Konstitusiya Məhkəməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Birinci fəsil
ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
1.2. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi,102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.[1]
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
5.1. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
5.2. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
İkinci fəsil
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN TƏŞKİLİNİN VƏ FƏALİYYƏTİNİN ƏSASLARI
6.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
6.2. Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır.
6.3. Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün hakimləri daxildir.
6.4. Konstitusiya Məhkəməsi Plenumunun iclasları bir qayda olaraq Konstitusiya Məhkəməsinin sədri tərəfindən çağırılır, bu Qanun və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada keçirilir.
6.5. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına Konstitusiya Məhkəməsinin sədri və ya onu əvəz edən şəxs sədrlik edir.
6.6. Bu qanunla başqa hallar müəyyən edilməyibsə, Konstitusiya Məhkəməsi Plenumunun iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir.
6.7. Palataların tərkibləri Konstitusiya Məhkəməsinin sədri tərəfindən müəyyən edilir.
6.8. Palataların təşkili, iclaslarının çağırılması və keçirilməsi qaydaları Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
6.9. Palataların iclasları azı 3 hakim iştirak etdikdə səlahiyyətlidir.
6.10. Konstitusiya Məhkəməsinin sədri və onun müavini eyni palatanın tərkibinə daxil ola bilməzlər.
6.11. Palataların iclaslarında Konstitusiya Məhkəməsinin hakimləri növbə ilə sədrlik edirlər. Bu sədrliyin ardıcıllığı palataların iclaslarında müəyyən edilir.
7.1. Konstitusiya Məhkəməsi palatalarının iclaslarında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III – VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair sorğuların, müraciətlərin və ya şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur.
7.2. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III – VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə mahiyyəti üzrə baxılır.
7.3. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II və III hissələrində, 107-ci və 153-cü maddələrində nəzərdə tutulmuş məsələlərə birbaşa Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında baxılır.
8.1. Konstitusiya Məhkəməsinin iclaslarında həll edilən məsələlər istisna olmaqla, Konstitusiya Məhkəməsinin daxili fəaliyyətinə dair və digər məsələlərin baxılıb həll edilməsi üçün Konstitusiya Məhkəməsi hakimlərinin yığıncaqları keçirilir.
8.2. Hakimlərin yığıncaqları Konstitusiya Məhkəməsinin sədri tərəfindən çağırılır. Hakimlərin yığıncağı hər hansı hakimin tələbi ilə də çağırıla bilər.
8.3. Hakimlərin yığıncağı Konstitusiya Məhkəməsinin azı 6 hakimi iştirak etdikdə səlahiyyətlidir.
8.4. Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı aşağıdakı məsələləri həll edir:
8.4.1. Konstitusiya Məhkəməsinin işinin təşkili üçün Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsini qəbul edir;
8.4.2. Konstitusiya Məhkəməsinin rəsmi embleminin, möhürünün, hakimlərin xüsusi geyimlərinin, döş nişanının təsvirini və vəsiqəsinin nümunəsini təsdiq edir;
8.4.3. Konstitusiya Məhkəməsinin saxlanması üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsinə dair təkliflər verir;
8.4.4. bu Qanunun 23-cü maddəsində nəzərdə tutulan hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələnin həlli üçün təklif verir;
8.4.5. digər təşkilati məsələləri həll edir.
8.5. Hakimlərin yığıncağı bu qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər üzrə hakimlərin səs çoxluğu ilə müvafiq qərarlar qəbul edir.
9.1. Konstitusiya Məhkəməsinin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Konstitusiya Məhkəməsinin rəsmi emblemidir.
9.2. Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclaslarında hakimlərin xüsusi geyimində (mantiyada), Azərbaycan Respublikası prezidentinin andiçmə mərasimində və digər dövlət tədbirlərində isə xüsusi rəsmi geyimdə olmalıdırlar.
10.1. Konstitusiya Məhkəməsi Bakı şəhərində yerləşir.
10.2. Konstitusiya Məhkəməsinin iclasları Konstitusiya Məhkəməsinin binasında keçirilir. Hər hansı səbəbdən Konstitusiya Məhkəməsinin iclaslarını Konstitusiya Məhkəməsinin binasında keçirmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi sədrinin sərəncamı ilə Konstitusiya Məhkəməsinin iclasları başqa yerdə keçirilə bilər.
10.3. Konstitusiya Məhkəməsi binasının rejimi Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Üçüncü fəsil
KONSTİTUSİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN STATUSU
11.1. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.
11.2. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. [2]
12.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
12.2. Konstitusiya Məhkəməsinin azı 7 hakimi təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər.
13.1. Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı məzmunda and içir:
"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm".
13.2. Konstitusiya Məhkəməsinin hakimi and içdiyi gündən öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
14.1. Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin edilirlər.
14.2. Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təkrarən təyin edilə bilməz.
14.3. Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.[3]
15.1. Konstitusiya Məhkəməsinin hakimləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.
15.2. Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyi onların səlahiyyət müddətində dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin edilməsinin, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının xüsusi qaydası ilə, Konstitusiya Məhkəməsinə hörmətsizlik göstərilməsinin və ya onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi ilə təmin olunur və onlara hakimlərin yüksək statusuna uyğun maddi və sosial təminatlar verilir.
16.1. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I-III hissələrinə görə Konstitusiya Məhkəməsinin hakimləri toxunulmazdır.
16.2. Konstitusiya Məhkəməsinin hakimi cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
16.3. Konstitusiya Məhkəməsi hakiminin cinayət başında yaxalanması halları istisna olunmaqla, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli və bu barədə Konstitusiya Məhkəməsinə, habelə Azərbaycan Respublikasının baş prokuroruna yazılı məlumat verilməlidir.
16.4. Konstitusiya Məhkəməsi hakiminin hərəkətlərində cinayət əməlinin əlamətləri olduqda, o, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada vəzifədən kənarlaşdırıla bilər.
16.5. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətləri onun barəsində məhkəmənin hökmü qanuni qüvvəyə minənədək və ya cinayət təqibi orqanı tərəfindən məhkəməyədək icraatın gedişində yekun qərar qəbul edilənədək dayandırılır.
16.6. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin hakiminə müəyyən edilmiş əməkhaqqını alır.
16.7. Konstitusiya Məhkəməsinin hakimi vəzifədən kənarlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsinin razılığı olduqda, Azərbaycan Respublikası baş prokurorunun qərarına əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb oluna və həbs edilə bilər.
16.8. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi barəsində bəraət hökmü çıxarıldıqda və ya məhkəməyədək icraatın gedişində cinayət təqibinə qanunvericiliklə müəyyən edilmiş bəraətverici əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur.
16.9. Konstitusiya Məhkəməsi hakiminin toxunulmazlığı onun evinin, mənzilinin, xidməti otağının, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, poçt-teleqraf yazışmalarının toxunulmazlığını da əhatə edir.
16.10. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
17.0. Konstitusiya Məhkəməsi hakimlərinin aşağıdakı hüquqları vardır:
17.0.1. Konstitusiya Məhkəməsinin iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək;
17.0.2. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
17.0.3. Konstitusiya Məhkəməsində məsələlərə baxılarkən məruzəçi-hakimə, işdə iştirak edən tərəflərə, maraqlı subyektlərə, şahidlərə və ekspertlərə suallar vermək;
17.0.4. qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, həmçinin hüquqi və fiziki şəxslərdən Konstitusiya Məhkəməsində baxılmağa hazırlanan məsələ ilə əlaqədar hər hansı sənədi və başqa məlumatı tələb etmək, habelə vəzifəli şəxslərin bu məsələyə dair izahatlarını dinləmək;
17.0.5. Konstitusiya Məhkəməsinin iclasında təqdim edilmiş vəsatətlər və materiallarla tanış olmaq;
17.0.6. hakimlərin müşavirə otağında Konstitusiya Məhkəməsinin qəbul ediləcək qərarına dair fikir söyləmək, qərarın lehinə və ya əleyhinə səs vermək;
17.0.7. Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda xüsusi rəyində qalmaq;
17.0.8. Konstitusiya Məhkəməsinin iclasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətlərdə keçirilməsini tələb etmək;
17.0.9. Bu qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
18.0. Konstitusiya Məhkəməsinin hakimləri öz fəaliyyətində:
18.0.1. Azərbaycan Respublikasının Konstitusiyasını və bu Qanunu rəhbər tutmalı;
18.0.2. Konstitusiya Məhkəməsində məsələlərə baxılarkən işlərə hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı;
18.0.3. Konstitusiya Məhkəməsinin iclaslarını üzürsüz səbəbdən buraxmamalı;
18.0.4. Konstitusiya Məhkəməsində baxılan məsələlər üzrə səsvermədə iştirak etməli;
18.0.5. Konstitusiya Məhkəməsi hakiminin yüksək adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
18.0.6. Bu qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmamalı;
18.0.7. Konstitusiya Məhkəməsində baxılan məsələ haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair fikir söyləməməlidirlər.
19.1. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid bütün məsələlərin həllində Konstitusiya Məhkəməsi hakimlərinin hüquqları bərabərdir.
19.2. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Konstitusiya Məhkəməsinin hakiminə mənsub olan bütün hüquqlara malikdirlər və bütün vəzifələri daşıyırlar.
20.1. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Konstitusiya Məhkəməsi hakimlərinin tərkibindən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq təyin edilirlər.
20.2. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini yalnız öz xahişinə görə vəzifədən azad edilirlər. Bu halda onlar Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində qalırlar.
21.0. Konstitusiya Məhkəməsinin sədri:
21.0.1. qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə, yerli özünüidarə orqanları ilə, xarici dövlətlər və beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Konstitusiya Məhkəməsini təmsil edir;
21.0.2. Konstitusiya Məhkəməsinin işini təşkil edir;
21.0.3. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına çıxarır;
21.0.4. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarını çağırır və iclaslarına sədrlik edir;
21.0.5. Konstitusiya Məhkəməsinin sədr müavininin həll etdiyi məsələlərin dairəsini müəyyənləşdirir;
21.0.6. palataların tərkiblərini müəyyən edir;
21.0.7. işlərin həcmini və sayını nəzərə almaqla hakimlər arasından bir və ya bir neçə məruzəçi-hakimi təyin edir;
21.0.8. Konstitusiya Məhkəməsinin saxlanması və fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə dair sərəncam verir;
21.0.9. Konstitusiya Məhkəməsinin aparatına rəhbərlik edir;
21.0.10. Konstitusiya Məhkəməsi aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, mükafatlandırır və onların intizam qaydasında cəzalandırılması məsələsini həll edir;
21.0.11. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Konstitusiya Məhkəməsi sədrinin müavini Konstitusiya Məhkəməsi sədrinin müəyyənləşdirdiyi məsələləri həll edir, Konstitusiya Məhkəməsinin sədri olmadıqda, yaxud öz vəzifələrini həyata keçirə bilmədikdə onu əvəz edir.
23.1. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
23.1.1. vəfat etdikdə;
23.1.2. vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə verdikdə;
23.1.2-1. 70 yaşına çatdıqda; [4]
23.1.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə; [5]
23.1.4. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
23.1.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq edildikdə;
23.1.6. məhkəmənin qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə;
23.1.7. bu qanunun 11-ci maddəsində nəzərdə tutulmuş Konstitusiya Məhkəməsinin hakimlərinə aid tələblərin pozulması aşkar edildikdə;
23.1.7-1. Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə; [6]
23.1.8. üzürsüz səbəbdən dalbadal üç dəfə və ya il ərzində üzürsüz səbəbdən on dəfə Konstitusiya Məhkəməsinin iclaslarında iştirak etmədikdə;
23.1.9. Konstitusiya Məhkəməsində baxılan məsələyə dair səsvermədə iştirak etməkdən imtina etdikdə;
23.1.10. altı aydan az olmayan müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirmədikdə və bu barədə xüsusi həkim komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda.
23.2. Bu qanunun 23.1.1-23.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələ birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilir.
23.3. Bu qanunun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələnin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilməsi üçün Konstitusiya Məhkəməsi təklif verir.
24.1. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddəti bitdikdə, yaxud bu qanunun 23.1.2-ci, 23.1.5-ci və ya 23.1.10-cu maddələrində nəzərdə tutulmuş hallarda səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.
24.2. İstefada olan Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini həyata keçirdiyi dövrdə fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb edilə bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb oluna bilməz.
Dördüncü fəsil
KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ HƏYATA KEÇİRİLƏN İCRAATIN PRİNSİPLƏRİ
Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar.
Konstitusiya ədalət mühakiməsi hər kəsin qanun və Konstitusiya Məhkəməsi qarşısında bərabərliyi əsasında həyata keçirilir.
27.1. Konstitusiya Məhkəməsində işlərin icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, Konstitusiya Məhkəməsi açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini müəyyən edir.
27.2. Konstitusiya Məhkəməsinin icraatı, bir qayda olaraq, şifahi aparılır. Tərəflərin və ya maraqlı subyektlərin razılığı olduqda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada işə yazılı prosedurla baxa bilər.
27.3. Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında məlumat iclasa azı beş gün qalmış rəsmi dövlət qəzetində dərc edilir. Təxirəsalınmaz hallarda bu qaydaya riayət etmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi iclasının keçirilməsi vaxtı haqqında məlumat televiziya və radio ilə elan edilir.
28.1. Konstitusiya məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi və çəkişməsi prinsipləri əsasında həyata keçirilir.
28.2. Konstitusiya Məhkəməsi konstitusiya məhkəmə icraatında tərəflərin sübutları və dəlilləri ilə bağlı deyildir və baxılan məsələlərin tam araşdırılmasına nail olmalıdır.
29.1. Konstitusiya Məhkəməsində həyata keçirilən icraat Azərbaycan Respublikasının dövlət dilində aparılır.
29.2. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur.
Konstitusiya Məhkəməsində işlərə kollegial qaydada baxılır.
Beşinci fəsil
KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ İCRAATIN BAŞLANMASI
31.0. Konstitusiya Məhkəməsində icraatın başlanması üçün səbəblər aşağıdakılardır:
31.0.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində və 130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair bu qanunun 32-35-ci maddələrinin tələblərinə cavab verən sorğu, müraciət və şikayətlər;
31.0.2. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II hissəsində, 107-ci maddəsində və 153-cü maddəsində nəzərdə tutulmuş hallar.[7]
32.1. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IV hissələrində, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
32.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğularına Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:
32.2.1. tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;
32.2.2. tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;
32.2.3. normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.
32.3. Bu qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş sorğu müvafiq məhkəmə aktının qüvvəyə mindiyi andan altı ay müddətində verilə bilər.
32.4. Sorğu Konstitusiya Məhkəməsinə yazılı şəkildə verilir. Sorğu səlahiyyətli şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında verildikdə isə onun rəhbəri tərəfindən imzalanır.
32.5. Sorğuda aşağıdakılar göstərilməlidir:
32.5.1. Konstitusiya Məhkəməsinin adı;
32.5.2. sorğuverənin adı, ünvanı;
32.5.3. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla, sorğuverənin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
32.5.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının, yaxud səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrdə iştirak edən dövlət orqanının adı və ünvanı;
32.5.5. Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ verən və Konstitusiya Məhkəməsi tərəfindən həmin sorğuya baxılması səlahiyyətini təsdiq edən Azərbaycan Respublikası Konstitusiyasının maddələri;
32.5.6. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının, həmçinin şərh edilməsi xahiş olunan normativ hüquqi aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;
32.5.7. məsələyə dair sorğuverənin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;
32.5.8. Konstitusiya Məhkəməsinə sorğu ilə əlaqədar ünvanlanmış xahiş;
32.5.9. sorğuya qoşulmuş sənədlərin siyahısı.
33.1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
33.2. Müraciət Konstitusiya Məhkəməsinə yazılı şəkildə göndərilir. Müraciət səlahiyyətli şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında verildikdə isə onun rəhbəri tərəfindən imzalanır.
33.3. Müraciətdə aşağıdakılar göstərilməlidir:
33.3.1. Konstitusiya Məhkəməsinin adı;
33.3.2. müraciət edən orqanın adı, ünvanı;
33.3.3. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla, müraciət edən orqanın nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
33.3.4. Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verən və Konstitusiya Məhkəməsi tərəfindən həmin müraciətə baxılması səlahiyyətini təsdiq edən Azərbaycan Respublikası Konstitusiyasının maddələri;
33.3.5. Konstitusiya Məhkəməsinə müraciətlə əlaqədar ünvanlanmış xahiş;
33.3.6. müraciətə qoşulmuş sənədlərin siyahısı.
33.4. Bu qanunun 33.3.1-33.3.6-cı maddələrində göstərilənlərdən başqa:
33.4.1. Azərbaycan Respublikası Milli Məclisinin müraciətində Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumatın mənbəyi göstərilməlidir;
33.4.2. məhkəmənin müraciətində şərh edilməsi xahiş olunan normativ hüquqi aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar göstərilməlidir.
34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
34.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:
34.2.1. tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;
34.2.2. tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;
34.2.3. normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.
34.3. Bu qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.
34.4. Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər:
34.4.1. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində; [8]
34.4.2. ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində.
34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
34.6. Şikayətdə aşağıdakılar göstərilməlidir:
34.6.1. Konstitusiya Məhkəməsinin adı;
34.6.2. şəxsin adı, soyadı, atasının adı, ünvanı;
34.6.3. şəxsin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
34.6.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının adı və ünvanı;
34.6.5. Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan Respublikası Konstitusiyasının və bu qanunun normaları;
34.6.6. mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;
34.6.7. məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;
34.6.8. Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış xahiş;
34.6.9. şikayətə qoşulmuş sənədlərin siyahısı.
34.7. Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:
34.7.1. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktı ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması;
34.7.2. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi, məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınmasının mümkün olmaması.
35.1. Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə aşağıdakılar qoşulur:
35.1.1. sorğu verənin, müraciət edənin və ya ərizəçinin qənaətinə görə işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;
35.1.2. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd, habelə şəxsin Konstitusiya Məhkəməsində nümayəndə kimi çıxış etmək hüququnu təsdiq edən sənədlərin surətləri;
35.1.3. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının, habelə şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surəti;
35.1.4. başqa dildə verilmiş bütün sənədlərin və digər materialların Azərbaycan dilinə tərcüməsi.
35.2. Sorğu və ya müraciətə həmçinin onları təqdim edən kollegial orqanın iclasında yetərsayın olması və həmin sorğu və ya müraciətin lazımi səs çoxluğu ilə qəbul olunmasını təsdiq edən sənədlər qoşulur.
35.3. Şikayətə həmçinin məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər qoşulur.
36.1. Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin bu qanunun 34.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənməsini Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir.
36.2. Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və müraciətlərlə əlaqədar, habelə bu qanunun 36.1-ci maddəsinə uyğun olaraq ilkin öyrənilmiş şikayətlərlə əlaqədar iclasın hazırlanması üçün bir və ya bir neçə hakim məruzəçi təyin edilir.
36.3. Məruzəçi-hakim aşağıdakı tədbirləri həyata keçirir:
36.3.1. məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri olan sənəd və materialları toplayır;
36.3.2. dövlət və özünüidarə orqanlarından məsələyə aid olan sənəd, material və işləri tələb edir;
36.3.3. sorğunu və ya şikayəti tərəflərə, başqa növ sənədi isə maraqlı subyektlərə təqdim edir və məsələyə dair onların yazılı mülahizələrini alır;
36.3.4. şahidlərin, ekspertlərin, digər şəxslərin iclasa çağırılmasını təşkil edir;
36.3.5. məsələyə baxılması üçün başqa zəruri tədbirləri həyata keçirir;
36.3.6. məsələ üzrə məruzə hazırlayır.
36.4. Məruzəçi-hakim Konstitusiya Məhkəməsində baxılmağa hazırlanan məsələ üzrə Konstitusiya Məhkəməsinin aparatına tapşırıq verə bilər.
36.5. Məruzəçi-hakim iclasın hazırlanması ilə əlaqədar bütün tədbirləri Konstitusiya Məhkəməsi adından həyata keçirir.
37.0. Sorğu, müraciət və ya şikayət aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmir:
37.0.1. sorğu, müraciət və ya şikayətin tərtibi bu qanunun tələblərinə uyğun olmadıqda;
37.0.2. məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olmadıqda;
37.0.3. sorğu, müraciət və ya şikayət belə hüquqa malik olmayan orqan və ya şəxs tərəfindən verildikdə;
37.0.4. sorğu və ya müraciət onun Konstitusiya Məhkəməsinə verilməsi barədə qərar qəbul etmiş kollegial orqanın iclasında yetərsay və lazımi səs çoxluğu olmadan verildikdə;
37.0.5. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər təqdim olunmadıqda;
37.0.6. məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda.
Konstitusiya Məhkəməsinə verilmiş sorğu, müraciət və ya şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilənədək geri götürüldükdə həmin sorğu, müraciət və ya şikayətə Konstitusiya Məhkəməsində baxılmır.
39.1. Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq mərhələsində konstitusiya işi tərtib olunur. Konstitusiya işinə aşağıdakı sənədlər daxil edilir:
39.1.1. konstitusiya işinin başlanmasına səbəb olan sorğu, müraciət və ya şikayət;
39.1.2. sorğuya, müraciətə və ya şikayətə qoşulan materiallar;
39.1.3. məruzəçi-hakimin konstitusiya işinə əlavə etdiyi materiallar;
39.1.4. konstitusiya işi üzrə ekspertin rəyi;
39.1.5. tərəflərin və ya maraqlı subyektlərin təqdim etdikləri əlavə materiallar;
39.1.6. konstitusiya işi ilə əlaqədar olan başqa sənədlər;
39.1.7. məruzəçi-hakimin məruzəsi.
39.2. Konstitusiya işi tərtib edildikdən sonra Konstitusiya Məhkəməsinin hakimləri onunla tanış ola bilərlər.
Altıncı fəsil
KONSTİTUSİYA İCRAATI
40.1. Konstitusiya Məhkəməsində icraat aşağıdakı üsullarla həyata keçirilir:
40.1.1. konstitusiya məhkəmə icraatı;
40.1.2. xüsusi konstitusiya icraatı.
40.2. Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir:
40.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğular və ya şikayətlər ilə əlaqədar işlərin icraatı;
40.2.2. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.
40.3. Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatının aşağıdakı növləri həyata keçirilir:
40.3.1. müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;[9]
40.3.2. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı;
40.3.3. yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar işlərin icraatı;
40.3.4. müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı; [10]
40.3.5. Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar işlərin icraatı;
40.3.6. Azərbaycan Respublikası prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı;
40.3.7. Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı;
40.3.8. Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı;
40.3.9. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün verilən sorğular və müraciətlər ilə əlaqədar işlərin icraatı;
40.3.10. Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.
41.1. Konstitusiya məhkəmə icraatının tərəfləri sorğuverənlər və cavabverənlərdir.
41.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və VII hissələrində göstərilən subyektlər konstitusiya məhkəmə icraatında sorğuverənlər ola bilərlər.
41.3. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsində göstərilən şəxslər konstitusiya məhkəmə icraatında tərəf kimi "ərizəçilər" adlandırılır.
41.4. Konstitusiya məhkəmə icraatında aşağıdakılar cavabverən ola bilərlər:
41.4.1. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş müvafiq dövlət və ya yerli özünüidarəetmə orqanı;
41.4.2. mübahisə olunan Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqaviləsini və ya Azərbaycan Respublikasının hökumətlərarası müqaviləsini imzalamış vəzifəli şəxs;
41.4.3. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı güman edilən pozuntuya yol vermiş müvafiq dövlət orqanı.
41.5. Konstitusiya məhkəmə icraatında sorğuverənləri (ərizəçiləri) və cavabverənləri onların nümayəndələri təmsil edə bilərlər.
42.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II və III hissələrində, 107-ci maddəsində, 130-cu maddəsinin IV və VI hissələrində və 153-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqədar Konstitusiya Məhkəməsinə sorğu və ya müraciət vermiş orqanlar və bu cür sorğu və ya müraciətlər əsasında mənafelərinə toxunulan orqanlar və şəxslər xüsusi konstitusiya icraatının maraqlı subyektləridir.[11]
42.2. Xüsusi konstitusiya icraatında maraqlı subyektləri onların nümayəndələri təmsil edə bilərlər.
43.1. Tərəflərin və maraqlı subyektlərin aşağıdakı hüquqları vardır:
43.1.1. Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək;
43.1.2. sübutları və digər materialları təqdim etmək;
43.1.3. işə baxılmasına dair vəsatət və təkliflər vermək;
43.1.4. onlara verilən suallara cavab vermək;
43.1.5. hakimlərə etirazlar etmək;
43.1.6. şahid və ekspertlərin dəvət olunmasını xahiş etmək;
43.1.7. Konstitusiya Məhkəməsi iclasının protokolu ilə tanış olmaq və ona dair öz qeydlərini bildirmək;
43.1.8. yekun çıxışı etmək.
43.2. Bu qanunun 43.1-ci maddəsində göstərilənlərdən başqa, tərəflərin həmçinin aşağıdakı hüquqları vardır:
43.2.1. Konstitusiya işinin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq;
43.2.2. sübutların tədqiqində iştirak etmək;
43.2.3. bir-birinə, şahidlərə və ekspertlərə suallar vermək;
43.2.4. başqa tərəfin vəsatətlərinə, sübutlarına və çıxışlarında söylədikləri fikirlərə etiraz etmək.
43.3. Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə hörmət etməli, konstitusiya icraatının tələblərinə riayət etməlidirlər. Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə çağırıldıqları vaxtda gəlməli, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal yerinə yetirməlidirlər.
44.1. Konstitusiya Məhkəməsinin iclasında baxılan konstitusiya işi üzrə hər hansı halı bilən şəxs şahid adlanır. Sorğuverənin, ərizəçinin, cavabverənin və ya maraqlı subyektin xahişi ilə və ya Konstitusiya Məhkəməsinin qərarı ilə şahid ifadə vermək üçün Konstitusiya Məhkəməsinin iclasına çağırıla bilər.
44.2. Şahid konstitusiya işi üzrə müəyyən edilməli olan ona məlum hallar haqqında ifadə verməlidir.
44.3. Şahid Konstitusiya Məhkəməsinə hörmət etməli, konstitusiya icraatının tələblərinə riayət etməlidir. Şahid Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal yerinə yetirməlidir.
44.4. Şahid bilə-bilə yalan ifadə verməyə və ya ifadə verməkdən boyun qaçırmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb oluna bilər.
45.1. Konstitusiya Məhkəməsi öz təşəbbüsü ilə və ya tərəflərin, yaxud maraqlı subyektlərin xahişi ilə Konstitusiya Məhkəməsinin iclasında baxılan məsələ üzrə elmi və ya başqa xüsusi biliyə malik olan şəxsi ekspert kimi dəvət edə bilər. Ekspert iş üzrə yazılı rəy təqdim edir.
45.2. Ekspert ona verilən suallara obyektiv və əsaslandırılmış cavab verməlidir. Ekspert suallara cavab vermək üçün Konstitusiya işinin materialları ilə tanış olmaq və zəruri əlavə materiallarla tanış edilmək haqqında vəsatətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Ekspert onda olan materialları verilmiş suallara cavab vermək üçün yetərli saymadıqda, yaxud verilmiş suallara cavab vermək üçün zəruri biliyə malik olmadıqda bu barədə Konstitusiya Məhkəməsinə xəbər verməlidir. Ekspert Konstitusiya Məhkəməsinin iclasında sədrlik edənin icazəsi ilə ona verilmiş suallara cavab vermək üçün tərəflərə, maraqlı subyektlərə və şahidlərə sual verə bilər.
45.3. Ekspert Konstitusiya Məhkəməsinə hörmət etməli, Konstitusiya icraatının tələblərinə riayət etməlidir. Ekspert Konstitusiya Məhkəməsinə çağırıldığı vaxtda gəlməli, Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal yerinə yetirməlidir.
45.4. Ekspert bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb oluna bilər.
46.1. Aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin hakimi işə baxılmasında iştirak edə bilməz və ya ona etiraz edilə bilər:
46.1.1. o, əvvəllər öz qulluq vəzifələrinə görə məsələ üzrə qərar qəbul edilməsində iştirak etdikdə;
46.1.2. o, tərəflərdən biri və ya tərəflərin birinin və ya onun nümayəndəsinin yaxın qohumu olduqda.
46.2. Etiraz əsaslandırılmalıdır.
46.3. Bu qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla Konstitusiya Məhkəməsinin hakiminə etiraz edilərsə, yaxud hakim özü-özünə etiraz edərsə, məhkəmə barəsində etiraz edilən hakimin və digər tərəfin fikirlərini öyrənir, bu məsələni müzakirə edərək etiraz edilmiş və ya özü-özünə etiraz etmiş hakimin iştirakı olmadan qərar qəbul edir.
47.1. Məhkəmə iclası aşağıdakı hallarda təxirə salına bilər:
47.1.1. məsələnin əlavə öyrənilməsinə ehtiyac olduqda;
47.1.2. yeni sübutları tədqiq etmək zərurəti yarandıqda;
47.1.3. yetərsay olmadıqda;
47.1.4. baxılan məsələnin tam araşdırılmasına maneə törədən başqa hallar olduqda.
47.2. Bu qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi iclasının keçiriləcəyi yeni tarixi təyin edir. Baxılması təxirə salınan iş üzrə iclas əvvəldən və ya onun təxirə salındığı andan başlayır.
48.1. Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra Konstitusiya Məhkəməsi iş üzrə xüsusi əhəmiyyət kəsb edən əlavə halların aşkar edilməsinin və ya yeni sübutların tədqiq edilməsinin zəruri olduğunu müəyyən edərsə, işə baxılmasının təzələnməsi haqqında qərardad çıxarır.
48.2. Əlavə tədqiqatların yekunlaşmasından sonra tərəflər və ya maraqlı subyektlər yalnız yeni baxılmış hallar və sübutlarla əlaqədar təkrar yekun çıxışları etmək hüququna malikdirlər.
Məhkəmə iclasının gedişində sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunması əsasları aşkar edildikdə, habelə sorğu, müraciət və ya şikayət geri götürüldükdə Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə icraata xitam verir.
50.1. Konstitusiya Məhkəməsində icraat ödənişsizdir.
50.2. Konstitusiya Məhkəməsində iş üzrə icraata çəkilən xərclər dövlət büdcəsindən ödənilir.
51.1. Məhkəmə iclasının katibi Konstitusiya Məhkəməsi iclasının protokolunu aparır. Konstitusiya Məhkəməsi iclasının protokolu konstitusiya işinin materiallarına daxil edilir.
51.2. Konstitusiya Məhkəməsi iclasının protokoluna dair qeydlər verildikdə Konstitusiya Məhkəməsi on gün ərzində həmin qeydlərə baxmalı və onların protokola daxil edilməsi, yaxud rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etməlidir.
Yeddinci fəsil
MÜXTƏLİF NÖV KONSTİTUSİYA İŞLƏRİ ÜZRƏ KONSTİTUSİYA İCRAATININ XÜSUSİYYƏTLƏRİ
52.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.
52.2. Sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.
52.3. Sorğu və ya şikayətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
52.4. Konstitusiya Məhkəməsinin Plenumu ağır və bərpaedilməz zərər vurulmasının qarşısının alınması məqsədi ilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək mübahisə olunan normativ hüquqi aktın və ya bələdiyyə aktının icrasının dayandırılmasına dair qərar qəbul edə bilər və tərəflərə mübahisənin məhkəməyədək nizamlanmasını təklif edə bilər.
53.1. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğu haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsinin palatalarının iclasına çıxarılır, sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.
53.2. Sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gün sorğuverən orqana və ya vəzifəli şəxsə göndərilir.
53.3. Sorğuya Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 30 gün keçənədək başlanmalıdır.
Maddə 53-1. Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri[12]
53-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
53-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.
53-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
53-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.
53-1.5. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.
53-1.6. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir.
54.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə görə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir.
54.2. Azərbaycan Respublikasının Milli Məclisinə ümumi seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
54.3. Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
54.4. Konstitusiya Məhkəməsi apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.[13]
54.5. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi tərəfindən dəvət edilmiş digər şəxslər iştirak edirlər.
54.6. Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edə bilər.
55.1. Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək 83 deputatın səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını təyin edir.
55.2. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da müəyyən etməlidir.
55.3. Bu məsələ haqqında Konstitusiya Məhkəməsinin Plenumunun qərarı hakimlərin azı 5 səs çoxluğu ilə qəbul edilir.
Maddə 55-1. Müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri[14]
55-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
55-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.
55-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
55-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.
55-1.5. Bu Qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.
55-1.6. Bu Qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir.
56.1. Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məsələyə Konstitusiya Məhkəməsinin Plenumunda baxılır.
56.2. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədləri öyrənir, apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.[15]
56.3. Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sənədlərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq edilməsi barədə qərar qəbul edir.
56.4. Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edir.
56.5. Bu qanunun 56.3-cü və 56.4-cü maddələrində nəzərdə tutulmuş qərarlar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 5 səs çoxluğu ilə qəbul edilir.
56.6. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.
57.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikasının prezidenti Konstitusiya Məhkəməsinə ərizə verir.
57.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin yazılı və imzalanmış istefa ərizəsinə baxmaqdan imtina edə bilməz.
57.3. Azərbaycan Respublikası prezidentinin istefa ərizəsinə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması ərizənin daxil olduğu gündən ən geci 3 gün keçənədək başlanmalıdır.
57.4. İstefa ərizəsini Azərbaycan Respublikası prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidentinin istefasının qəbul olunması haqqında qərar çıxarır.
57.5. İstefa ərizəsini Azərbaycan Respublikası prezidentinin özünün verdiyinə əmin olmadığı təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidentinin istefasının qəbul olunmaması haqqında qərar çıxarır.
57.6. Konstitusiya Məhkəməsinin Plenumu bu qanunun 57.4-cü və 57.5-ci maddələrində nəzərdə tutulmuş qərarları hakimlərin 5 səs çoxluğu ilə qəbul edir.
57.7. Bu qanunun 57.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının baş nazirinə göndərilir. Bu qanunun 57.5-ci maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının prezidentinə göndərilir.
58.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Milli Məclisinin müraciəti Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 3 gün keçənədək Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarılır, hakimlərin azı 5 səs çoxluğu ilə müraciətin icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur və həmin gün Azərbaycan Respublikasının prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
58.2. Müraciətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması onun icraata qəbul edildiyi gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
58.3. Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi ilə əlaqədar vəzifəsindən kənarlaşdırılması barədə Konstitusiya Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs çoxluğu ilə qəbul edilir.
58.4. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi faktını təsdiq etmədikdə, məsələ bununla bitmiş sayılır və bu barədə dərhal Azərbaycan Respublikasının prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə yazılı məlumat göndərilir.
59.1. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edə bilər.
59.2. Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması məsələsinə baxılmasını Konstitusiya Məhkəməsinin azı 3 hakimi təklif edə bilər. Həmin təklif yazılı şəkildə Konstitusiya Məhkəməsinin sədrinə verilməlidir. Təklif daxil olduğu gündən üç gün müddətində Konstitusiya Məhkəməsi Plenumunun iclası çağırılmalı və bu məsələyə baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu təklifi əsaslı saymazsa, bu barədə 5 hakimin səs çoxluğu ilə qərar qəbul edir.
59.3. Konstitusiya Məhkəməsinin Plenumu təklifi əsaslı saydığı halda Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olub-olmaması barədə rəy almaqdan ötrü məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərir. Bu barədə qərar Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs çoxluğu ilə qəbul edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi məsələyə daxil olduğu gündən 30 gün müddətində baxmalı və Konstitusiya Məhkəməsinə yazılı rəy göndərməlidir.
59.4. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olması qənaətinə gəlmədikdə məsələ bununla bitmiş sayılır.
59.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olması ilə əlaqədar vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış etmək haqqında 7 hakimin səs çoxluğu ilə qərar qəbul edə bilər. Bu cür qərar qəbul edildikdə dərhal Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
59.6. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul etdikdə, həmin qərar və onun əsasında qəbul edilmiş müraciət dərhal Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin qərarını və müraciətini aldığı gündən 7 gün ərzində həmin qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərinə riayət olunmasını yoxlayır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında qərarını 7 hakimin səs çoxluğu ilə qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarını Konstitusiya Məhkəməsinin sədri imzalayır.
59.7. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında qərar qəbul etməzsə, Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvəyə minmir.
60.1. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya müraciət haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.
60.2. Sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverən orqana və ya vəzifəli şəxsə göndərilir.
60.3. Sorğuya və ya müraciətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
61.1. Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif verərlərsə, bu barədə Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır.
61.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair rəy verməkdən imtina edə bilməz.
61.3. Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası prezidentinin təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
61.4. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir.
61.5. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.
Səkkizinci fəsil
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN AKTLARI
62.1. Konstitusiya Məhkəməsi palatalarının iclaslarında qərardadlar, plenumunun iclaslarında isə qərar və qərardadlar qəbul edilir.
62.2. Konstitusiya Məhkəməsinin aktları hakimlərin müşavirə otağında qəbul edilir.
63.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarı konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin gəldiyi qənaəti əks etdirən və Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında qəbul edilən yazılı sənəddir.
63.2. Konstitusiya Məhkəməsi Plenumunun qərarı, Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunla başqa qayda nəzərdə tutulmayıbsa, 5 hakimin səs çoxluğu ilə qəbul edilir.
63.3. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır.
63.4. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
63.5. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarları plenumun iclasına sədrlik edən imzalayır və bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsinin iclasında elan edir.
64.1. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.
64.2. Hakimin xüsusi rəyi Konstitusiya Məhkəməsinin qərarı ilə birlikdə dərc edilir.
65.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.
65.2. Konstitusiya Məhkəməsi qərarının giriş hissəsində aşağıdakılar göstərilir:
65.2.1. qərarın adı;
65.2.2. qərarın çıxarılması tarixi və yeri;
65.2.3. Konstitusiya Məhkəməsi hakimlərinin tərkibi, məhkəmə iclasının katibi, tərəflər, maraqlı subyektlər və işdə iştirak edən digər şəxslər;
65.2.4. konstitusiya icraatının üsulu və bu icraatın başlanması üçün səbəblər.
65.3. Konstitusiya Məhkəməsi Plenumunun qərarının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:
65.3.1. sorğu, müraciət və ya şikayətin qısa məzmunu və Konstitusiya Məhkəməsinə ünvanlanmış xahiş;
65.3.2. konstitusiya işində olan sənədlər haqqında məlumat;
65.3.3. konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar;
65.3.4. qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri;
65.3.5. konstitusiya işinə dair Konstitusiya Məhkəməsinin qənaətini əsaslandıran mülahizələr;
65.4. Konstitusiya Məhkəməsi qərarının nəticə hissəsində aşağıdakılar göstərilir:
65.4.1. Konstitusiya işinə dair Konstitusiya Məhkəməsinin qənaəti;
65.4.2. qərarın dərc edilməsi və qüvvəyə minməsi vaxtı.
66.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.
66.2. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
66.3. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
66.4. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
66.5. Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.
67.0. Konstitusiya Məhkəməsinin qərarları aşağıda göstərilən vaxtlardan qüvvəyə minir:
67.0.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar - qərarın özündə göstərilən vaxtdan;
67.0.2. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarlar - dərc olunduğu gündən;
67.0.3. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid başqa məsələlər barədə qərarlar - elan olunduğu andan.
68.1. Konstitusiya Məhkəməsinin palataları sorğunun, müraciətin və ya şikayətin baxılmaq üçün qəbul edilməsi barədə, Konstitusiya Məhkəməsinin Plenumu isə Plenumun iclaslarında yaranan məsələlərin həlli üçün və bu qanunla nəzərdə tutulmuş başqa hallarda qərardadlar qəbul edirlər.
68.2. Konstitusiya Məhkəməsi Plenumunun qərardadları azı 5 hakimin səs çoxluğu ilə, palatalarının qərardadları isə hakimlərin səs çoxluğu ilə qəbul edilir.
68.3. Konstitusiya işinə baxılarkən qəbul edilmiş qərardadlar Konstitusiya Məhkəməsi iclasının protokolunda əks olunur.
68.4. Konstitusiya Məhkəməsi palatalarının və plenumunun qərardadları müvafiq olaraq sədrlik edən tərəfindən imzalanır və bir qayda olaraq, 5 gün müddətində Konstitusiya Məhkəməsinin iclaslarında elan edilir.
69.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.
69.2. Konstitusiya Məhkəməsi Plenumunun qərarları və Konstitusiya Məhkəməsi tərəfindən dərc edilməsi zəruri sayılan qərardadları, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı başqa materiallar "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı"nda dərc olunur.
Doqquzuncu fəsil
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ TƏMİNATLARI
70.1. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. [16]
70.2. Konstitusiya Məhkəməsinin saxlanılması üçün ayrılan illik vəsait məhkəmənin normal fəaliyyət göstərməsinə yönələn zəruri xərcləri özündə birləşdirir.
70.3. Konstitusiya Məhkəməsinin hər növbəti il üçün saxlanılması xərclərinin həcminə dair təkliflər Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsinə daxil edilmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.
71.1. Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir.[18]
71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2120 manatdır.[19]
71.3. Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir.[20]
71.4. Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.[21]
72.1. Konstitusiya Məhkəməsinin hakiminə hər il 40 təqvim günü müddətində əmək məzuniyyəti verilir.
72.2. Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə çıxdığı vaxt dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq əmək haqqı məbləğində müavinət verilir. [22]
72.3. Konstitusiya Məhkəməsinin hakiminə əmək məzuniyyətini Konstitusiya Məhkəməsinin sədri verir.
73.1. Konstitusiya Məhkəməsinin hakimi hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.
73.2. Konstitusiya Məhkəməsi hakiminin həyatı və sağlamlığı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına onun 5 illik əmək haqqı məbləğində sığorta edilir. [23]
73.3. Konstitusiya Məhkəməsinin hakiminə və ya onun ailə üzvlərinə məxsus əmlakın hakimlik fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimə və ya onun ailə üzvlərinə tam həcmdə ödənilir. Bu ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.
73.4. Zəruri hallarda Konstitusiya Məhkəməsi hakimlərinin təhlükəsizliyi digər hakimlər üçün qanunvericilikdə nəzərdə tutulan qaydada təmin edilir.
73.5. Bakı şəhərində mənzili olmayan Konstitusiya Məhkəməsinin hakiminə mənzil verilir.
73.6. Konstitusiya Məhkəməsi hakimlərinin müalicəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət verilir. [24]
73.7. Pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Konstitusiya Məhkəməsinin sabiq hakiminin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [25]
73.8. Pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq pul təminatı alır.[26]
74.1. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi, təşkilati, informasiya təminatını Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir.
74.2. Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
74.3. Konstitusiya Məhkəməsi aparatının strukturunu, habelə dövlət büdcəsində Konstitusiya Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş xərclər çərçivəsində aparatın ştat cədvəlini, xərclərinin smetasını Konstitusiya Məhkəməsinin sədri müəyyən edir. [27]
75.0. Konstitusiya Məhkəməsinin aparatı:
75.0.1. Konstitusiya Məhkəməsinin və onun hakimlərinin işini təmin edir;
75.0.2. Konstitusiya Məhkəməsinin işi üçün zəruri olan arayışları və başqa informasiya məlumatlarını hazırlayır;
75.0.3. Konstitusiya Məhkəməsini məhkəmə iclas katibləri ilə təmin edir;
75.0.4. Konstitusiya Məhkəməsinin kargüzarlığını aparır;
75.0.5. vətəndaşların qəbulunu təşkil edir;
75.0.6. müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətləri ilkin öyrənir;
75.0.7. Konstitusiya Məhkəməsi sənədlərinin qeydiyyatını və saxlanılmasını təmin edir;
75.0.8. Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə əlaqədar Konstitusiya Məhkəməsi sədrinin, sədr müavininin və hakimlərin ayrı-ayrı tapşırıqlarını yerinə yetirir;
75.0.9. Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə əlaqədar başqa vəzifələri həyata keçirir.
76.1. Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin işlər idarəsi həyata keçirir.
76.2. Konstitusiya Məhkəməsinin işlər idarəsi Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin işlər idarəsi haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
77.1. Konstitusiya Məhkəməsi aparatının və işlər idarəsinin işçilərini Konstitusiya Məhkəməsinin sədri işə götürür və işdən azad edir.
77.2. Konstitusiya Məhkəməsi aparatının və işlər idarəsinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının dövlət qulluğu haqqında qanunvericiliyi və müvafiq olaraq Konstitusiya Məhkəməsinin aparatı haqqında və Konstitusiya Məhkəməsinin işlər idarəsi haqqında əsasnamələrlə müəyyən edilir.
Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.
79.1. Bu qanunun 14-cü maddəsi bu qanun qüvvəyə mindikdən sonra təyin edilən Konstitusiya Məhkəməsinin hakimlərinə şamil edilir. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddəti bundan əvvəl qüvvədə olunmuş 1997-ci il 21 oktyabr tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 10 ildir. Bu Qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.[28]
79.2. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsinin hakimləri bu qanunun müddəalarına uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə yenidən təyin edilə bilərlər.
79.3. Bu qanunun qüvvəyə mindiyi gündən "Konstitusiya Məhkəməsi haqqında" 1997-ci il 21 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 19; 2001-ci il, № 5, maddə 292; 2002-ci il, № 1, maddə 4; № 8, maddə 463; 12, maddə 701) qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2003-cü il
№ 561-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)
2. 1 sentyabr 2004-cü il tarixli 725-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 688)
3. 10 aprel 2007-ci il tarixli 305-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 320)
4. 8 may 2007-ci il tarixli 330-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 446)
5. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712)
6. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)
7. 13 iyun 2008-ci il tarixli 636-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 470)
8. 4 iyul 2008-ci il tarixli 664-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 608)
9. 18 iyun 2010-cu il tarixli 1033-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 590)
10. 18 mart 2011-ci il tarixli 93-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2011-ci il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 266)
11. 30 sentyabr 2011-ci il tarixli 202-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, № 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 11, maddə 982)
12. 22 may 2012-ci il tarixli 360-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 iyun 2012-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 521)
13. 27 dekabr 2013-cü il tarixli 855-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 84)
14. 03 aprel 2015-ci il tarixli 1244-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 may 2015-ci il, № 96)
© 2009-2022 De Jure.