Tənzimlənən qiymətlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun qiymətlərin və tariflərin (bundan sonra qiymətlər) tənzimlənməsi sahəsində dövlət siyasətinin və bu sahədə yaranan münasibətlərin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Maddə 1. Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, "Təbii inhisarlar haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Qiymət - məhsulun (malın, işin, xidmətin) pulla ifadə olunan dəyəridir;
2.1.2. Qiymətlərin dövlət tənzimlənməsi - qiymətlərin əmələ gəlməsi və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etməklə qiymətlərin müəyyən edilməsidir;
2.1.3. Qiymətin əmələ gəlməsi - müvafiq normativ hüquqi sənədlər, tələb-təklif və qiymətə təsir göstərə bilən amillər əsasında qiymətlərin formalaşmasıdır;
2.1.4. Tənzimlənən qiymət - səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətdir;
2.1.5. Bazar qiyməti - tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiymətdir.
2.1.6. Tənzimləyici orqan – qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı.
2.2. Bu qanunda istifadə edilən mülki, iqtisadi və digər qanunvericilik sahələrinə aid anlayışlar müvafiq qanunvericilik aktlarında istifadə edilən mənalarda tətbiq olunurlar.
Maddə 3. Tənzimlənən qiymətlərin tətbiqi dairəsi
3.1. Tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətdiq edilir.
3.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarının (malların, işlərin, xidmətlərin) siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
3.3. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara (mallara, işlərə, xidmətlərə) müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.
3.4. Bu qanunun müddəaları qiymətləri tənzimlənməyən məhsullara (mallara, işlərə, xidmətlərə) şamil edilmir.
Maddə 4. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri
4.0. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri aşağıdakılardır:
4.0.1. tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi baxımından həyata keçirilməsi;
4.0.2. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması;
4.0.3. inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;
4.0.4. təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial-iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması;
4.0.5. dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin dünya bazar qiymətlərinin nəzərə alınması;
4.0.6. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınması;
4.0.7. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi;
4.0.8. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi;
4.0.9. qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılması;
4.0.10. qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə edilməsi.
Maddə 5. Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələri
5.0. Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
5.0.1. qiymətlərin tənzimlənməsi sahəsində dövlətin siyasətini müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək;
5.0.2. qiymətlərin tənzimlənməsi, tətbiqi və onlara nəzarət edilməsinə dair qanunvericilik aktlarını qəbul etmək;
5.0.3. tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi, dəyişdirilməsi, tənzimlənməsinin dayandınlması və qiymətin əmələ gəlməsi qaydalarını müəyyən etmək;
5.0.4. yerli istehsalın intensiv inkişafına əlverişli şərait yaratmaq və daxili bazarın qorunmasını təmin etmək;
5.0.5. yüksək mənfəət əldə etmək məqsədilə qiymətlərin səviyyəsinin əsassız olaraq artırılmasının qarşısını almaq və dövlətin iqtisadi maraqlarını təmin etmək;
5.0.6. dövlət ehtiyaclarını ödəmək üçün büdcə vəsaitinin məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etmək;
5.0.7. qiymətlərin tənzimlənməsi ilə əlaqədar tənzimləyici orqan ilə qiymətin əmələ gəlməsi subyekti arasında meydana çıxan məsələlərə baxmaq və qərar qəbul etmək.
Maddə 6. Qiymətlərin tənzimlənməsi üsulları
6.1. Qiymətlərin tənzimlənməsi aşağıdakı üsullardan istifadə etməklə həyata keçirilir:
6.1.1. qiymətləri təsdiq etməklə;
6.1.2. qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla;
6.1.3. qiymətdə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla;
6.1.4. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə;
6.1.5. imtiyazlı (güzəştli) kreditlər verməklə;
6.1.6. dövlət büdcəsindən subsidiya verməklə;
6.1.7. tənzimlənən qiymətlərin tətbiq edildiyi məhsulun (malın, işin, xidmətin) qiymətlərini müxtəlif istehlakçı qrupları üzrə fərqləndirməklə.
6.2. Qiymətlərin tənzimlənməsi üsulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən seçilir və tətbiq olunur.
Maddə 7. Qiymətlərin tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri və hüquqları
7.1. Qiymətlərin tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri aşağıdakılardır:
7.1.1. qiymətlərin tənzimlənməsini həyata keçirmək;
7.1.2. qiymətlərin tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;
7.1.3. qiymətlərin əmələ gəlməsi və tənzimlənməsi sahəsində dövlət siyasətini müəyyənləşdirən normativ hüquqi aktlara dair təkliflər vermək;
7.1.4. qiymətlərin tənzimlənməsi və onlara nəzarət sahəsində icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək və onlara metodiki köməklik göstərmək;
7.1.5. qiymətin əmələ gəlməsi və tətbiqi ilə bağlı meydana çıxan məsələlərə dair rəy vermək;
7.1.6. antiinhisar qanunvericiliyinə uyğun olaraq, zərurət yarandığı hallarda qiymətin əmələ gəlməsi subyektinin istehsal xərclərinin kənar amillər hesabına artırılmasının qarşısının alınmasını təmin etmək.
7.2. Qiymətlərin tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquqları aşağıdakılardır:
7.2.1. qiymətlərin tənzimlənməsi sahəsində icrası məcburi olan qərarlar qəbul etmək;
7.2.2. müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qiymətin əmələ gəlməsinin əsaslandırılması üzrə məlumatları təsərrüfat subyektindən, habelə əlaqədar icra hakimiyyəti orqanlarındar tələb etmək;
7.2.3. zəruri hallarda ekspert və mütəxəssislər dəvət etmək;
7.2.4. məhsulun (malın, işin, xidmətin) istehsalına və satışına aid edilən xərclərin əsassız artırılmasının qarşısını almaq və onlara məhdudiyyətlər tətbiq etmək;
7.2.5. tənzimlənən qiymətlərin əmələ gəlməsi və tətbiqi qaydalarına nəzarət etmək;
7.2.6. qanunvericiliklə müəyyən olunmuş tənzimlənən qiymətlərin tətbiqi qaydalarının pozulmasına görə müvafiq sanksiyalar tətbiq etmək.
Maddə 8. Məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən təsərrüfat subyektlərinin vəzifələri və hüquqları
8.1. Məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən təsərrüfat subyektlərinin vəzifələri aşağıdakılardır:
8.1.1. qiymətlərin tənzimlənməsinə dair qərarları yerinə yetirmək;
8.1.2. tənzimlənən qiymətlərin əmələ gəlməsi və tətbiqi qaydalarının, eləcə də qiymətin tərkib hissəsini təşkil edən xərclərin iqtisadi cəhətdən əsaslandırılmasını təmin etmək;
8.1.3. qiymətlərin tənzimlənməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək;
8.1.4. tənzimlənən qiymətlərin səviyyəsinin dəyişməsi barədə məlumatların kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etmək.
8.2. Məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətlərin tənzimlənən təsərrüfat subyektlərinin hüquqları aşağıdakılardır:
8.2.1. qiymətlərin tənzimlənməsi prosesində iştirak etmək;
8.2.2. dövlətin qiymət siyasətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
8.2.3. qiymətlərin tənzimlənməsinə dair qəbul edilmiş qərarlardan qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;
8.2.4. hər ilin sonunda tənzimlənən qiymətlər və onların səviyyəsinin dəyişməsi barədə analitik təhlili məlumatların toplu şəklində nəşrini təmin etmək.
Maddə 9. Qanunun pozulmasına görə məsuliyyət
9.1. Hüquqi şəxslər və onların rəhbərləri, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər müvafiq məhsullara (mallara, işlərə, xidmətlərə) tənzimlənən qiymətlərin düzgün tətbiq olunmasına və qiymətləri tənzimlənən məhsullara (mallara, işlərə, xidmətlərə) sərbəst qiymətlərin tətbiq edilməsinə görə məsuliyyət daşıyırlar.
9.2. Tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslərin əldə etdikləri əlavə gəlir dövlət büdcəsinə köçürülür.
9.3. Hüquqi şəxslərin rəhbərləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
9.4. Qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri bu qanunun pozulmasına görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
9.5. Bu qanunun müəddalarına zidd olaraq müəyyən edilmiş qiymətlər, qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ləğv edilir.
Maddə 10. Mübahisələrə baxılma qaydası
Qiymətlərin tənzimlənməsi ilə bağlı yaranan mübahisələrə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məhkəmədə baxılır.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2003-cü il
№ 462-IIQ
© 2009-2022 De Jure.