Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat məbləğində müəyyən edilsin.
2. Cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən edilsin.
3. Cinayət mühakimə icraatı zamanı mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən edilsin.
4. Bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir.
5. Bu qərarın 1-ci və 4-cü bəndləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 376.3-cü maddəsində nəzərdə tutulmuş həmçinin mülki mühakimə icraatı zamanı kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına, həmçinin mülki mühakimə icraatı zamanı kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Ədliyyə Nazirliyi ilə birlikdə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 8 iyul tarixli 264 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 fevral 2001-ci il
№ 31
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512)
2. 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512)
3. 27 sentyabr 2002-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 580)
4. 9 avqust 2006-cı il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 730)
5. 24 sentyabr 2009-cu il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 755)
6. 27 yanvar 2010-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №1, maddə 67)
© 2009-2022 De Jure.