərdə tutula bilər ki, bu maddənin 1-ci bəndinə göstərilmiş cinayətlər əsas hüquqpozmanı törətmiş şəxslərə aid edilmir.
Maddə 24
Gizlətmə
Bu Konvensiyanın 23-cü maddəsinin müddəalarına zidd olmamaq şərtilə, hər bir İştirakçı Dövlət, bu Konvensiya ilə tanınmış hər hansı hüquqpozmanın törədilməsindən sonra, bu törədilmədə iştirak edilmədən və əldə edilən əmlakın bu Konvensiya ilə tanınan hüquqpozmalardan əldə edildiyini bilərək, həmin əmlakın gizlədilməsini və ya fasiləsiz saxlanmasını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır.
Maddə 25
Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma
Hər bir İştirakçı Dövlət aşağıdakı əməlləri, qəsdən törədildiyi halda, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görür:
a) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsilə bağlı icraat gedişində yalan ifadə verməyə təhrik etmək, yaxud ifadə vermə və ya sübutları təqdimetmə prosesinə müdaxilə etmək məqsədilə fiziki qüvvə tətbiq etmə, hədələmə və ya qorxutma, qeyri-qanuni üstünlüyü vəd etmə, təklif etmə və ya təqdim etmə;
b) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsilə bağlı məhkəmə və ya hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin öz vəzifə öhdəliklərini yerinə yetirməsinə müdaxilə məqsədilə fiziki qüvvə tətbiq etmə, hədələmə və ya qorxutma. Bu yarımbənd İştirakçı Dövlətlərdə dövlət vəzifəli şəxslərin digər kateqoriyalarını müdafiə edən qanunvericilik müddəalarının olması hüququna xələl gətirmir.
Maddə 26
Hüquqi şəxslərin məsuliyyəti
1. Hər bir İştirakçı Dövlət, hüquqi şəxslərin bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində iştirakına görə məsuliyyət müəyyən edilməsi üçün öz hüquq prinsiplərinə uyğun olaraq lazım gələn tədbirləri görür.
2. İştirakçı Dövlətin hüquq prinsiplərinə riayət edilməsi şərtilə, hüquqi şəxslər üçün cinayət, mülki-hüquqi və ya inzibati məsuliyyət müəyyən oluna bilər.
3. Belə məsuliyyətin müəyyən edilməsi bu hüquqpozmaları törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə xələl gətirmir.
4. Hər bir İştirakçı Dövlət bu maddəyə uyğun olaraq məsuliyyətə cəlb edilən hüquqi şəxslər barəsində səmərəli, proporsional və çəkindirici təsir göstərən cinayət və qeyri-cinayət, o cümlədən pul sanksiyalarının tətbiq olunmasını təmin edir.
Maddə 27
İştirakçılıq və cəhd
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsində istənilən qisimdə, xüsusən, birgə icraçı, köməkçi, təhrikçi qismində iştirakçılığı öz daxili qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görür.
2. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə istənilən cəhdi öz daxili qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görə bilər.
3. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə hazırlığı öz daxili qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görə bilər.
Maddə 28
Dərketmə, niyyət və qəsd hüquqpozmanın əlamətləri kimi
Bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın əlamətləri kimi tələb olunan dərketmə, niyyət və qəsd işin obyektiv faktiki hallarından müəyyən edilə bilər.
Maddə 29
Müddətin keçməsi ilə bağlı məsuliyyətdən azad etmə
Hər bir İştirakçı Dövlət, lazımi hallarda, öz daxili qanunvericiliyinə əsasən, bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozma ilə bağlı icraatın başlanması üçün uzun müddət müəyyən edir, cinayət törədilməsində şübhəli şəxsin ədalət mühakiməsindən yayındığı hallarda isə daha uzun müddət və ya müddətin axımının dayandırılması imkanını təmin edir.
Maddə 30
Cinayət təqibi, məhkəmə qərarlarının və sanksiyaların çıxarılması
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsinə görə hüquqpozmanın təhlükəlilik dərəcəsinə uyğun olan sanksiyalar müəyyən edir.
2. Hər bir İştirakçı Dövlət, bir tərəfdən, öz dövlət vəzifəli şəxslərinə onların funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar verilmiş bütün immunitetlər və yurisdiksiya imtiyazları, digər tərəfdən isə, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı səmərəli istintaq, cinayət təqibi aparmaq və məhkəmə qərarları çıxarmaq imkanı arasında, öz hüquq sisteminə və
konstitusiya prinsiplərinə uyğun olaraq lazımi müvazinət müəyyənləşdirmək və təmin etmək üçün zəruri tədbirləri görür.
3. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla mübarizədə hüquq mühafizə tədbirlərinin maksimum səmərəliliyinə nail olmaq üçün və belə hüquqpozmaların törədilməsinin qarşısını almaq zərurətini lazımi səviyyədə nəzərə alaraq, bu hüquqpozmalara görə təqib olunan şəxslər barəsində daxili qanunvericilikdə nəzərdə tutulmuş diskresion hüquqi səlahiyyətlərin istifadə olunmasını təmin etməyə çalışır.
4. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq və müdafiə hüququnu lazımi səviyyədə nəzərə almaqla lazım gələn tədbirlər görməlidir ki, məhkəməyə qədər və məhkəmə qərarından şikayət zamanı azadlığa buraxılma ilə bağlı tələb edilən şərtlər təqsirləndirilən şəxsin cinayət icraatının sonrakı gedişində iştirak etmək zərurətini nəzərə alsın.
5. Hər bir İştirakçı Dövlət müvafiq hüquqpozmalara görə məhkum olunmuş şəxslərin vaxtından əvvəl və ya şərti azad edilməsi məsələsinə baxarkən bu hüquqpozmaların təhlükəlilik dərəcəsini nəzərə alır.
6. Hər bir İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə əsasən, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmanın törədilməsində təqsirləndirilən dövlət vəzifəli şəxslərin, lazım gəldikdə, təqsirsizlik prezumpsiyası prinsipinə hörmət edilmək şərtilə müvafiq orqanlar tərəfindən vəzifədən azad edilməsinə, vəzifələrinin icrasının müvəqqəti dayandırılmasına və ya başqa vəzifəyə keçirilməsinə imkan verən prosedurların müəyyən edilməsi məsələsinə baxır.
7. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara görə məhkum olunmuş şəxslərin, bu hüquqpozmaların təhlükəlilik dərəcəsi əsas verən hallarda məhkəmənin qərarı ilə və ya digər müvafiq vasitələrin köməyi ilə, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən müddətə aşağıdakı hüquqlardan məhrum edilməsi üçün öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan prosedurlar müəyyən edir:
a) dövlət vəzifəsi tutmaq; və
b) tam və ya qismən dövlət mülkiyyətində olan hər hansı müəssisədə vəzifə tutmaq.
8. Bu maddənin 1-ci bəndi səlahiyyətli orqanların dövlət qulluqçuları barəsində intizam səlahiyyətləri həyata keçirməsinə mane olmur.
9. Bu Konvensiyanın heç bir müddəası bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların anlayışının və əməllərin qanuniliyini müəyyən edən hüquq müdafiə vasitələrinin və ya digər hüquqi prinsiplərin hər bir İştirakçı Dövlətin daxili qanunvericiliyi ilə müəyyən edilməsi və belə hüquqpozmalara görə cinayət təqibi və cəzalandırmanın bu qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi prinsiplərinə toxunmur.
10. İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara görə məhkum olunmuş şəxslərin cəmiyyətə reinteqrasiyasına kömək etməyə çalışırlar.
Maddə 3 1
Həbs, götürmə və müsadirə
1. Hər bir İştirakçı Dövlət öz daxili hüquq sistemi çərçivəsində, mümkün olan maksimum dərəcədə, aşağıdakıların müsadirə olunması üçün lazım gələn tədbirləri görür:
a) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin, yaxud dəyəri bu gəlirlərin dəyərinə uyğun gələn əmlakın;
b) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində istifadə olunmuş və ya istifadə üçün nəzərdə tutulmuş əmlak, avadanlıq və digər vasitələrin.
2. Hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndində sadalananlardan hər hansı birinin müsadirə məqsədilə aşkara çıxarılması, izlənməsi, üzərinə həbs qoyulması və ya götürülməsi üçün lazım gələn tədbirləri görür.
3. Hər bir İştirakçı Dövlət bu maddənin 1 və 2-ci bəndlərində göstərilən, üzərinə həbs qoyulmuş, götürülmüş və ya müsadirə edilmiş əmlakın səlahiyyətli orqanlar tərəfindən idarə olunmasını nizama salmaq üçün öz daxili qanunvericiliyinə uyğun olaraq lazım gələn qanunvericilik və başqa tədbirləri görür.
4. Həmin cinayət yolu ilə əldə edilmiş gəlirlər tam və ya qismən başqa əmlaka çevrilmiş və ya dəyişdirilmişdirsə, bu maddədə göstərilən tədbirlər həmin əmlak barəsində tətbiq olunur.
5. Həmin cinayət yolu ilə əldə edilmiş gəlirlər qanuni mənbədən əldə edilmiş əmlakla qarışdırılmışdırsa, götürməyə və ya həbs etməyə aid hər hansı səlahiyyətə xələl gətirmədən, əmlakın qarışdırılmış gəlirin dəyəri qədər olan hissəsi müsadirə edilir.
6. Həmin cinayət yolu ilə əldə edilmiş gəlirlərdən, bu cür gəlirlərin dəyişdirildiyi və ya çevrildiyi əmlakdan, yaxud həmin cinayət gəlirlərinin qarışdırıldığı əmlakdan əldə edilmiş mənfəət və ya başqa fayda barəsində də cinayət yolu ilə əldə edilmiş gəlirlərlə bağlı bu maddədə göstərilmiş tədbirlər eyni surətdə və eyni dərəcədə tətbiq olunur.
7. Bu maddənin və bu Konvensiyanın 55-ci maddəsinin məqsədləri üçün hər bir İştirakçı Dövlət öz məhkəmələrinə və ya digər səlahiyyətli orqanlarına bank, maliyyə və ya kommersiya sənədlərinin təqdim olunması və ya götürülməsi barədə qərar çıxarmaq səlahiyyəti verir. İştirakçı Dövlət bank sirrinin qorunması zərurətinə əsaslanaraq, bu maddənin müddəalarına uyğun tədbirlər görməkdən boyun qaçırmır.
8. İştirakçı Dövlətlər öz daxili qanunvericiliyinin əsas prinsiplərinə və məhkəmə və ya başqa icraatın xarakterinə uyğun olaraq belə bir tələb müəyyən edə bilərlər ki, cinayət törətmiş şəxs cinayət yolu ilə əldə olunduğu güman edilən və müsadirə edilməli olan gəlirlərin və ya digər əmlakın qanuni mənbədən əldə olunduğunu sübut etməlidir.
9. Bu maddənin müddəaları vicdanlı üçüncü tərəfin hüquqlarının zərərinə təfsir oluna bilməz.
10. Bu maddənin müddəaları bu maddədə göstərilən tədbirlərin İştirakçı Dövlətin daxili qanunvericiliyinin müddəalarına uyğun olaraq və onlara riayət etmək şərtilə müəyyən edilməsi və həyata keçirilməsi prinsipinə toxunmur.
Maddə 32
Şahid, ekspert və zərərçəkənlərin müdafiəsi
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı ifadə verən şahid və ekspertlərin, lazım gəldikdə isə onların qohumlarının və başqa yaxın adamlarının ehtimal edilən qisas və qorxutma hallarından səmərəli müdafiəsini təmin etmək üçün, imkan daxilində, öz daxili hüquq sisteminə uyğun olaraq zəruri tədbirlər görür.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tədbirlər, təqsirləndirilən şəxsin hüquqlarına, o cümlədən düzgün araşdırma hüququna zərər gətirməmək şərtilə, digər məsələlərlə yanaşı həmçinin aşağıdakıları əhatə edə bilər:
a) belə şəxslərin fiziki müdafiəsi üçün prosedurların müəyyən edilməsi, məsələn, zərurət və imkan daxilində onların yerlərinin dəyişdirilməsi və belə şəxslərin şəxsiyyəti və olduğu yerlə bağlı məlumatların açıqlanmasına icazə verilməməsi və ya belə açıqlamaya məhdudiyyətlər qoyulması;
b) şahid və ekspertlərə belə şəxslərin təhlükəsizliyini təmin edən surətdə ifadə verməyə imkan verən sübutetmə qaydalarının qəbul edilməsi, məsələn, videorabitə və ya başqa müvafiq vasitələr kimi kommunikasiya texnologiyalarından istifadə etməklə ifadə verilməsinə icazə verilməsi.
3. İştirakçı Dövlətlər bu maddənin 1-ci bəndində göstərilmiş şəxslərin yerlərinin dəyişməsi ilə bağlı saziş və müqavilələrin bağlanması imkanlarını nəzərdən keçirirlər.
4. Bu maddənin müddəaları, şahid qismində çıxış etdikləri təqdirdə, həmçinin zərərçəkənlər barəsində tətbiq edilir.
5. Hər bir İştirakçı Dövlət, daxili qanunvericiliyinə əsasən, müdafiə hüquqlarına xələl gətirmədən, cinayət icraatının müvafiq mərhələlərində zərərçəkmiş şəxslərin fikir və narahatlıqlarının cinayət törətmiş şəxslərə qarşı təqdim edilməsinə və onların nəzərə alınmasına imkan yaradır.
Maddə 33
İnformasiya verən şəxslərin müdafiəsi
Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı faktlar barədə səlahiyyətli orqanlara vicdanla və ağlabatan əsaslarla məlumat verən şəxslərin hər hansı ədalətsiz münasibətdən müdafiəsini təmin etmək üçün öz hüquq sisteminə müvafiq tədbirlərin daxil edilməsi məsələsini nəzərdən keçirir.
Maddə 34
Korrupsiya əməllərinin nəticələri
Üçüncü tərəflərin vicdanla əldə etdiyi hüquqları lazımi qaydada nəzərə almaqla hər bir İştirakçı Dövlət korrupsiyanın nəticələri barədə məsələləri tənzimləmək üçün öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq tədbirlər görür. Bu kontekstdə İştirakçı Dövlətlər korrupsiyanı müqavilənin ləğv edilməsi və ya pozulması, yaxud konsessiyaların və ya analoji vasitələrin geri götürülməsi, yaxud da yaranmış vəziyyətin qaydaya salınması üzrə başqa tədbirlərin görülməsi üzrə icraatda əhəmiyyət kəsb edən amil kimi nəzərdən keçirə bilərlər.
Maddə 35
Zərərə görə kompensasiya edilməsi
Hər bir İştirakçı Dövlət hər hansı korrupsiya əməli nəticəsində zərər çəkmiş fiziki və ya hüquqi şəxslərin, kompensasiya əldə etmək məqsədilə, bu zərərə görə məsuliyyət daşıyan şəxslər barəsində icraat başlaması hüququnu təmin etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, lazım gələn tədbirləri görür.
M a d də 3 6
İxtisaslaşmış orqanlar
Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq hüquq mühafizə tədbirləri vasitəsilə korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqan və ya orqanların, yaxud şəxslərin mövcudluğunu təmin edir. Belə orqan və ya orqanların, yaxud şəxslərin öz funksiyalarını səmərəli surətdə və hər hansı kənar müdaxilə olmadan yerinə yetirməsi üçün onlara İştirakçı Dövlətin hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq zəruri müstəqillik verir. Belə şəxslər, yaxud belə orqan və ya orqanların əməkdaşları öz vəzifələrini yerinə yetirmək üçün lazımi peşəkarlığa və resurslara malik olmalıdırlar.
Maddə 37
Hüquq mühafizə orqanları ilə əməkdaşlıq
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində iştirak edən və ya iştirak etmiş şəxslərin səlahiyyətli orqanlara istintaq və ya sübutetmə üçün faydalı olan informasiya verməsini, yaxud hüquqpozmanı törədən şəxslərin cinayət yolu ilə əldə edilmiş gəlirlərdən məhrum edilməsi və belə gəlirlərin geri qaytarılması işində səlahiyyətli orqanlara faktiki, konkret kömək göstərməsini stimullaşdırmaq üçün lazımi tədbirlər görür.
2. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozma üzrə istintaq və ya cinayət təqibi ilə əhəmiyyətli surətdə əməkdaşlıq edən təqsirləndirilən şəxsin cəzasının lazım gəldikdə yüngülləşdirilməsi imkanını müəyyən etmək məsələsinə baxır.
3. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmanın istintaqı və ya cinayət təqibində əhəmiyyətli surətdə əməkdaşlıq edən şəxsə cinayət təqibindən immunitet verilməsi imkanının müəyyən edilməsi məsələsini daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq nəzərdən keçirir.
4. Belə şəxslərin müdafiəsi, mutatis mutandis, bu Konvensiyanın 32-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
5. Bu maddənin 1-ci bəndində göstərilən və İştirakçı Dövlətlərdən birinin ərazisində olan şəxs digər İştirakçı Dövlətin səlahiyyətli orqanları ilə əhəmiyyətli surətdə əməkdaşlıq edə bilirsə, maraqlı İştirakçı Dövlətlər belə şəxsə digər İştirakçı Dövlət tərəfindən bu maddənin 2 və 3-cü bəndlərində göstərilmiş rejimin tətbiq olunması barədə, öz daxili qanunvericiliklərinə uyğun
olaraq, saziş və ya müqavilə bağlanması məsələsini nəzərdən keçirə bilərlər.
Maddə 38
Milli orqanlar arasında əməkdaşlıq
Hər bir İştirakçı Dövlət öz dövlət orqanları, habelə dövlət vəzifəli şəxsləri ilə cinayətlərin istintaqı və təqibinə məsul olan orqanları arasında əməkdaşlığı stimullaşdırmaq üçün daxili qanunvericiliyə uyğun olaraq lazım gələn tədbirləri görür. Belə əməkdaşlıq aşağıdakıları əhatə edə bilər:
a) bu Konvensiyanın 15, 21 və 23-cü maddələrinə uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədildiyini güman etməyə ağlabatan əsaslar olduğu hallarda belə məsul orqanlara öz təşəbbüsü ilə məlumat vermək; yaxud
b) belə məsul orqanların müvafiq sorğusu olduqda onlara bütün zəruri məlumatları təqdim etmək.
Maddə 39
Milli orqanlar və özəl sektor arasında əməkdaşlıq
1. Hər bir İştirakçı Dövlət milli istintaq orqanları və prokurorluq orqanları ilə özəl sektorun təşkilatları, xüsusən maliyyə müəssisələri arasında bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsilə bağlı məsələlər üzrə əməkdaşlığın stimullaşdırılması üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, lazım gələn tədbirləri görür.
2. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi barədə milli istintaq orqanlarına və prokurorluq orqanlarına məlumat vermək üçün öz vətəndaşlarını və adətən onun ərazisində yaşayan başqa şəxsləri stimullaşdırmaq məsələsini nəzərdən keçirir.
Maddə 40
Bank sirri
Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquq-pozmalarla bağlı yerli orqanlar tərəfindən istintaq aparılan hallarda bank sirri haqqında qanunvericiliyin tətbiqi nəticəsində yarana bilən çətinliklərin aradan qaldırılması üçün öz daxili hüquq sistemində lazımi mexanizmlərin olmasını təmin edir.
M addə 4 1
Məhkumluq barədə məlumatlar
Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquq-pozma ilə bağlı cinayət icraatında istifadə olunması üçün, cinayət törədilməsində şübhəli şəxsin əvvəllər başqa dövlətdə məhkum edilməsi barədə məlumatı lazımi hesab etdiyi şərtlər və məqsədlər daxilində nəzərə almaq üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görə bilər.
Maddə 42
Yurisdiksiya
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı öz yurisdiksiyasını müəyyən etmək üçün lazım gələn tədbirləri aşağıdakı hallarda görür:
a) hüquqpozma bu İştirakçı Dövlətin ərazisində törədildikdə; yaxud
b) hüquqpozma, törədildiyi anda bu İştirakçı Dövlətin bayrağı altında üzən gəmidə və ya törədildiyi anda bu Dövlətin qanunvericiliyinə uyğun surətdə qeydiyyatda olan hava gəmisində baş verdikdə.
2. Bu Konvensiyanın 4-cü maddəsinə riayət etmək şərtilə İştirakçı Dövlət hər hansı belə hüquqpozma barəsində öz yurisdiksiyasını aşağıdakı hallarda təsbit edə bilər:
a) hüquqpozma bu İştirakçı Dövlətin vətəndaşına qarşı törədildikdə; yaxud
b) hüquqpozmanı bu İştirakçı Dövlətin vətəndaşı və ya adətən onun ərazisində yaşayan vətəndaşlığı olmayan şəxs törətdikdə; yaxud
c) hüquqpozma bu Konvensiyanın 23-cü maddəsinin 1 (b) (ii) bəndinə uyğun olaraq tanınmış hüquqpozmalardan biri olduqda və bu Konvensiyanın 23-cü maddəsinin 1 (a) (i) və ya (ii) bəndi, yaxud (b) (i) bəndi ilə nəzərdə tutulan hüquqpozmalardan hər hansı birinin bu Dövlətin ərazisində törədilməsini təmin etmək məqsədilə onun ərazisindən kənarda törədilmiş olduqda; yaxud
d) hüquqpozma bu İştirakçı Dövlətə qarşı törədilmiş olduqda.
3. Bu Konvensiyanın 44-cü maddəsinin məqsədləri üçün hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmanın törədilməsində şübhəli şəxsin onun ərazisində olduğu və bu şəxsi öz vətəndaşı olduğuna görə ekstradisiya etmədiyi hallarda, həmin hüquqpozmalar barəsində öz yurisdiksiyasını təsbit etmək üçün lazım gələn tədbirləri görür.
4. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində şübhəli şəxsin onun ərazisində olduğu və bu şəxsi ekstradisiya etmədiyi hallarda, həmin hüquqpozmalar barəsində öz yurisdiksiyasını təsbit etmək üçün lazım gələn tədbirləri görə bilər.
5. Bu maddənin 1 və ya 2-ci bəndlərinə uyğun olaraq öz yurisdiksiyasını həyata keçirən İştirakçı Dövlət digər hər hansı İştirakçı Dövlətlərin həmin əməllərlə bağlı istintaq, cinayət təqibi və ya məhkəmə icraatı apardığı barədə məlumat alır və ya bu barədə başqa cür xəbərdar olursa, bu İştirakçı Dövlətlərin səlahiyyətli orqanları öz hərəkətlərini koordinasiya etmək üçün lazımi hallarda bir-biri ilə məsləhətləşmə aparırlar.
6. Bu Konvensiya İştirakçı Dövlətin öz daxili qanunvericiliyinə uyğun olaraq təsbit etdiyi hər hansı cinayət yurisdiksiyasının beynəlxalq ümumi hüquq normalarına zidd olmamaq şərtilə həyata keçirilməsini istisna etmir.
Fəsil IV
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 43
Beynəlxalq əməkdaşlıq
1. İştirakçı Dövlətlər bu Konvensiyanın 44-50-ci maddələrinə uyğun olaraq, cinayət-hüquqi məsələlər üzrə əməkdaşlıq edirlər. Məqsədəmüvafiq olduqda və daxili hüquq sistemlərinə uyğun gəldikdə, İştirakçı Dövlətlər korrupsiya ilə bağlı mülki-hüquqi və inzibati məsələlər üzrə istintaq və icraat aparılmasında bir-birinə yardım etmək imkanlarını müzakirə edirlər.
2. Müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınması prinsipi beynəlxalq əməkdaşlıq məsələləri baxımından tələb olunursa və əgər barəsində yardım tələb olunan, cinayət tərkibi yaradan əməl hər iki İştirakçı Dövlətin qanunvericiliyi ilə cinayət hüquqpozması kimi tanınırsa, sorğu edilən İştirakçı Dövlətin qanunlarının həmin hüquqpozmanı, sorğu edən İştirakçı Dövlətdə olduğu kimi, eyni kateqoriyaya daxil etməsindən və hüquqpozmanı eyni terminlərlə adlandırmasından asılı olmayaraq, göstərilən prinsip riayət olunmuş sayılır.
M addə 44
Ekstradisiya
1. Bu maddə, ekstradisiya olunması xahiş edilən şəxs sorğu edilən İştirakçı Dövlətin ərazisində olduğu hallarda, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara tətbiq edilir, o şərtlə ki, sorğunun aid olduğu hüquqpozma həm sorğu edən, həm də sorğu edilən İştirakçı Dövlətin qanunvericiliyi ilə cəzalandırılsın.
2. Qanunvericiliyi imkan verirsə, İştirakçı Dövlət bu maddənin 1-ci bəndinin müddəalarına baxmayaraq, bu Konvensiya ilə əhatə olunan, lakin onun daxili qanunvericiliyi ilə cəzalandırılmayan istənilən hüquqpozmaya görə hər hansı şəxsin ekstradisiya edilməsinə icazə verə bilər.
3. Ekstradisiya haqqında sorğu bir neçə ayrı-ayrı hüquqpozmaya aiddirsə və bunlardan ən azı biri bu maddəyə əsasən ekstradisiyaya əsas ola bilərsə və digərləri azadlıqdan məhrum etmə müddətinə görə ekstradisiyaya əsas ola bilmirsə, ancaq bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozma ilə əlaqəlidirsə, sorğu edilən İştirakçı Dövlət bu maddəni həmin hüquqpozmalar barəsində də tətbiq edə bilər.
4. Bu maddənin tətbiq olunduğu hər bir hüquqpozma İştirakçı Dövlətlər arasında ekstradisiyaya dair bütün müqavilələrə ekstradisiyaya əsas ola bilən hüquqpozma kimi daxil edilmiş hesab edilir. İştirakçı Dövlətlər belə hüquqpozmaları gələcəkdə öz aralarında bağlanacaq bütün müqavilələrə ekstradisiyaya əsas olan hüquqpozmalar kimi daxil etməlidirlər. Bu Konvensiyanı ekstradisiya üçün əsas kimi istifadə edən İştirakçı Dövlət, əgər qanunvericiliyi yol verirsə, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birini siyasi hüquqpozma hesab etmir.
5. Ekstradisiyanı müqavilənin olması ilə şərtləndirən İştirakçı Dövlət ekstradisiyaya dair müqaviləsi olmayan başqa İştirakçı Dövlətdən ekstradisiya ilə bağlı sorğu alırsa, o, bu Konvensiyanı bu maddənin tətbiq olunduğu istənilən hüquqpozma ilə bağlı ekstradisiya üçün hüquqi əsas kimi qəbul edə bilər.
6. Ekstradisiyanı müqavilənin olması ilə şərtləndirən İştirakçı Dövlət:
a) bu Konvensiyanın ratifikasiya, qəbul olunması və ya təsdiqi və ya ona qoşulması barədə sənədini saxlanca verərkən, bu Konvensiyanın digər İştirakçı Dövlətləri ilə ekstradisiya məsələlərində əməkdaşlıq etmək üçün bu Konvensiyam hüquqi əsas kimi qəbul edib-etməməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verir; və
b) əgər o, ekstradisiya məsələsində əməkdaşlıq üçün bu Konvensiyanı hüquqi əsas kimi qəbul etmirsə, bu maddənin tətbiq olunmasını təmin etmək məqsədilə bu Konvensiyanın digər İştirakçı Dövlətləri ilə zəruri hallarda ekstradisiya barədə müqavilələr bağlamağa çalışır.
7. Ekstradisiyanı müqavilənin olması ilə şərtləndirməyən İştirakçı Dövlətlər bu maddənin tətbiq olunduğu hüquqpozmaları öz münasibətlərində ekstradisiyaya əsas olan hüquqpozma kimi tanıyırlar.
8. Ekstradisiya sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyində və tətbiq olunan ekstradisiya müqavilələrində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir, bu şərtlərə, digər məsələlərlə yanaşı, həmçinin ekstradisiya üçün minimum cəza tələbi ilə bağlı şərtlər və sorğu edilən İştirakçı Dövlətin ekstradisiyadan imtina etməsi üçün irəli sürəcəyi əsaslar da daxildir.
9. Bu maddənin tətbiq olunduğu bütün hüquqpozmalara münasibətdə İştirakçı Dövlətlər öz daxili qanunvericiliklərinə riayət etmək şərtilə, ekstradisiya prosedurunu sürətləndirmək və onunla bağlı sübutların təqdim olunması tələblərini sadələşdirmək üçün səy göstərirlər.
10. Daxili qanunvericiliyinin və ekstradisiya barədə müqavilələrinin müddəalarına riayət etmək şərtilə, sorğu edilən İştirakçı Dövlət şəraitin tələb etməsinə və təxirəsalınmaz xarakter daşımasına əmin olduqda, sorğu edən İştirakçı Dövlətin sorğusu ilə, öz ərazisində olan və ekstradisiyası sorğu edilən şəxsi həbsə ala və ya ekstradisiya proseduru gedişində onun iştirakını təmin etmək üçün zəruri olan digər tədbirləri görə bilər.
11. Əgər ərazisində cinayət törətməkdə şübhəli şəxs olan İştirakçı Dövlət bu maddənin tətbiq olunduğu hüquqpozma ilə əlaqədar həmin şəxsi onun öz vətəndaşı olmasını yeganə əsas tutaraq ekstradisiya etmirsə, onda ekstradisiyanı istəyən İştirakçı Dövlətin sorğusu üzrə işi cinayət təqibi məqsədilə, əsassız gecikdirmə olmadan, öz səlahiyyətli orqanlarına təqdim etməlidir. Bu orqanlar İştirakçı Dövlətin qanunvericiliyində təhlükəli xarakterli sayılan istənilən digər hüquqpozma üçün müəyyən edilmiş qaydada öz qərarlarını qəbul edir və icraat aparırlar. Maraqlı İştirakçı Dövlətlər belə təqibin səmərəliliyini təmin etmək üçün bir-biri ilə, xüsusən prosessual məsələlər və sübutetmə məsələləri üzrə əməkdaşlıq edirlər.
12. İştirakçı Dövlətin daxili qanunvericiliyi onun öz vətəndaşlarından hər hansı birinin, sorğunun aid olduğu məhkəmə araşdırması və ya icraatı nəticəsində təyin olunmuş cəzanın çəkilməsi üçün yenidən bu İştirakçı Dövlətə qaytarılması şərtilə, ekstradisiyasına və ya başqa üsulla göndərilməsinə icazə verirsə və bu İştirakçı Dövlət və həmin şəxsin ekstradisiyasını sorğu edən İştirakçı Dövlət belə bir qayda ilə və zəruri hesab etdikləri digər şərtlərlə razılaşmışlarsa, bu cür şərti ekstradisiya və ya göndərmə bu maddənin 11-ci bəndində müəyyən olunmuş öhdəliyin yerinə yetirilməsi baxımından kifayət sayılır.
13. Sorğu edilən İştirakçı Dövlət hökmün icraya yönəldilməsi üçün ekstradisiyası sorğu edilən vətəndaşını ekstradisiya etməkdən imtina edirsə, sorğu edən İştirakçı Dövlətin daxili qanunvericiliyinə uyğun olaraq çıxarılmış hökmü və ya hökmün qalan hissəsini, əgər buna sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyi yol verirsə və əgər bu onun qanunvericiliyinin tələblərinə uyğundursa, sorğu edən İştirakçı Dövlətin müraciəti üzrə icraya yönəltmək məsələsini nəzərdən keçirir.
14. Hər hansı şəxsin işi üzrə bu maddənin tətbiq olunduğu istənilən hüquqpozma ilə bağlı icraat aparılırsa, bu şəxsə icraatın bütün mərhələlərində onunla ədalətli davranılacağına, o cümlədən ərazisində olduğu İştirakçı Dövlətin daxili qanunvericiliyilə nəzərdə tutulmuş bütün hüquq və təminatların həyata keçiriləcəyinə təminat verilir.
15. Sorğu edilən İştirakçı Dövlət ekstradisiya barədə sorğunun hər hansı şəxsi cinsinə, irqinə, dini etiqadına, vətəndaşlığına, etnik mənşəyinə və ya siyasi baxışlarına görə cinayət təqibinə cəlb etmək və ya cəzalandırmaq məqsədi daşıdığını, yaxud həmin sorğunun təmin olunmasının bu şəxsin vəziyyətinə göstərilən səbəblərin hər hansı biri üzündən zərər vuracağını güman etmək üçün mühüm əsaslara malikdirsə, bu Konvensiyanın heç bir müddəası ekstradisiya öhdəliyi kimi şərh oluna bilməz.
16. İştirakçı Dövlətlər hüquqpozmanın həmçinin vergi məsələləri ilə bağlı olmasını yeganə əsas götürərək, ekstradisiya üçün sorğunu yerinə yetirməkdən imtina edə bilməzlər.
17. Ekstradisiyaya imtina etməzdən əvvəl sorğu edilən İştirakçı Dövlət, zəruri hallarda, sorğu edən İştirakçı Dövlətə öz fikirlərini təqdim etməyə və öz tələbləri ilə bağlı məlumatları təmin etməyə lazımi imkan yaratmaq məqsədilə onunla məsləhətləşmə aparır.
18. İştirakçı Dövlətlər ekstradisiyanın həyata keçirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə bir-birilə ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələr bağlamağa çalışırlar.
Maddə 45
Məhkum edilmiş şəxslərin verilməsi
İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara görə azadlıqdan məhrum etmə və ya azadlığı məhdudlaşdıran digər cəzalara məhkum edilmiş şəxslərin cəza müddətini öz ərazilərində çəkməsini təmin etmək üçün onların verilməsinə dair öz aralarında ikitərəfli və ya çox-tərəfli müqavilə və ya sazişlər bağlamaq imkanını nəzərdən keçirə bilərlər.
M addə 4 6
Qarşılıqlı hüquqi yardım
1. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üzrə bir-birinə ən geniş formada hüquqi yardım göstərirlər.
2. Sorğu edən İştirakçı Dövlətin ərazisində bu Konvensiyanın 26-cı maddəsinə əsasən hüquqi şəxslərin məsuliyyətə cəlb olunmasına səbəb ola bilən hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi və ya məhkəmə icraatı üzrə qarşılıqlı hüquqi yardım sorğu edilən İştirakçı Dövlət tərəfindən onun müvafıq qanunlarına, beynəlxalq müqavilələrinə, saziş və razılaşmalarına uyğun olan maksimum mümkün həddə göstərilir.
3. Bu maddəyə uyğun olaraq göstərilən qarşılıqlı hüquqi yardım aşağıdakı hər hansı məqsədlərdən biri üçün istənilə bilər:
a) ayrı-ayn şəxslərdən şahid ifadələrinin və ya ərizələrin alınması;
b) məhkəmə sənədlərinin verilməsi;
c) axtarışın, götürmənin və həbsin həyata keçirilməsi;
d) obyektlərin və yerlərin baxışının keçirilməsi;
e) məlumatların, maddi sübutların və ekspert rəylərinin təqdim edilməsi;
f) müvafıq sənəd və materialların, o cümlədən hökumət, bank, maliyyə, korporativ və ya kommersiya sənədlərinin əslinin və ya təsdiqlənmiş surətlərinin təqdim edilməsi;
g) cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın, cinayət törədilməsi üçün istifadə olunan vasitələrin və digər predmetlərin sübut etmə məqsədilə aşkar edilməsi və ya yerinin müəyyən edilməsi;
h) müvafiq şəxslərin sorğu edən İştirakçı Dövlətin orqanlarına könüllü gəlməsinə yardım;
i) sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyinə zidd olmamaqla istənilən başqa formada yardım edilməsi;
j) bu Konvensiyanın V fəslinin müddəalarına uyğun olaraq, cinayət yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi, üzərinə həbs qoyulması və ya yerinin müəyyən edilməsi;
k) bu Konvensiyanın V fəslinin müddəalarına uyğun olaraq aktivlərin götürülməsi.
4. İştirakçı Dövlətin səlahiyyətli orqanları cinayət-hüquq məsələlərinə aid məlumatların digər İştirakçı Dövlətdə aparılan istintaq və cinayət təqibi prosesinin müvəffəqiyyətlə həyata keçirilməsinə və ya başa çatdırılmasına kömək edə biləcəyini, yaxud həmin dövlətin bu Konvensiyaya uyğun olaraq tərtib edilmiş sorğusuna səbəb olacağını hesab edərsə, öz daxili qanunvericiliyinə zidd olmamaq şərtilə, həmin İştirakçı Dövlətin sorğusunu gözləmədən bu
məlumatları onun səlahiyyətli orqanına verə bilər.
5. Bu maddənin 4-cü bəndinə uyğun olaraq məlumatlar onları verən səlahiyyətli orqanların təmsil etdiyi Dövlətdə istintaq və cinayət icraatı prinsiplərinə zidd olmamaq şərtilə verilir. Məlumatları alan səlahiyyətli orqanlar bu məlumatların məxfiliyinin qorunması barədə xahişi müvəqqəti olsa da yerinə yetirir və ya onun istifadəsində məhdudiyyətlərə əməl edirlər. Lakin bu, məlumatları almış İştirakçı Dövlətdə aparılan icraat gedişində təqsirləndirilən şəxsə bəraət qazandıran məlumatların açıqlanmasına mane olmur. Belə hallarda, məlumatları almış İştirakçı Dövlət həmin məlumatları açıqlamazdan əvvəl, məlumatları verən İştirakçı Dövləti bu barədə xəbərdar edir və əgər məlumatları təqdim etmiş İştirakçı Dövlətin müvafiq məsləhətləşmə aparılması barədə xahişi olarsa, bu xahişi yerinə yetirir. Müstəsna hallar üzündən həmin xəbərdarlığı əvvəlcədən etmək mümkün olmadıqda, məlumatları alan İştirakçı Dövlət məlumatları vermiş İştirakçı Dövlətə belə açıqlama barədə dərhal məlumat verir.
6. Bu maddənin müddəaları qarşılıqlı hüquqi yardım məsələlərini tam və ya qismən tənzim edən və ya tənzim edəcək digər hər hansı ikitərəfli və ya çoxtərəfli müqavilələr üzrə öhdəliklərə toxunmur.
7. Müvafiq İştirakçı Dövlətlər qarşılıqlı hüquqi yardım barədə hər hansı müqavilə ilə bağlı deyilsə, bu maddənin 9-29-cu bəndlərinin müddəaları bu maddə əsasında göndərilən sorğulara tətbiq olunur. İştirakçı Dövlətlər belə müqavilə ilə bağlı olarsa və belə müqavilə müddəalarının əvəzinə bu maddənin 9-29-cu bəndlərinin tətbiq olunacağı barədə onlar arasında razılaşma yoxdursa, həmin müqavilənin müvafiq müddəaları tətbiq edilir.
8. İştirakçı Dövlətlər bank sirrinin qorunması tələbini əsas tutaraq, bu maddə üzrə qarşılıqlı hüquqi yardım göstərməkdən imtina etmirlər.
9. a) Sorğu edilən İştirakçı Dövlət, müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınmadığı hallarda bu maddəyə əsasən yardım göstərilməsi barədə sorğuya cavab verərkən bu Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilən məqsədləri nəzərə alır;
b) müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınmadığı hallarda İştirakçı Dövlətlər bu maddə əsasında yardım göstərməkdən imtina edə bilərlər. Lakin sorğu edilən İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan hallarda, məcburi tədbirlər tətbiq edilməyən yardım göstərir. Yardım edilməsi barədə sorğu de minimus xarakterli məsələlərlə, yaxud sorğu
edilən əməkdaşlığın və ya yardımın bu Konvensiyanın başqa müddəaları ilə təmin olunduğu məsələlərlə bağlıdırsa, belə yardımın göstərilməsindən imtina oluna bilər;
c) hər bir İştirakçı Dövlət, müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınmadığı hallarda, bu maddəyə əsasən ona daha geniş həcmdə yardım göstərmək imkanı verəcək zəruri ola bilən tədbirləri görmək məsələsinə baxa bilər.
10. Bir İştirakçı Dövlətin ərazisində həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzası çəkən şəxs bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi və ya məhkəmə icraatı məqsədilə şəxsiyyətinin müəyyən edilməsi, ifadə verməsi və ya sübutların əldə olunmasına başqa formada kömək göstərilməsi üçün digər İştirakçı Dövlətdə olmalıdırsa, aşağıdakı şərtlərə riayət olunmaqla verilə bilər:
a) həmin şəxs buna sərbəst və şüurlu surətdə razılıq verdikdə;
b) hər iki İştirakçı Dövlətin səlahiyyətli orqanları bu İştirakçı Dövlətlərin lazımi hesab etdiyi şəraitdə razılığa gəldikdə.
11. Bu maddənin 10-cu maddəsinin məqsədləri üçün:
a) şəxsi verən İştirakçı Dövlət başqa formanı xahiş etməmiş və ya başqa cür sanksiya verməmişdirsə, şəxsin verildiyi İştirakçı Dövlət verilmiş şəxsi həbsdə saxlamağa haqlıdır və borcludur;
b) şəxsin verildiyi İştirakçı Dövlət əvvəlcədən razılaşdırıldığı kimi və ya hər iki İştirakçı Dövlətin səlahiyyətli orqanları arasında başqa cür razılaşdırıldığı kimi, bu şəxsin onu vermiş İştirakçı Dövlətə qaytarılması üzrə öhdəliyini təxirə salınmadan yerinə yetirir;
c) şəxsin verildiyi İştirakçı Dövlət bu şəxsi vermiş İştirakçı Dövlətdən onun qaytarılması üçün ekstradisiya proseduru başlamağı tələb etmir;
d) verilən şəxsin onun verildiyi İştirakçı Dövlətdə həbsdə olduğu müddət onu verən dövlətdə çəkməli olduğu cəza müddətindən çıxılır.
12. Bu maddənin 10 və 11-ci bəndlərinə əsasən hər hansı şəxsi verməli olan İştirakçı Dövlətin razılığı olmadan bu şəxs, vətəndaşlığından asılı olmayaraq, onu verəcək dövlətin ərazisini tərk edəcəyi müddətə qədər olan dövrdə etdiyi hansısa hərəkət, hərəkətsizlik və ya məhkumluğa görə, veriləcəyi başqa İştirakçı Dövlətin ərazisində cinayət təqibinə, həbsə, cəzalandırılmaya və ya şəxsi azadlığının başqa cür məhdudlaşdırılmasına məruz qala bilməz.
13. Hər bir İştirakçı Dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsi üzrə sorğuların qəbul edilməsinə və ya onların yerinə yetirilməsinə, yaxud bu sorğuların yerinə yetirilməsi üçün müvafiq səlahiyyətli orqanlara verilməsinə görə məsuliyyət daşıyan və müvafiq səlahiyyətlərə malik olan mərkəzi orqan təyin edir. Əgər İştirakçı Dövlətdə qarşılıqlı hüquqi yardım göstərilməsi üçün ayrıca sistemi olan xüsusi region və ya ərazi mövcuddursa, o bu region və ya əraziyə münasibətdə eyni funksiyanı yerinə yetirən xüsusi mərkəzi orqan təyin edə bilər.
Mərkəzi orqanlar qəbul edilmiş sorğuların operativ olaraq və lazımi qaydada yerinə yetirilməsini və ya aidiyyəti üzrə göndərilməsini təmin edirlər. Əgər mərkəzi orqan sorğunun yerinə yetirilməsi üçün səlahiyyətli orqana göndərirsə, bu sorğunun səlahiyyətli orqan tərəfindən operativ olaraq və lazımi qaydada yerinə yetirilməsinə kömək göstərir. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın ratifikasiya edilməsi, qəbul və ya təsdiq edilməsi və ya ona qoşulma barədə sənədini saxlanca verərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə həmin məqsədlə təyin olunmuş mərkəzi orqan barədə məlumat verir. Qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə sorğular və ya onlara aid olan bütün məlumatlar İştirakçı Dövlətlərin təyin etdiyi mərkəzi orqanlara göndərilir. Bu tələb İştirakçı Dövlətlərin belə sorğu və məlumatların onlara diplomatik kanallar vasitəsilə, yaxud fövqəladə hallarda, əgər İştirakçı Dövlətlər bu barədə razılaşmışlarsa, Beynəlxalq Cinayət Polisi Təşkilatı vasitəsilə, əgər mümkündürsə, göndərilməsini tələb etmək hüququna xələl gətirmir.
14. Sorğular yazılı formada, yaxud yazılı formanı tərtib etməyə imkan verən hər hansı vasitənin köməyi ilə və sorğu edilən İştirakçı Dövlət üçün qəbul edilən dildə, habelə bu İştirakçı Dövlətə autentikliyi müəyyən etməyə imkan verən şərtlərlə göndərilir. Bu Konvensiyanın ratifikasiya edilməsi, qəbul və ya təsdiq edilməsi və ya ona qoşulma barədə sənədin saxlanca verilməsi zamanı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə hər bir iştirakçı Dövlət üçün qəbulu mümkün olan dil və ya dillər barədə məlumat verilir. Fövqəladə hallarda və İştirakçı Dövlətlər arasında müvafiq razılaşma olduqda sorğular şifahi formada göndərilə bilər, lakin dərhal yazılı formada təsdiq olunur.
15. Qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə sorğuda aşağıdakılar göstərilir:
a) sorğu ilə müraciət edən orqanın adı;
b) sorğunun aid olduğu məsələnin mahiyyəti və aparılan istintaqın, cinayət təqibinin və ya məhkəmə icraatının xarakteri, habelə bu istintaqı, cinayət təqibini və ya məhkəmə icraatını aparan orqanın adı və funksiyaları;
c) məhkəmə sənədlərinin verilməsi sorğusuna aid faktlar istisna olmaqla, bütün digər müvafiq faktların qısa xülasəsi;
d) sorğu edilən yardımın təsviri və sorğu edən İştirakçı Dövlətin riayət olunmasını istədiyi bütün konkret prosedurlar barəsində müfəssəl məlumat;
e) hər hansı müvafiq şəxsin şəxsiyyəti, olduğu yer və vətəndaşlığı barədə məlumatlar;
f) sorğu edilən sübutların, məlumatların və ya tədbirlərin məqsədi.
16. Sorğu edilən İştirakçı Dövlət o halda əlavə məlumatlar istəyə bilər ki, belə məlumatlar onun daxili qanunvericiliyinə uyğun olaraq sorğunun yerinə yetirilməsi üçün zəruridir və ya belə məlumatlar sorğunun yerinə yetirilməsini asanlaşdıra bilər.
17. Sorğu onun ünvanlandığı İştirakçı Dövlətin daxili qanunvericiliyinə uyğun olaraq və bu Dövlətin daxili qanunvericiliyinə zidd olmayan dərəcədə, habelə sorğuda göstərilmiş prosedurlara mümkün qədər uyğun olmaqla yerinə yetirilir.
18. İştirakçı Dövlətlərdən birinin ərazisində olan şəxsi digər İştirakçı Dövlətin məhkəmə orqanlarında şahid və ya ekspert qismində dinlənilməlidirsə və bu şəxsin həmin Dövlətdə şəxsən olması qeyri-mümkün və ya arzuolunmazdırsa, şəxsin ərazisində olduğu İştirakçı Dövlət digər İştirakçı Dövlətin sorğusu ilə bu şəxsin video rabitə vasitəsilə dinlənilməsinə icazə verə bilər. İştirakçı Dövlətlər dinləmənin sorğu edilən İştirakçı Dövlətin məhkəmə orqanı nümayəndələrinin iştirakı ilə, sorğu edən İştirakçı Dövlətin məhkəmə orqanı tərəfindən aparılması barədə razılığa gələ bilərlər.
19. Sorğu edən İştirakçı Dövlət sorğu edilən İştirakçı Dövlətin təqdim etdiyi məlumatları və ya sübutları istintaq, cinayət təqibi və ya məhkəmə istintaqı aparılması istisna olmaqla, başqa məqsədlər üçün sorğu edilən İştirakçı Dövlətin razılığı olmadan başqasına vermir və istifadə etmir. Bu bəndin heç bir müddəası sorğu edən İştirakçı Dövlətin öz orqanları tərəfindən aparılan icraat gedişində təqsirləndirilən şəxsə bəraət verən məlumatları və ya sübutları açıqlamasına mane olmur. Belə hallarda, sorğu edən İştirakçı Dövlət məlumatları və ya sübutları açıqlamazdan əvvəl, sorğu edilən iştirakçı Dövlətə bu barədə məlumat verir və əgər sonuncunun müvafiq sorğusu olarsa, onunla məsləhətləşmə aparır. Müstəsna hallarda, əvvəlcədən məlumat vermək mümkün olmadıqda, sorğu edən İştirakçı Dövlət sorğu edilən İştirakçı Dövlətə belə açıqlama barədə dərhal məlumat verir.
20. Sorğu edən İştirakçı Dövlət sorğu edilən İştirakçı Dövlətdən sorğunun mövcudluğu faktının və onun mahiyyətinin, sorğunun yerinə yetirilməsi üçün zəruri olan məlumatlar istisna olmaqla, məxfi saxlanmasını tələb edə bilər. Sorğu edilən İştirakçı Dövlət məxfilik tələbini yerinə yetirə bilmirsə, bu barədə sorğu edən İştirakçı Dövləti dərhal məlumatlandırır.
21. Qarşılıqlı hüquqi yardımın göstərilməsindən aşağıdakı hallarda imtina edilə bilər:
a) sorğu bu maddənin tələblərinə uyğun surətdə edilmədikdə;
b) sorğu edilən İştirakçı Dövlət sorğunun yerinə yetirilməsi nəticəsində onun suverenliyinə, təhlükəsizliyinə, ictimai qaydalarına və ya digər həyati əhəmiyyətli mənafelərinə zərər vurulacağım hesab etdikdə;
c) əgər sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyi onun orqanlarına, onun yurisdiksiyası daxilində istintaq, cinayət təqibinin və ya məhkəmə icraatının predmeti ola bilən hər hansı oxşar hüquqpozmaya dair sorğu edilən tədbirlərin həyata keçirilməsini qadağan edirsə;
d) sorğunun yerinə yetirilməsi İştirakçı Dövlətin qarşılıqlı hüquqi yardımla bağlı hüquq sistemi müddəalarına ziddirsə.
22. İştirakçı Dövlətlər qarşılıqlı hüquqi yardım barədə sorğunun həmçinin vergi məsələləri ilə bağlı olmasını yeganə əsas göstərərək onun yerinə yetirilməsindən imtina edə bilməzlər.
23. Qarşılıqlı hüquqi yardımın göstərilməsindən imtina bütün hallarda əsaslandırılmalıdır.
24. Sorğu edilən İştirakçı Dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə sorğunu mümkün qədər qısa müddətdə yerinə yetirir və sorğu edən İştirakçı Dövlət tərəfindən təklif olunmuş və sorğunun özündə əsaslandırılmış hər hansı hüdud müddətlərini imkan daxilində bütünlüklə nəzərə alır. Sorğu edən İştirakçı Dövlət onun sorğusunun təmin edilməsi üzrə sorğu edilən İştirakçı Dövlətin gördüyü tədbirlərin statusu və həyata keçirilməsi gedişatı üzrə məlumatları almaq üçün ağlabatan sorğularla müraciət edə bilər. Sorğu edilən İştirakçı Dövlət sorğunun statusu və təmin edilmə gedişatı barədə sorğu edən İştirakçı Dövlətin ağlabatan sorğularına cavab verir. Sorğu edən İştirakçı Dövlət sorğu edilmiş yardıma daha ehtiyac olmadıqda, sorğu edilən İştirakçı Dövləti bu barədə operativ olaraq məlumatlandırır.
25. Sorğu edilən İştirakçı Dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsini onun ərazisində həyata keçirilən istintaqa, cinayət təqibinə və ya məhkəmə icraatına mane olması əsası ilə təxirə sala bilər.
26. Bu maddənin 21-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsindən imtina etməzdən və ya bu maddənin 25-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsini təxirə salmazdan əvvəl, sorğu edilən İştirakçı Dövlət yardımın onun tərəfindən zəruri hesab edilən müddətlərdə və şərtlərlə göstərilə biləcəyini müəyyən etmək üçün, sorğu edən İştirakçı Dövlətlə məsləhətləşmə aparır. Sorğu edən İştirakçı Dövlət yardımın belə şərtlərlə göstərilməsini qəbul edərsə, həmin şərtlərə riayət edir.
27. Bu maddənin 12-ci bəndinin tətbiqinə xələl gətirmədən, İştirakçı Dövlətin sorğusu ilə sorğu edən İştirakçı Dövlətin ərazisində icraat zamanı ifadə verməyə və ya istintaq, cinayət təqibi və ya məhkəmə icraatı zamanı yardım etməyə razılıq verən şahid, ekspert və ya başqa şəxs sorğu edilən İştirakçı Dövlətin ərazisindən çıxmasınadək edilmiş hərəkət, hərəkətsizlik və ya məhkumluq ilə əlaqədar sorğu edən İştirakçı Dövlətin ərazisində cinayət təqibinə, həbsə, cəzaya və ya şəxsi azadlığının hər hansı başqa formada məhdudlaşdırılmasına məruz qoyulmur. Şahid, ekspert və ya başqa şəxs onun iştirakına məhkəmənin ehtiyacı olmadığı barədə rəsmən məlumatlandırıldıqdan sonra ardıcıl olaraq on beş gün ərzində və ya İştirakçı Dövlətlər arasında razılaşdırılmış hər hansı müddət ərzində sorğu edən İştirakçı Dövlətin ərazisini tərk etmək imkanı olduğu halda bu ərazini tərk etməmiş və ya tərk etdikdən sonra öz iradəsi ilə geriyə qayıtmışdırsa, şəxsi təhlükəsizliyə verilən həmin təminat qüvvədən düşür.
28. Maraqlı İştirakçı Dövlətlər başqa cür razılığa gəlməmişlərsə, sorğunun yerinə yetirilməsi ilə bağlı adi xərclər sorğu edilən İştirakçı Dövlətlər tərəfindən ödənilir. Sorğunun yerinə yetirilməsi böyük və ya əhəmiyyətli miqdarda xərc tələb edir və ya edəcəksə, İştirakçı Dövlətlər sorğunun yerinə yetirilmə şərtlərini və xərclərin ödənilmə qaydasını müəyyən etmək üçün məsləhətləşmə aparırlar.
29. Sorğu edilən İştirakçı Dövlət:
a) sərəncamında olan və daxili qanunvericiliyinə əsasən ictimaiyyət üçün açıq olan hökumət materiallarının, sənəd və məlumatların surətlərini sorğu edən İştirakçı Dövlətə təqdim edir;
b) sərəncamında olan və daxili qanunvericiliyinə əsasən ictimaiyyət üçün açıq olmayan hər hansı hökumət materiallarının, sənəd və məlumatların surətlərini öz mülahizəsi ilə tam və ya qismən, yaxud lazımi hesab etdiyi şərtlərə riayət etməklə sorğu edən İştirakçı Dövlətə təqdim edə bilər.
30. İştirakçı Dövlətlər, lazım gəldikdə, bu maddənin məqsədlərinə cavab verən, praktikada onun tətbiqini təmin edən və ya onun müddəalarını möhkəmləndirən ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanması imkanını nəzərdən keçirirlər.
Maddə 47
Cinayət icraatının verilməsi
Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı cinayət təqibi məqsədilə icraatın qarşılıqlı surətdə verilməsi ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi tələblərinə cavab verirsə və xüsusən işin bir neçə yurisdiksiyaya aid olduğu hallarda, cinayət işlərinin birləşdirilməsi məqsədilə İştirakçı Dövlətlər icraatın qarşılıqlı surətdə verilməsi imkanını nəzərdən keçirirlər.
Maddə 4 8
Hüquq mühafizə orqanları arasında əməkdaşlıq
1. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla mübarizədə hüquq mühafizə tədbirlərinin səmərəliliyini yüksəltmək məqsədilə, öz daxili hüquq və inzibati sistemlərinə uyğun surətdə bir-birilə sıx əməkdaşlıq edirlər. İştirakçı Dövlətlər, xüsusən, aşağıdakıların təmin edilmə-sinə yönəlmiş səmərəli tədbirlər görürlər:
a) bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların bütün aspektləri, habelə, əgər maraqlı İştirakçı Dövlətlər lazım hesab edərlərsə, digər cinayətkar fəaliyyətlərlə bağlı əlaqələrə aid etibarlı və çevik informasiya mübadiləsini təmin etmək üçün onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında əlaqə kanallarının möhkəmləndirilməsi və ya zəruri olduqda belə kanalların qurulması;
b) bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla bağlı təhqiqatın aparılmasında digər İştirakçı Dövlətlərlə aşağıdakıları üzə çıxarmaq məqsədilə əməkdaşlıq edilməsi:
i) belə hüquqpozmaların törədilməsində iştirak etməkdə şübhəli şəxslərin şəxsiyyəti, olduğu yer və fəaliyyəti və ya bununla əlaqəsi olan digər şəxslərin olduğu yer;
ii) cinayət yolu ilə əldə edilən gəlirlərin və ya belə cinayətlərin törədilməsi nəticəsində əldə olunmuş əmlakın yerdəyişməsi;
iii) belə hüquqpozmaların törədilməsi üçün istifadə olunmuş və ya istifadəsi nəzərdə tutulmuş əmlakın, avadanlıqların və ya digər vasitələrin yerdəyişməsi;
c) zəruri predmetlərin, yaxud zəruri miqdarda şeylərin, lazım gəldikdə, analiz və ya istintaq məqsədilə təqdim olunması;
d) bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların törədilməsində istifadə olunan konkret vasitə və üsullar, habelə fəaliyyətin gizlədilməsi üçün saxta şəxsiyyət vəsiqələrindən, dəyişdirilmiş və ya saxtalaşdırılmış sənədlərdən və digər vasitələrdən istifadə barədə informasiyanın lazım gəldikdə digər İştirakçı Dövlətlərlə mübadiləsi;
e) onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında səmərəli koordinasiyanı asanlaşdırmaq, əməkdaşların və ekspertlərin mübadiləsini, habelə maraqlı İştirakçı Dövlətlər arasında ikitərəfli saziş və müqavilələrin mövcud olduğu hallarda əlaqələndirici əməkdaşların göndərilməsini təşviq etmək;
f) informasiya mübadiləsi və bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların vaxtında aşkar edilməsi məqsədilə zəruri hallarda görülən inzibati və başqa tədbirlərin koordinasiyası.
2. Bu Konvensiyanı praktiki tətbiq etmək məqsədilə İştirakçı Dövlətlər öz hüquq mühafizə orqanları arasında bilavasitə əməkdaşlığa dair ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanması, belə saziş və ya müqavilələrin artıq mövcud olduğu hallarda isə onların dəyişdirilməsi imkanlarını nəzərdən keçirirlər. Maraqlı İştirakçı Dövlətlər arasında həmin saziş və ya müqavilələrin olmadığı hallarda İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalar üzrə hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlıq edilməsi üçün bu Konvensiyanı əsas kimi nəzərdə tuta bilərlər. Lazımi hallarda İştirakçı Dövlətlər öz hüquq mühafizə orqanları arasında əməkdaşlığı genişləndirmək üçün saziş və ya müqavilələri, o cümlədən beynəlxalq və ya regional təşkilatların mexanizmlərini tam həcmdə istifadə edirlər.
3. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan, müasir texnologiyadan istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə öz imkanları daxilində əməkdaşlıq etməyə səy göstərirlər.
Maddə 49
Birgə istintaqlar
İştirakçı Dövlətlər bir və ya bir neçə dövlətdə istintaq, cinayət təqibi və ya məhkəmə icraatının predmeti olan işlərlə bağlı səlahiyyətli orqanların birgə istintaq qurumları yarada bilməsinə imkan verən ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanmasını nəzərdən keçirirlər. Belə saziş və ya müqavilələrin olmadığı hallarda birgə istintaqlar hər bir xüsusi hal üzrə razılaşma əsasında həyata keçirilir. Müvafiq İştirakçı Dövlətlər ərazisində belə istintaqın aparılmalı olduğu iştirakçı Dövlətin suverenliyinə tam hörmət olunmasını təmin edirlər.
Maddə 50
Xüsusi istintaq üsulları
1. Korrupsiyaya qarşı səmərəli mübarizə məqsədilə hər bir İştirakçı Dövlət öz ərazisində onun səlahiyyətli orqanlarının nəzarətli göndərişlərindən və müvafiq hesab etdiyi hallarda elektron müşahidə və digər müşahidə formaları, agentura əməliyyatları kimi xüsusi istintaq üsullarından lazımi formada istifadə etməsini, habelə bu üsulların köməyi ilə əldə edilmiş sübutların məhkəmədə qəbul edilməsini təmin etmək üçün, öz daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olan həddə və daxili qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə, imkan daxilində olan tədbirləri görür.
2. Bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların istintaqı məqsədilə İştirakçı Dövlətlər həmin xüsusi istintaq üsullarının beynəlxalq səviyyəli əməkdaşlıq çərçivəsində istifadə edilməsi üçün, zəruri hallarda, müvafiq ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanmasına həvəsləndirilir. Belə saziş və ya müqavilələr dövlətlərin suveren bərabərliyi prinsipinə tam riayət etməklə bağlanılır və tətbiq edilir və bu saziş və ya müqavilələrin şərtlərinə ciddi riayət etməklə həyata keçirilir.
3. Bu maddənin 2-ci bəndində göstərilən saziş və ya müqavilələr mövcud olmadıqda, həmin xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə istifadəsi barədə qərar hər bir xüsusi hal üzrə qəbul olunur və zəruri olduqda, maraqlı İştirakçı Dövlətlərin yurisdiksiyanı həyata keçirməsinə münasibətdə maliyyə müqavilələrini və qarşılıqlı anlaşmaları nəzərə ala bilər.
4. Nəzarətli göndərişlərin beynəlxalq səviyyədə istifadə olunması barədə qərarlara maraqlı İştirakçı Dövlətlərin razılığı olduqda, yük və ya vasitələrin tutulması və onların toxunulmadan, yaxud tam və ya qismən götürülərək və ya dəyişdirilərək davam etdirilməsinə icazə verilməsi kimi metod və vasitələr daxil edilə bilər.
Fəsil V
AKTİVLƏRİN QAYTARILMASI ÜZRƏ TƏDBİRLƏR
Maddə 5 1
Ümumi müddəalar
Bu fəslə uyğun olaraq aktivlərin qaytarılması bu Konvensiyanın əsas prinsipidir və İştirakçı Dövlətlər bununla bağlı ən geniş surətdə bir-birilə əməkdaşlıq edir və bir-birinə yardım göstərirlər.
Maddə 52
Cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsinin
aşkar edilməsi və qarşısının alınması
1. Bu Konvensiyanın 14-cü maddəsinə zidd olmamaq şərtilə hər bir İştirakçı Dövlət öz yurisdiksiyası altında olan maliyyə müəssisələrindən müştərilərin şəxsiyyətinin yoxlanılmasını, hesablara böyük həcmdə yatırılmış vəsaitlərin benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin müəyyən edilməsini və əhəmiyyətli dövlət vəzifələrini yerinə yetirən və ya yetirmiş şəxslərin, onların ailə üzvlərinin və onlarla sıx bağlı olan tərəfdaşların və ya bunların hər hansı birinin adından çıxış edən şəxslərin açmağa çalışdığı və ya malik olduğu hesablar üzərində daha sərt nəzarətin həyata keçirilməsi məqsədilə ağla-batan tədbirlərin görülməsini tələb etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, zəruri olan tədbirlər görür.
Belə daha sərt nəzarət tədbirləri şübhəli əməliyyatlar barədə səlahiyyətli orqanlara məlumat verilməsi üçün onları aşkara çıxarmaq məqsədi daşıyır və onlar maliyyə müəssisələrinin hər hansı qanuni müştəri ilə iş aparmasına maneə və ya qadağa kimi təfsir olunmamalıdır.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yardım göstərmək məqsədilə hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq və regional, regionlararası və çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı təşəbbüslərini rəhbər tutaraq:
a) öz yurisdiksiyasının şamil olunduğu maliyyə müəssisələri tərəfindən hesabları üzərində daha sərt nəzarət tədbirlərinin tətbiq ediləcəyi gözlənilən fiziki və ya hüquqi şəxslərə, xüsusi diqqət yetirilməsi tələb olunan hesab və əməliyyatlara, hesabların açılması və aparılması üzrə müvafıq tədbirlərə, habelə belə hesablar üzrə qəbul ediləcək hesabatların aparılmasına münasibətdə tövsiyə xarakterli göstərişlər verir;
b) öz yurisdiksiyasının şamil olunduğu maliyyə müəssisələri tərəfindən şəxsiyyəti başqa formada müəyyən olunan şəxslərə əlavə olaraq, hesabları üzərində daha sərt nəzarət tədbirlərinin tətbiq ediləcəyi gözlənilən konkret fiziki və ya hüquqi şəxslərin şəxsiyyəti barədə, digər İştirakçı Dövlətin sorğusu ilə və ya öz təşəbbüsü ilə, bu müəssisələrə lazımi hallarda məlumat verir.
3. Bu maddənin 2 (a) bəndinin kontekstində hər bir İştirakçı Dövlət öz maliyyə müəssisələrinin bu maddənin 1-ci bəndində göstərilən şəxslərə aid hesab və əməliyyatlar barədə lazımi hesabatı müvafıq müddət ərzində saxlamasını təmin etmək üçün tədbirlər görür ki, belə hesabatlara, ən azı, müştərinin, habelə mümkün olduğu dərəcədə benefisiar mülkiyyətçinin şəxsiyyətinə aid olan məlumat daxil edilməlidir.
4. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə olunmuş gəlirlərin köçürülməsinin qarşısının alınması və aşkar edilməsi məqsədilə hər bir İştirakçı Dövlət fiziki mövcud olmayan və hər hansı tənzimlənən maliyyə qrupuna daxil olmayan bankların təsis edilməsinə, öz tənzimləyici və nəzarət orqanlarının köməyi ilə, yol verilməməsi üçün zəruri və təsirli tədbirlər görür. Bundan başqa, İştirakçı Dövlətlər bu cür qurumlarla müxbir bank münasibətlərinə girməkdən və bu münasibətləri davam etdirməkdən imtina etmək, habelə fiziki mövcud olmayan və ya heç bir tənzimlənən maliyyə qrupuna daxil olmayan banklarda olan hesablarından istifadə edən xarici maliyyə qurumları ilə münasibətlər qurmaqdan çəkinmək tələblərini müəyyən edə bilərlər.
5. Hər bir iştirakçı Dövlət, öz daxili qanunvericiliyinə uyğun olaraq, müvafiq dövlət vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar barədə məlumat verilməsi üçün səmərəli sistemlərin yaradılmasını nəzərdə tutur və bu tələblərin yerinə yetirilməməsi üzrə lazımi sanksiyalar müəyyən edir. Hər bir İştirakçı Dövlət həmçinin elə tədbirlər qəbul edə bilər ki, onun səlahiyyətli orqanları bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əl-də edilən gəlirlər üzrə istintaq aparılması, onların tələb edilməsi və geri qaytarılması üçün zəruri olan hallarda digər İştirakçı Dövlətin səlahiyyətli orqanları ilə belə informasiyanın mübadiləsini həyata keçirə bilsinlər.
6. Hər bir İştirakçı Dövlət hər hansı xarici ölkədə hansısa maliyyə hesabı ilə bağlı marağı və ya imza hüququ olan, yaxud başqa səlahiyyətlərə malik olan müvafiq dövlət vəzifəli şəxslərin bu barədə lazımi orqanlara məlumat verməsini və belə hesablara dair lazımi hesabat aparılmasını təmin etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, tələb olunan tədbirləri görür. Belə tədbirlər həmçinin həmin tələblərin yerinə yetirilməməsinə görə müvafiq sanksiyaların tətbiqini nəzərdə tutur.
Maddə 53
Əmlakın bilavasitə geri qaytarılması üzrə tədbirlər
Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq:
a) lazım gələn elə tədbirlər görür ki, digər İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi nəticəsində əldə olunmuş əmlaka hüququn və ya sahibliyin tanınması üçün mülki iddia ilə onun məhkəmələrinə müraciət edə bilsin;
b) lazım gələn elə tədbirlər görür ki, onun məhkəmələri bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaları törətmiş şəxslərin üzərinə bu hüquqpozmalardan zərər çəkmiş digər İştirakçı Dövlətə kompensasiya ödəmək və ya zərərlərin əvəzini ödəmək öhdəliyi qoya bilsinlər;
c) lazım gələn elə tədbirlər görür ki, onun məhkəmələri və ya səlahiyyətli orqanları müsadirə barədə qərar çıxararkən digər İştirakçı Dövlətin bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi nəticəsində əldə olunmuş əmlak üzərində qanuni mülkiyyət hüququnun tanınması tələbini nəzərə ala bilsinlər.
Maddə 5 4
Müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq vasitəsilə
əmlakın geri qaytarılması mexanizmləri
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquq-pozmalardan hər hansı birinin törədilməsi nəticəsində əldə edilmiş və ya belə hüquqpozmaların törədilməsi üçün istifadə olunmuş əmlakla əlaqədar bu Konvensiyanın 55-ci maddəsinə əsasən qarşılıqlı hüquqi yardım göstərilməsi məqsədilə, öz qanunvericiliyinə uyğun olaraq:
a) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları digər İştirakçı Dövlətin məhkəmələri tərəfindən çıxarılmış müsadirə qərarlarmı icra edə bilsinlər;
b) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları pul vəsaitlərinin yuyulması ilə bağlı hüquqpozma və ya onun yurisdiksiyası altına düşən digər hüquqpozmalar üzrə məhkəmə qərarları çıxararkən, yaxud onun qanunvericiliyi ilə icazə verilən digər prosedurlardan istifadə edərkən xarici mənşəli həmin əmlakın müsadirəsi barədə öz yurisdiksiyaları çərçivəsində qərar çıxara bilsinlər;
c) lazım gələn elə tədbirlər görür ki, cinayət törətmiş şəxsin ölümü, gizlənməsi və ya olmaması səbəbindən təqib oluna bilmədiyi hallarda, yaxud digər müvafiq hallarda cinayət məsuliyyətinə məhkum edilmədən həmin əmlakın müsadirə edilməsi mümkün olsun.
2. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın 55-ci maddəsinin 2-ci bəndinə əsasən edilmiş sorğu üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi məqsədilə, öz daxili qanunvericiliyinə uyğun olaraq:
a) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları, həbs və ya götürmə tədbirlərinin görülməsi üçün kifayət qədər əsaslar olduğu, habelə əmlakın son nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri üçün müsadirənin predmeti olacağı barədə sorğu edilən İştirakçı Dövləti inanmağa vadar edən ağlabatan əsaslar göstərən sorğu edən İştirakçı Dövlətin məhkəmələri və ya səlahiyyətli orqanları tərəfindən çıxarılmış həbs və ya götürmə haqqında qərara əsasən əmlakı götürə və ya onun üzərinə həbs qoya bilsinlər;
b) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları, həbs və ya götürmə tədbirlərinin görülməsi üçün kifayət qədər əsaslar olduğu, habelə əmlakın son nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri üçün müsadirənin predmeti olacağı barədə sorğu edilən İştirakçı Dövləti inanmağa vadar edən ağlabatan əsaslar göstərən sorğu edən İştirakçı Dövlətin sorğusuna əsasən əmlakı götürə və ya onun üzərinə həbs qoya bilsinlər;
c) əlavə olaraq elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları bu cür əmlakı: məsələn, onun əldə edilməsi ilə bağlı həbsə və ya ittihamın elan edilməsinə dair xarici qərar əsasında müsadirə məqsədilə saxlaya bilsinlər.
Maddə 55
Müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq
1. İştirakçı Dövlət onun ərazisində yerləşən bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində göstərilmiş cinayət yolu ilə əldə edilmiş gəlirləri, əmlakı, avadanlıqları və cinayət törədilməsinin digər vasitələrini müsadirə etmək üçün bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birinə yurisdiksiyası olan digər İştirakçı Dövlətdən sorğu aldıqda, öz daxili hüquq sistemi çərçivəsində mümkün olan maksimum dərəcədə:
a) müsadirə barədə qərar çıxarılması üçün bu sorğunu öz səlahiyyətli orqanlarına təqdim edir və belə qərarın çıxarıldığı halda onu icraya yönəldir; yaxud
b) Bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndinə və 54-cü maddəsinin 1 (a) bəndinə əsasən sorğu edən İştirakçı Dövlətin məhkəməsi tərəfindən çıxarılmış müsadirə qərarını sorğuda göstərilən həcmdə icra edilməsi üçün öz səlahiyyətli orqanlarına təqdim edir, o şərtlə ki, həmin sorğu sorğu edilən İştirakçı Dövlətin ərazisində yerləşən və 31-ci maddənin 1-ci bəndində göstərilən cinayət yolu ilə əldə edilən gəlirlərə, əmlaka, avadanlıqlara və cinayətin digər törədilmə vasitələrinə aid olsun.
2. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birinə yurisdiksiyası olan digər İştirakçı Dövlətdən sorğu aldıqdan sonra, sorğu edilən İştirakçı Dövlət bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində göstərilmiş cinayət gəlirlərinin, əmlakın, avadanlıqların və cinayət törədilməsinin digər vasitələrinin sorğu edən İştirakçı Dövlət və ya bu maddənin 1-ci bəndinə əsasən sorğu edilən İştirakçı Dövlət tərəfindən ediləcək mümkün müsadirəsi məqsədilə aşkarlanması, izlənməsi, həbsi və ya götürülməsi üçün tədbirlər görür.
3. Bu Konvensiyanın 46-cı maddəsinin müddəaları bu maddəyə mutatis mutandis tətbiq olunur. Bu maddə əsasında göndərilən sorğularda 46-cı maddənin 15-ci bəndində göstərilmiş məlumatlara əlavə olaraq həmçinin aşağıdakılar göstərilir:
a) bu maddənin 1 (a) bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar - müsadirə edilməli olan əmlakın təsviri, o cümlədən mümkün olduğu qədər yerləşdiyi yer barədə və lazım olduğu halda, əmlakın təqribi dəyəri, habelə sorğu edən İştirakçı Dövlətin istinad etdiyi və sorğu edilən İştirakçı Dövlətin öz daxili qanunvericiliyinə uyğun olaraq qərar çıxara bilməsi üçün kifayət edəcək faktların xülasə edildiyi bəyanat;
b) bu maddənin 1 (b) bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar - sorğu edən İştirakçı Dövlət tərəfindən verilən və sorğunun əsaslandığı müsadirə qərarının hüquqi cəhətdən qəbul edilən surəti, faktların xülasə olunduğu bəyanat və qərarın hansı həcmdə icra edilməsinin xahiş edildiyi barədə məlumat, vicdanlı üçüncü tərəflərə lazımi məlumatların göndərilməsi və lazımi hüquqi prosedurlara riayət edilməsinin təmin olunması üçün sorğu edən İştirakçı Dövlətin gördüyü tədbirləri göstərən bəyanat, müsadirə qərarının qəti olduğunu göstərən bəyanat;
c) bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar - sorğu edən İştirakçı Dövlətin istinad etdiyi faktları xülasə edən bəyanat və sorğu edilən tədbirlərin təsviri, habelə, əgər varsa, sorğunun əsaslandığı qərarın hüquqi cəhətdən qəbul edilən surəti.
4. Bu maddənin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş qərar və tədbirlər sorğu edilən İştirakçı Dövlət tərəfindən onun daxili qanunvericiliyinin müddəalarına və ya prosessual normalarına, yaxud sorğu edən İştirakçı Dövlətlə münasibətlərində bağlı olduğu hər hansı ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrə uyğun olaraq və onlara riayət edilməsi şərtilə qəbul edilir.
5. Hər bir İştirakçı Dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanım və qaydalarının mətnlərini, habelə belə qanun və qaydalara bütün sonrakı dəyişikliklərin mətnlərini və ya onların xülasəsini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir.
6. İştirakçı Dövlət bu maddənin 1 və 2-ci bəndlərində göstərilmiş tədbirlərin görülməsi üçün müvafıq müqavilənin mövcud olmasını istəyərsə, onda həmin İştirakçı Dövlət bu Konvensiyanı zəruri və kifayət edici müqavilə əsası kimi nəzərdə tutur.
7. Sorğu edilən İştirakçı Dövlətin kifayət hesab etdiyi sübutlar ona vaxtında verilmədikdə və ya əmlak cüzi dəyərə malik olan hallarda bu maddə üzrə əməkdaşlıqdan imtina edilə və ya qətimkan tədbirləri dayandırıla bilər.
8. Bu maddəyə uyğun olaraq görülmüş hər hansı qətimkan tədbirini dayandırmazdan əvvəl, sorğu edilən İştirakçı Dövlət mümkün olan hər bir halda sorğu edən İştirakçı Dövlətə imkan verir ki, belə tədbirlərin davam etdirilməsinin lehinə öz əsaslarını göstərə bilsin.
9. Bu maddənin müddəaları vicdanlı üçüncü tərəflərin hüquqlarının zərərinə təfsir olunmur.
M addə 5 6
Xüsusi əməkdaşlıq
Öz daxili qanunvericiliyinə zidd olmadan hər bir İştirakçı Dövlət, açıqlayacağı məlumatların onu alan İştirakçı Dövlətə istintaq, cinayət təqibi və ya məhkəmə icraatı başlamaqda və aparmaqda kömək edəcəyini, yaxud bu İştirakçı Dövlət tərəfindən Konvensiyanın bu fəslinə əsasən sorğu edilməsinə səbəb olacağını hesab edərsə, elə tədbirlər görməyə çalışır ki, bu tədbirlər ona özünün apardığı istintaq, cinayət təqibi və ya məhkəmə icraatlarına xələl gətirmədən bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlər barədə məlumatları sorğu edilməsini gözləmədən digər İştirakçı Dövlətə təqdim etməyə imkan versin.
Maddə 57
Aktivlərin geri qaytarılması və onlara sərəncam verilməsi
1. Bu Konvensiyanın 31 və ya 55-ci maddələrinə əsasən İştirakçı Dövlət tərəfindən müsadirə edilmiş əmlaka, onun bu maddənin 3-cü bəndinə əsasən öz əvvəlki qanuni sahibinə qaytarılması da daxil olmaqla, həmin İştirakçı Dövlət bu Konvensiyanın müddəalarına və öz daxili qanunvericiliyinə uyğun olaraq sərəncam verir.
2. Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, lazım gələn elə qanunvericilik və digər tədbirlər görür ki, onun səlahiyyətli orqanları başqa İştirakçı Dövlətin bu Konvensiyaya əsasən etdiyi sorğu üzrə hərəkət edərkən, müsadirə edilmiş əmlakı vicdanlı üçüncü tərəflərin hüquqları nəzərə alınmaqla geri qaytara bilsinlər.
3. Bu Konvensiyanın 46 və 55-ci maddələrinə və bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq, sorğu edilən İştirakçı Dövlət:
a) bu Konvensiyanın 17 və 23-cü maddələrində göstərildiyi kimi dövlət vəsaitlərinin talandığı və ya talanmış dövlət vəsaitlərinin qeyri-qanuni leqallaşdırıldığı hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun olaraq və sorğu edən İştirakçı Dövlətin qəti məhkəmə qərarı əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina edə bilər, müsadirə edilmiş əmlakı sorğu edən iştirakçı Dövlətə qaytarır;
b) bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozmadan əldə edilmiş gəlirlərlə bağlı hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun olaraq və sorğu edən İştirakçı Dövlətin qəti məhkəmə qərarı əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina edə bilər, müsadirə edilmiş əmlakı sorğu edən İştirakçı Dövlətə qaytarır, o halda ki, sorğu edən İştirakçı Dövlət müsadirə edilmiş belə əmlaka özünün əvvəllər mövcud olmuş mülkiyyət hüququnu sorğu edilən İştirakçı Dövlət qarşısında ağlabatan surətdə sübut edir, yaxud sorğu edilən İştirakçı Dövlət sorğu edən İştirakçı Dövlətə vurulmuş ziyanı müsadirə edilmiş əmlakın geri qaytarılmasının əsası kimi tanıyır;
c) bütün digər hallarda, müsadirə edilmiş əmlakın sorğu edən İştirakçı Dövlətə qaytarılmasını və ya belə əmlakın öz əvvəlki qanuni sahiblərinə qaytarılmasını, yaxud cinayətdən zərərçəkənlərə kompensasiya ödənilməsini prioritet məsələ kimi nəzərdən keçirir.
4. Lazım gələn hallarda, əgər İştirakçı Dövlətlər başqa cür qərar qəbul etməzlərsə, sorğu edilən İştirakçı Dövlət müsadirə edilmiş əmlakın bu maddəyə uyğun olaraq geri qaytarılması və ya ona sərəncam verilməsi ilə əlaqədar istintaq, cinayət təqibi və ya məhkəmə icraatı gedişində çəkilmiş ağlabatan xərcləri çıxa bilər.
5. Lazım gələn hallarda İştirakçı Dövlətlər müsadirə edilmiş əmlaka qəti sərəncam verilməsi ilə bağlı hər bir konkret hal üçün saziş və ya qarşılıqlı surətdə qəbul olunan müqavilə bağlanması imkanlarını xüsusən nəzərdən keçirə bilərlər.
Maddə 58
Maliyyə-kəşfiyyat qurumu
İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsinin qarşısını almaq və onunla mübarizə aparmaq, habelə belə gəlirlərin tutulmasının yol və üsullarından istifadə edilməsinə kömək göstərmək məqsədilə bir-birilə əməkdaşlıq edir və bu məqsədlə, şübhəli maliyyə əməliyyatları barədə məlumatların alınmasına, təhlilinə və səlahiyyətli orqanlara göndərilməsinə görə məsuliyyət daşıyacaq maliyyə-kəşfiyyat qurumunun yaradılması məsələsini nəzərdən keçirirlər.
Maddə 59
İkitərəfli və çoxtərəfli saziş və müqavilələr
İştirakçı Dövlətlər Konvensiyanın bu fəslinə əsasən həyata keçirilən beynəlxalq əməkdaşlığın səmərəliliyini yüksəltmək üçün ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanması imkanlarını nəzərdən keçirirlər.
Fəsil VI
TEXNİKİ YARDIM VƏ MƏLUMAT MÜBADİLƏSİ
Maddə 60
Kadr hazırlığı və texniki yardım
1. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması və onunla mübarizəyə görə məsuliyyət daşıyan heyəti üçün zəruri olan həddə xüsusi hazırlıq proqramları işləyib hazırlayır, həyata keçirir və ya təkmilləşdirir. Belə hazırlıq proqramları, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakı sahələri əhatə edir:
a) korrupsiyanın qarşısının alınması, aşkar edilməsi, cəzalandırılması, habelə sübutların toplanması və istintaq aparılması metodlarından istifadə də daxil olmaqla onunla mübarizə üçün səmərəli tədbirlər;
b) korrupsiyaya əks təsir üzrə strateji siyasətin işlənib hazırlanması və planlaşdırılması sahəsində potensialın yaradılması;
c) qarşılıqlı hüquqi yardıma dair bu Konvensiyanın tələblərinə uyğun sorğuların tərtib olunması məsələsi üzrə səlahiyyətli orqan əməkdaşlarının hazırlanması;
d) təsisatların, dövlət xidmətlərini idarəetmənin, dövlət maliyyələrini, həmçinin dövlət satınalmalarını idarəetmənin və özəl sektorun dəyərləndirilməsi və möhkəmləndirilməsi;
e) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsinin qarşısının alınması, habelə belə gəlirlərin götürülməsi;
f) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsi üzrə əməliyyatların aşkar olunması və dayandırılması;
g) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin yerdəyişməsinin, habelə belə gəlirlərin köçürülməsi, gizlədilməsi və ya ört-basdır edilməsi üçün istifadə olunan metodların izlənməsi;
h) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin geri qaytarılmasına imkan verən müvafiq və səmərəli hüquqi və inzibati mexanizm və metodlar;
i) məhkəmə orqanları ilə əməkdaşlıq edən zərərçəkən və şahidlərin müdafiəsi üçün istifadə edilən metodlar;
j) əməkdaşların milli və beynəlxalq qaydalara, habelə dillərin öyrənilməsinə aid məsələlər üzrə hazırlanması.
2. İştirakçı Dövlətlər özlərinin korrupsiya ilə mübarizə üzrə müvafiq plan və proqramları ilə bağlı bir-birinə, xüsusən inkişaf etməkdə olan ölkələrin mənafeyi naminə, öz imkanları daxilində ən geniş formada texniki yardım göstərmək məsələsini nəzərdən keçirirlər ki, belə yardıma həmçinin bu maddənin 1-ci bəndində göstərilən sahələr üzrə maddi yardım və kadr hazırlığı, habelə ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində İştirakçı Dövlətlər arasında beynəlxalq əməkdaşlığa kömək edəcək kadr hazırlığı, yardım göstərilməsi və müvafiq təcrübə və xüsusi biliklərin qarşılıqlı mübadiləsi daxildir.
3. İştirakçı Dövlətlər beynəlxalq və regional təşkilatlarda, habelə, müvafiq ikitərəfli və çoxtərəfli saziş və ya müqavilələr çərçivəsində görülən praktiki və treninq tədbirlərinin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş səylərini zəruri olan dərəcədə gücləndirirlər.
4. İştirakçı Dövlətlər səlahiyyətli orqanların və ictimaiyyətin iştirakı ilə korrupsiyaya qarşı mübarizə strategiyasının və fəaliyyət planlarının hazırlanması məqsədilə, öz ölkələrində korrupsiyanın növləri, səbəbləri, nəticələri və məsrəfləri ilə bağlı qiymətləndirmələrin, tədqiqat və işlərin aparılmasında bir-birinə müvafiq sorğu üzrə yardım etmək imkanlarını nəzərdən keçirirlər.
5. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin tutulmasına yardım məqsədilə İştirakçı Dövlətlər bu məqsədə nail olmağa kömək edəcək ekspertlərin adlarmı bir-birinə bildirmək üçün əməkdaşlıq edə bilərlər.
6. İştirakçı Dövlətlər əməkdaşlığa və texniki yardıma imkan yaratmaq, habelə qarşılıqlı maraq doğuran problemlərin, o cümlədən inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin xüsusi problem və tələbatının müzakirəsini stimullaşdırmaq üçün subregional, regional və beynəlxalq konfrans və seminarlardan istifadə imkanlarını nəzərdən keçirirlər.
7. İştirakçı Dövlətlər inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin texniki yardım sahəsində proqram və layihələr həyata keçirməklə bu Konvensiyanı tətbiq etmək səylərinə maliyyə dəstəyi vermək üçün könüllü mexanizmlərin yaradılması imkanlarını nəzərdən keçirirlər.
8. Hər bir İştirakçı Dövlət inkişaf etməkdə olan ölkələrdə bu Konvensiyanın həyata keçirilməsinə yönəlmiş proqram və layihələrin realizəsinə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi vasitəsilə yardım etmək məqsədilə, İdarənin ehtiyacları üçün könüllü ianələrin ayrılması imkanlarını nəzərdən keçirir.
M ad d ə 6 1
Korrupsiyaya dair məlumatların toplanması
və təhlili, bu məlumatların mübadiləsi
1. Hər bir İştirakçı Dövlət öz ərazisində korrupsiya sahəsində təmayüllərin, habelə korrupsiya hüquqpozmalarının törədildiyi şəraitin ekspertlərin iştirakı ilə təhlil edilməsi imkanlarını nəzərdən keçirir.
2. İştirakçı Dövlətlər korrupsiyaya dair analitik biliklərin, statistik məlumatların və korrupsiyanın qarşısının alınması və onunla mübarizə üçün mümkün dərəcədə ümumi anlayışlar, standartlar və metodologiyalar hazırlamaq məqsədilə, həmçinin ən yaxşı praktika haqqında məlumatların hazırlanmasını və onların birbaşa və beynəlxalq və ya regional təşkilatlar vasitəsilə mübadiləsini nəzərdən keçirirlər.
3. Hər bir İştirakçı Dövlət korrupsiya ilə mübarizə üzrə öz siyasətinə və praktiki tədbirlərinə nəzarət edilməsi, habelə onların səmərəliliyinin və təsirliliyinin qiymətləndirilməsi imkanlarını nəzərdən keçirir.
Maddə 62
Başqa tədbirlər: bu Konvensiyanın iqtisadi inkişaf
və texniki yardım vasitəsilə həyata keçirilməsi
1. İştirakçı Dövlətlər korrupsiyanın bütövlükdə cəmiyyət üçün, o cümlədən sabit inkişaf üçün mənfi nəticələrini nəzərə alaraq, beynəlxalq əməkdaşlıq vasitəsilə bu Konvensiyanın optimal səviyyədə həyata keçirilməsinə imkan verən tədbirlər görürlər.
2. İştirakçı Dövlətlər aşağıdakı məqsədlərə nail olmaq üçün bir-biri ilə, habelə beynəlxalq və regional təşkilatlar ilə koordinasiya şəraitində və imkan daxilində konkret səylər göstərirlər:
a) inkişaf etməkdə olan ölkələrin korrupsiyanın qarşısının alınması və onunla mübarizə sahəsində imkanlarını gücləndirmək məqsədilə bu ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlığın fəallaşdırılması;
b) inkişaf etməkdə olan ölkələrin korrupsiyanın səmərəli surətdə qarşısının alınması və onunla mübarizə üzrə səylərini dəstəkləmək və onlara bu Konvensiyanı müvəffəqiyyətlə həyata keçirməkdə kömək etmək məqsədilə maliyyə və maddi yardımın genişləndirilməsi;
c) inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı tələbatlarının ödənilməsinə kömək etmək üçün onlara texniki yardım göstərilməsi. Bunun üçün, İştirakçı Dövlətlər Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış maliyyələşdirmə mexanizmində konkret olaraq həmin məqsəd üçün nəzərdə tutulmuş hesaba müntəzəm olaraq kifayət miqdarda könüllü ianələr köçürməyə çalışırlar. İştirakçı Dövlətlər bu Konvensiyanın müddəalarına əsasən müsadirə olunmuş pul vəsaitlərinin müəyyən hissəsini və ya cinayət yolu ilə əldə edilmiş gəlirlərin və ya əmlakın müvafiq qismini yuxarıda göstərilən hesaba köçürmək məsələsini öz daxili qanunvericiliyinə və bu Konvensiyanın müddəalarına uyğun olaraq ayrıca nəzərdən keçirə bilərlər;
d) digər İştirakçı Dövlətləri və maliyyə qurumlarını, lazımi hallarda bu maddəyə uyğun olaraq həyata keçirilən səylərə qoşulmağa, xüsusən inkişaf etməkdə olan ölkələrə bu Konvensiyada nəzərdə tutulmuş məqsədlərə nail olmaqda yardım etmək üçün daha çox hazırlıq proqramları və müasir avadanlıqla təmin etməyə həvəsləndirmə və inandırma.
3. Bu tədbirlər ikitərəfli, regional və ya beynəlxalq səviyyəli xarici yardım və ya maliyyə əməkdaşlığı barədə digər müqavilələrə aid mövcud öhdəliklərə imkan daxilində xələl gətirmir.
4. İştirakçı Dövlətlər bu Konvensiya ilə nəzərdə tutulmuş beynəlxalq əməkdaşlığın səmərəliliyinin təmin edilməsi, habelə korrupsiyanın qarşısının alınması və aşkar edilməsi və onunla mübarizə aparılması üçün zəruri olan maliyyə müqavilələrini nəzərə alaraq öz aralarında maddi-texniki yardıma dair ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələr bağlaya bilərlər.
Fəsil VII
TƏTBİQ MEXANİZMLƏRİ
M addə 6 3
Konvensiyanın İştirakçı Dövlətlərinin Konfransı
1. Bu Konvensiya ilə müəyyən olunan məqsədlərə nail olunması yolunda İştirakçı Dövlətlərin imkanlarının və onlar arasında əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə, habelə bu Konvensiyanın tətbiq edilməsinin təşviq və təhlil edilməsi üçün Konvensiyanın İştirakçı Dövlətlərinin Konfransı təsis olunur.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Konvensiyanın qüvvəyə minməsindən sonra bir ildən gec olmayaraq İştirakçı Dövlətlərin Konfransını çağırır. Bundan sonra İştirakçı Dövlətlərin Konfransında qəbul edilmiş prosedur qaydalarına uyğun olaraq Konfransın növbəti iclasları keçiriləcək.
3. İştirakçı Dövlətlərin Konfransı prosedur qaydalarını və bu maddədə göstərilmiş fəaliyyət növlərinin həyata keçirilməsini tənzimləyən qaydaları, o cümlədən müşahidəçilərin qəbul edilməsi və iştirakına, habelə bu fəaliyyət növlərinin həyata keçirilməsinə çəkilmiş xərclərə aid qaydaları qəbul edir.
4. İştirakçı Dövlətlərin Konfransı bu maddənin 1-ci bəndində göstərilmiş məqsədlərə nail olunması üçün fəaliyyət növləri, iş prosedurları və metodları barədə razılığa gəlir ki, bunlara həmçinin aiddir:
a) bu Konvensiyanın 60 və 62-ci maddələrinə və II-V fəsillərinin müddəalarına uyğun olaraq, həmçinin könüllü ianələrin toplanmasını stimullaşdırmaq yolu ilə İştirakçı Dövlətlərin fəaliyyətinin dəstəklənməsi;
b) digər vasitələrlə yanaşı, həmçinin bu maddədə göstərildiyi kimi, aidiyyəti məlumatların dərc edilməsi yolu ilə, korrupsiyanın formaları və bu sahədə təmayüllər, korrupsiyanın qarşısının alınması və onunla mübarizə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin geri qaytarılması üçün uğurlu təcrübə barədə İştirakçı Dövlətlər arasında məlumat mübadiləsinə kömək göstərilməsi;
c) müvafiq beynəlxalq və regional təşkilat və mexanizmlərlə, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq;
d) bir işin lazımsız olaraq təkrarən görülməsinin qarşısını almaq üçün digər beynəlxalq və regional mexanizmlərin korrupsiyanın qarşısının alınması və onunla mübarizə məqsədilə hazırladıqları müvafiq məlumatların lazımi qaydada istifadə edilməsi;
e) bu Konvensiyanın onun İştirakçısı olan Dövlətlər tərəfindən tətbiq edilməsinin dövri olaraq nəzərdən keçirilməsi;
f) bu Konvensiyanın təkmilləşdirilməsinə və onun tətbiqinə dair tövsiyələrin hazırlanması;
g) bu Konvensiyanın tətbiqi üzrə İştirakçı Dövlətlərin texniki yardıma olan ehtiyacının nəzərə alınması və bununla bağlı Konfransın zəruri hesab edəcəyi bütün hərəkətlər üzrə tövsiyələrin hazırlanması.
5. Bu maddənin 4-cü bəndinin məqsədləri üçün İştirakçı Dövlətlərin Konfransı İştirakçı Dövlətlərin bu Konvensiyanın tətbiqi üçün gördüyü tədbirlər və bu zaman qarşılaşdıqları çətinliklər barədə, onların özlərinin təqdim etdiyi məlumat əsasında və İştirakçı Dövlətlərin Konfransı tərəfindən yaradıla bilən əlavə nəzarət mexanizmləri əsasında zəruri məlumat alır.
6. Hər bir İştirakçı Dövlət öz proqramları, planları və təcrübəsi barədə, habelə bu Konvensiyanın tətbiqinə yönəlmiş qanunvericilik və inzibati tədbirlər barədə İştirakçı Dövlətlərin Konfransına tələb olunan qaydada məlumat təqdim edir. İştirakçı Dövlətlərin Konfransı, digər mənbələrlə yanaşı, həmçinin İştirakçı Dövlətlərdən və səlahiyyətli beynəlxalq təşkilatlardan alınmış məlumatlar da daxil olmaqla, məlumatların alınmasının və onun əsasında müvafiq qərarlar qəbul edilməsinin ən səmərəli yollarını öyrənir. Müvafiq qeyri-hökumət təşkilatlarından alınmış və İştirakçı Dövlətlərin Konfransının qərarı ilə müəyyən ediləcək prosedurlara əsasən lazımi qaydada akkreditə olunmuş materiallar da nəzərdən keçirilə bilər.
7. Bu maddənin 4-6-cı bəndlərinə uyğun olaraq İştirakçı Dövlətlərin Konfransı Konvensiyanın səmərəli surətdə tətbiq edilməsinə kömək məqsədilə, zəruri hesab edərsə, hər hansı müvafiq mexanizmi və ya orqanı təsis edir.
M addə 64
Katiblik
1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Konvensiyanın İştirakçı Dövlətlərinin Konfransını zəruri katiblik xidməti ilə təmin edir.
2. Katiblik:
a) bu Konvensiyanın 63-cü maddəsi ilə müəyyən edilən fəaliyyətin həyata keçirilməsində İştirakçı Dövlətlərin Konfransına kömək göstərir, habelə İştirakçı Dövlətlərin Konfransının sessiyalarını təşkil edir və onları zəruri xidmətlə təmin edir;
b) İştirakçı Dövlətlərə, onların xahişi üzrə, bu Konvensiyanın 63-cü maddəsinin 5 və 6-cı bəndlərində nəzərdə tutulduğu kimi, İştirakçı Dövlətlərin Konfransına məlumatlar verməkdə kömək göstərir; və
c) digər müvafiq beynəlxalq və regional təşkilatların katiblikləri ilə zəruri koordinasiyanı təmin edir.
Fəsil VIII
YEKUN MÜDDƏALAR
M a d d ə 6 5
Konvensiyanın təsdiq edilməsi
1. Hər bir İştirakçı Dövlət bu Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün, öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, zəruri tədbirlər, o cümlədən qanunvericilik və inzibati tədbirlər görür.
2. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması və onunla mübarizə məqsədilə, bu Konvensiyada nəzərdə tutulan tədbirlərdən daha ciddi və sərt tədbirlər görə bilər.
M a d d ə 6 6
Mübahisələrin həlli
1. İştirakçı Dövlətlər bu Konvensiyanın təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışırlar.
2. Bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı iki və ya daha çox sayda İştirakçı Dövlət arasında yaranmış mübahisə danışıqlar yolu ilə ağlabatan müddət ərzində həll edilə bilməzsə, bu İştirakçı Dövlətlərdən birinin müraciəti ilə mübahisə arbitraj araşdırmasına verilir. Arbitraj barədə müraciətin edildiyi gündən altı ay ərzində bu İştirakçı Dövlətlər arbitrajın təşkili barədə razılığa gələ bilmirsə, bu İştirakçı Dövlətlərdən hər hansı biri Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə, mübahisəni həmin Məhkəməyə verə bilər.
3. Hər bir İştirakçı Dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya edərkən, qəbul və ya təsdiq edərkən, yaxud ona qoşularkən bəyan edə bilər ki, o özünü bu maddənin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir. Digər İştirakçı Dövlətlər belə qeyd-şərt etmiş hər hansı İştirakçı Dövlətə bu maddənin 2-ci bəndinə münasibətdə bağlı deyillər.
4. Bu maddənin 3-cü bəndinə əsasən qeyd-şərt etmiş İştirakçı Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərmək yolu ilə istənilən zaman bu qeyd-şərti geri götürə bilər.
M addə 6 7
İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma
1. Bu Konvensiya 2003-cü il dekabr ayının 9-dan 11-dək Meksikanın Merida şəhərində, sonra isə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında 2005-ci il 9 dekabr tarixinədək bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.
2. Bu Konvensiya regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün də açıqdır, lakin belə təşkilatların üzvü olan dövlətlərdən ən azı biri bu Konvensiyam bu maddənin 1-ci bəndinə uyğun olaraq imzalamış olmalıdır.
3. Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilir. Ratifikasiya, qəbul və ya təsdiq sənədləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca təhvil verilir. Regional iqtisadi inteqrasiya təşkilatı, əgər onun üzvü olan dövlətlərdən ən azı biri bu qaydada üzvlüyə qəbul olunmuşdursa, öz ratifikasiya, qəbul və ya təsdiq sənədini saxlanca təhvil verə bilər. Belə ratifikasiya, qəbul və ya təsdiq sənədində həmin təşkilat bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz səlahiyyət dairəsini bildirir. Həmin təşkilat öz səlahiyyət dairəsində istənilən müvafiq dəyişiklik barədə də depozitariyə məlumat verir.
4. Bu Konvensiya hər hansı dövlətin və ya üzv dövlətlərindən ən azı biri bu Konvensiyanın İştirakçısı olan regional iqtisadi inteqrasiya təşkilatının qoşulması üçün açıqdır. Qoşulma barədə sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanca təhvil verilir. Qoşulma zamanı regional iqtisadi inteqrasiya təşkilatı bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz səlahiyyət dairəsini bildirir. Həmin təşkilat öz səlahiyyət dairəsində istənilən müvafiq dəyişiklik barədə də depozitariyə məlumat verir.
Maddə 68
Qüvvəyə minmə
1. Bu Konvensiya otuzuncu ratifikasiya, qəbul və ya təsdiq sənədinin saxlanca təhvil verilməsi tarixindən sonrakı doxsanıncı gün qüvvəyə minir. Bu bəndin məqsədləri üçün, regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilmiş hər hansı sənəd bu təşkilata üzv dövlətlər tərəfindən saxlanca verilmiş sənədlərə əlavə kimi hesab edilmir.
2. Otuzuncu ratifikasiya, qəbul və ya təsdiq sənədinin saxlanca verilməsindən sonra bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Konvensiya belə dövlət və ya təşkilat tərəfindən müvafıq sənədin saxlanca verildiyi tarixdən sonrakı otuzuncu gün, yaxud bu maddənin 1-ci bəndinə əsasən bu Konvensiyanın qüvvəyə mindiyi gün, bu iki tarixdən hansının daha sonra gəlməsindən asılı olaraq, qüvvəyə minir.
Maddə 69
Düzəlişlər
1. Bu Konvensiyanın qüvvəyə minməsindən beş il keçdikdən sonra İştirakçı Dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər ki, o da bu təklifin baxılması və qərar qəbul edilməsi məqsədilə düzəlişi İştirakçı Dövlətlərə və İştirakçı Dövlətlərin Konfransına göndərir. İştirakçı Dövlətlərin Konfransı hər bir düzəlişlə bağlı konsensusa
nail olmaq üçün bütün səylərini göstərir. Əgər konsensusa nail olmaq üçün bütün səylər göstərilmiş, bununla belə razılıq əldə olunmamışdırsa, onda ən son tədbir kimi, düzəlişin qəbul edilməsi üçün, İştirakçı Dövlətlərin Konfransının iclasında iştirak edən və səs verən İştirakçı Dövlətlərin üçdə iki səs çoxluğu tələb olunur.
2. Regional iqtisadi inteqrasiya təşkilatları öz səlahiyyətlərinə aid olan məsələlərdə bu maddəyə əsasən səs hüququnu bu Konvensiyanın İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səs sayı ilə həyata keçirir. Belə təşkilatın üzvü olan dövlətlər səs hüquqlarından özləri istifadə edirlərsə, təşkilat səs hüququnu həyata keçirmir və əksinə.
3. Bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən düzəliş İştirakçı Dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilir.
4. Bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən düzəliş İştirakçı Dövlətə münasibətdə bu düzəlişin ratifikasiya, qəbul və ya təsdiq sənədinin Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.
5. Düzəliş qüvvəyə mindikdə, onunla bağlı olmağa razılıq vermiş İştirakçı Dövlətlər üçün məcburi olur. Digər İştirakçı Dövlətlər bu Konvensiyanın müddəaları və əvvəllər ratifikasiya, qəbul və ya təsdiq etdikləri düzəlişlərlə bağlı olaraq qalırlar.
Maddə 70
Denonsasiya
1. İştirakçı Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərmək yolu ilə bu Konvensiyanı denonsasiya edə bilər. Belə denonsasiya bildirişin baş katib tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir.
2. Regional iqtisadi inteqrasiya təşkilatının üzvü olan bütün dövlətlər bu Konvensiyanı denonsasiya etdikləri halda, həmin təşkilatın bu Konvensiyaya tərəf olması dayandırılır.
Maddə 7 1
Depozitari və dillər
1. Bu Konvensiyanın depozitarisi Birləşmiş Millətlər Təşkilatının Baş katibi təyin olunur.
2. Bu Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində bərabər autentik mətnlərdə olan əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.
Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar.
Birləşmiş Millətlər Təşkilatının korrupsiya Əleyhinə
Konvensiyasına dair Azərbaycan Respublikasının
QEYD-ŞƏRTLƏRİ VƏ BƏYANATLARI
1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə həmin ərazilərin işğaldan azad olunmasına qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).
2. Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyada öz əksini tapmış heç bir hüquq, öhdəlik və müddəa Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.
3. Azərbaycan Respublikası Konvensiyanın 44-cü maddəsinin 6-cı bəndinin "a" yarımbəndinə uyğun olaraq bəyan edir ki, o, cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə digər iştirakçı dövlətlərlə əməkdaşlıq üçün bu Konvensiyadan hüquqi əsas kimi istifadə edəcəkdir.
4. Azərbaycan Respublikası Konvensiyanın 46-cı maddəsinin 13-cü bəndinə uyğun olaraq bildirir ki, qarşılıqlı hüquqi yardımın göstərilməsi üzrə sorğuların qəbul edilməsinə və ya onların yerinə yetirilməsinə, bu sorğuların yerinə yetirilməsi üçün müvafiq səlahiyyətli orqanlara verilməsinə görə məsuliyyət daşıyan mərkəzi orqan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu təyin olunur.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1001, Nigar Rəfibəyli küçəsi, 7.
5. Azərbaycan Respublikası Konvensiyanın 46-cı maddəsinin 14-cü bəndi ilə əlaqədar bəyan edir ki, qarşılıqlı hüquqi yardım göstərilməsi barədə sorğular və onlara əlavə edilən sənədlər Azərbaycan dilinə tərcümə edilməklə BMT-nin rəsmi dillərindən olan rus və ya ingilis dilində təqdim oluna bilər.
6. Azərbaycan Respublikası Konvensiyanın 66-cı maddəsinin 3-cü bəndinə istinadən bildirir ki, o, özünü sözügedən Konvensiyanın 66-cı maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir.
© 2009-2022 De Jure.